Cəmiyyətimizdə mövcud yekdil fikir belədir ki, həm ölkə daxilindəki dağıdıcı müxalifət düşərgəsinin təmsilçilərinin, həm də Avropanın ayrı-ayrı ölkələrində sərsəri, iyrənc həyat tərzi keçirən, antimilli ünsürlərin ölkəmizin əleyhinə aparılan şər-böhtan, “qara piar” kampaniyasının hərəkətverici qüvvəsi və siyasi trolları rolunda çıxış etməsi həyasızlığın, əxlaqsızlığın və xəyanətkarlığın ən pik nöqtəsidir
Zaman-zaman “demokratiya”, “insan haqları” kimi məfhumlardan ölkəmizə qarşı siyasi manipulyasiya, ideoloji təzyiq aləti kimi faydalanmağa çalışan anti-Azərbaycan dairələrin maşası olan radikal müxalifət zümrəsinin əsas məqsədi milli-mənəvi, eləcə də ideoloji dayaqlarımıza zərbə vurmaq, ictimai fikri yanlış istiqamətə yönləndirməkdir. Məkrli mərkəzlərdən ölkəmizə qarşı ideoloji təxribat aparmaq tapşırığını alan bu xəyanətkarların son zamanlarda sosial şəbəkələrdəki antimilli fəaliyyəti bir daha göstərir ki, onlar bu istiqamətdə erməni lobbisinin təsiri altında olan mərkəzlərlə eyni müstəvini bölüşürlər.
Əsassız iddialarla, şər-böhtan, uydurma yalanlarla, həqiqətlə daban-dabana zidd olan informasiyalarla silahlanan, AXCP sədri Əli Kərimlinin ətrafında toplaşan bu nihilist, qaragüruhçular həm ölkəmizin nüfuzuna zərbə vurmaq, həm də COP-29 kimi nüfuzlu beynəlxalq tədbirin Bakıda davam etdiyi günlərdə Azərbaycanın imicinə ləkə yaxmaq, süni ajiotaj yaratmaq üçün min bir oyundan çıxdılar. Total qarayaxma kampaniyasına və boykot şağırışlarına baxmayaraq ölkəmizin ən yüksək səviyyədə ev sahibliyi etdiyi bu mötəbər tədbir uğurla başa çatdı və antimlli ünsürlərin arzuları gözlərində qaldı.
AXCP sədri Əli Kərimlinin qaragüruhçu dəstəsi ilə yanaşı, “siyasi mühacir” adı ilə Qərbin ayrı-ayrı ölkələrində sığınacaq tapan və xarici xüsusi xidmət orqanlarının təsiri altında olan təşkilatların bəslədikləri mənəviyyatsız anarxistlər zümrəsinin tipik nümayəndələrindən olan Qənimət Zahidin “Azərbaycan saatı”nda, Sevinc Osmanqızının “Osmanqızı tv”də tez -tez zühur edən Arif Yunus, Arif Şahmarlı kimi siyasi avantüristlər indi də Qərbdəki ağalarının göstərişi ilə Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salmaq üçün hərəkətə keçiblər. Bu üzdəniraq “qrant şəbəkəsi” son zamanlar iki qardaş ölkə arasındakı münasibətlərdə narazılıq, soyuqluq olması ilə bağlı həqiqətdən uzaq qərəzli fikirləri, cəfəngiyyatları cəmiyyətə həqiqət adına təlqin etməyə çalışır.
Bu gün təkcə region deyil, bütövlükdə Avrasiya məkanı üçün önəmli amilə çevrilən müttəfiqlik səviyyəsindəki Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı reallıqlar barədə mətbuata açıqlama verən qardaş ölkənin respublikamızdakı keçmiş hərbi attaşesi, general Yücel Karauz bildirib ki, hazırda Türkiyə-Azərbaycan münasibətləri Şuşa Bəyannaməsi ilə də müttəfiqlik səviyyəsindədir: “Müəyyən məsələlərdə fərqli mövqedə olmağımız münasibətlərin pozulması ya da zədələnməsi üçün əsas deyil. Çünki iki ölkənin ortaq olduğu kimi fərqli maraqları var. Ölkələrin yerləşdiyi region, qonşuları fərqli xarici siyasət və balans yaratmasını zəruri edir. Türkiyə və Azərbaycan fərqli daxili siyasi görüşə, reallıqlara sahibdir. Bu da xarici siyasətdə özünü qabarıq şəkildə göstərir. Məsələyə bu aspektdən baxdıqda fikir ayrılıqlarını görmək və təbii qəbul etmək olur”.
Y.Karauz vurğulayıb ki, Bakı və Ankara arasında gərginlik olması haqqında saxta təəssürat yaratmaq istəyən qüvvələr var. Bu qüvvələr həm Türkiyədə, həm də Azərbaycanda var. Heç şübhə yoxdur ki, bu qüvvələr birbaşa xaricdən təlimat alır, onların tapşırığını yerinə yetirirlər.Türkiyə-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini qəbul edə bilməyən ölkələr məqsədyönlü şəkildə kiçik məsələləri şişirdir, media və ekspertlər vasitəsilə tirajlayaraq problem varmış təəssüratı yaradır.
Y.Karauz bu gün iki ölkə arasındakı siyasi-iqtisadi münasibətlərin ən üst səviyyədə olduğunu xüsusilə vurğulayıb: “Bu münasibətlərin təməlində Mustafa Kamal Atatürk, Heydər Əliyev, Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev faktoru var. Yəni münasibətləri pozmaq o qədər də asan deyil. Türkiyə-Azərbaycan münasibətləri sarsılmazdır”.
İndi anladınızmı ey zombiləşmiş siyasi avantüristlər, paranoiklər, melanxolik marginallar?
Ümumiyyətlə, cəmiyyətimizdə mövcud yekdil fikir belədir ki, həm ölkə daxilindəki dağıdıcı müxalifət düşərgəsinin təmsilçilərinin, həm də Avropanın ayrı-ayrı ölkələrində məskunşalaşan antimilli ünsürlərin ölkəmizin əleyhinə aparılan şər-böhtan, “qara piar” kampaniyasının hərəkətverici qüvvəsi və siyasi trolları rolunda çıxış etməsi həyasızlığın, əxlaqsızlığın və xəyanətkarlığın ən pik nöqtəsidir.
Zahid Rza, “İki sahil”