29 noyabr 2024 02:58
120

Korsika problemi: Fransa özünü ifşa edir

Korsika xalqı ilə Fransa hökumətləri arasında əsrlər boyu davam edən anlaşılmazlıq və gərginliklər mərkəzi hakimiyyəti narahat edən əsas məsələlərdən biri olub. Əksər hallarda əvvəlki Fransa hökumətləri korsikalı həmkarları ilə ən həssas məsələlərdə kompromis tapmağı bacarırdılar. Lakin bu dəfə hər şey fərqlidir. Korsika müxalifətinin fikrincə, son illər adada fərqli düşünən insanlara qarşı repressiyalar güclənib. Bu arada xatırladaq ki, 2024-cü il yanvarın 28-də Korsikada 700-ə yaxın insan müstəqillik uğrunda mübarizə aparan strukturları və fəalları birləşdirən, Fransa müstəmləkə hökmranlığına qarşı mübarizəyə sadiqliyini təsdiqləyən yeni “Nazione” hərəkatını təsis edib. Başqa ölkələrin daxili işlərinə kobud müdaxilələr etməyə çalışan, kağız üzərində demokratik adlanan rəsmi Paris Korsikada insanların fikirlərini azad şəkildə ifadə etmək hüququna hörmət göstərməyərək, hərəkatın yaranmasından iki gün sonra “Nazione”nin fəallarına qarşı təqiblərə başlayıb. Yanvarın 30-da “Nazione”nin iki fəalı Fransa Milli Terrorla Mübarizə Prokurorluğunun göstərişi ilə həbs edilərək, əvvəlcə Borgu hərbi düşərgəsinə, oradan isə terrorçu kimi Parisə aparılıb. Fransa polisi “Nazione”nin fəallarının evlərinə hücum çəkərək qapıları partlayıcılarla dağıdıb, uşaqlarının gözü önündə atalarına fiziki zor tətbiq edib, evlərini dağıdıb. Polisin qanunsuz təqibləri bu gün də davam edir və Korsika xalqını qorxutmaq məqsədi daşıyır. Keçmiş siyasi məhbusları bir araya gətirən “Patriotti” kollektivi və siyasi dustaqları müdafiə edən “Associu Sulidarita” assosiasiyaları Korsika xalqını bunlara qarşı etiraza çağırır. “Patriotti” kollektivinin sözçüsü Jan-Filip Antolini bildirib: “Korsika xalqının elementar, fundamental hüquqlarının tanınmasını tələb edirik. Bu gün bu hüquqlar tanınmır. Xalqımızın ona məxsus bu torpaqlarda ləyaqətlə işləməsini tələb edirik. Fransa dövləti Korsikaya miqrantlar yerləşdirməklə adanın demoqrafik tərkibini dəyişir. Son illər ərzində Korsikanın əhalisinin sayı 40 faiz artıb və bu, yalnız miqrantların gəlməsi hesabına baş verib. Hansı ölkə belə vəziyyəti qəbul edər?! Bu, xalqımızın, onun dilinin, mədəniyyətinin yoxa çıxmasına aparır. Ona görə xalqımızın hüquqlarının tanınmasını istəyirik”.

Bu günlərdə Fransa məhkəməsi Aralıq dənizindəki adanın yerli məclislərində Korsika dilinin istifadəsini qadağan edib ki, bu da onun müstəqillik hərəkatına zərbədir. Marsel İnzibati Apellyasiya Məhkəməsinin qərarında deyilir ki, ölkənin məclislərində fransız dilindən başqa hər hansı bir dilin istifadəsi konstitusiya ilə qadağandır. Məhkəmə 1958-ci il Fransa Konstitusiyasından sitat gətirərək bildirib: "Respublikanın dili fransızcadır və dövlət qulluğunda olan hər kəs tərəfindən istifadə edilməlidir". Fransada hələ də korsika, elzas, bask, breton və digərləri daxil olmaqla onlarla regional dildə danışılır. İnqilabdan bəri Fransa hökumətləri bu dilləri məhdudlaşdırmağa çalışıb, çünki onların Parisdən daha çox siyasi muxtariyyət istəyinə səbəb olduğu düşünülüb. Keçən həftə prezident Emmanuel Makron "regional dillərin milləti bölmək üçün alət olduğunu" bəyan edib. Göründüyü kimi, 150 mindən artıq insanın danışdığı Korsika dilini məhv etmək siyasəti yürütməklə Korsika xalqının milli kimliyini unutdurmağa çalışan Fransa insan haqları və milli azlıqların hüquqları ilə bağlı götürdüyü beynəlxalq öhdəlikləri açıq-aşkar və güc tətbiqi ilə pozmaqda davam edir. Fransa öz ərazisində yaşayan xalqların milli kimliyini inkar edir, yalnız “fransız” anlayışını qəbul edir ki, bunun özü şovinizmdir.

Qeyd edək ki, Napoleon Bonapartın doğulduğu, dilinə və mədəniyyətinə görə Fransanın digər bölgələrindən fərqlənən, coğrafi baxımdan İtaliyaya daha yaxın olan Korsika bu günə qədər qaynar ictimai-siyasi proseslərə ev sahibliyi edib. Mərkəzi hakimiyyətin hədəfinə çevrilən Korsika Fransanın 18 bölgəsindən biri sayılır. 350 min əhalisi olan ada məhdud muxtariyyəti təmin edən xüsusi regional status ilə idarə olunur. Fransanın ən yoxsul bölgəsi olan Korsika adasının sakinlərinin tələbləri bəllidir - muxtariyyətin genişləndirilməsi, siyasi məhbuslara amnistiya, Fransa Konstitusiyasında Korsikaya xüsusi yer ayrılması, Korsika dilinin Konstitusiyada rəsmi dil kimi təsbit olunması və s. Bir fakti da qeyd edək ki, 1755-ci ildə uzun illər davam etmiş azadlıq mübarizəsindən sonra Paskal Paoli tərəfindən əsası qoyulmuş müstəqil Korsika Respublikası mövcudluğunun ilk illərində bir sıra tarixi siyasi “ilk”lərə imza atıb. Onun Konstitusiyası maarifçilik dövrünün prinsiplərinə uyğun şəkildə hazırlanmış müasir tipli ilk Avropa Konstitusiyası idi. Elə həmin Konstitusiyada Yer üzünün tarixdə ilk dəfə qadınlara seçki hüququ tanınmışdı. Korsika Respublikası dünyanın ilk müasir demokratiyası hesab olunurdu. Lakin demokratiya və azadlıq erasının ilk qaranquşu çox yaşamadı. Cəmi 14 il sonra, 1769-cu ildə Fransa adanı işğal edib, Korsikanı özünün müstəmləkəsi elan etdi. Elə o zamandan etibarən korsikalılar öz azadlıqları uğrunda mücadilə aparır, lakin hələ də Fransa işğalından yaxa qurtara bilmirlər. İki əsrdən çoxdur ki onların azadlıq mübarizəsi Fransa hökuməti tərəfindən amansızlıqla boğulur, ictimai fəallar uydurma ittihamlar əsasında həbs edilir, dözülməz fiziki və mənəvi işgəncələrə məruz qalırlar. Hətta həbsxanadan buraxıldıqdan sonra da təqiblər davam etdirilir, onların adları terrorçular siyahısına salınır və daimi polis nəzarəti altında yaşamalı olurlar.

Sevinc Azadi, “İki sahil”