30 noyabr 2024 00:23
235

Forpost ölkə yenidən masa rolunda

Qərb regionda çox təhlükəli strategiyasını həyata keçirmək planını işə salıb

Rəsmi İrəvanın sözdə sülh tərəfdarı olmasından danışması imitasiyadan başqa bir şey deyil. Çünki Paşinyan hakimiyyəti xarici havadarlarının təhriki ilə sülh sazişi imzalamaqdan yayınır, revanşist iddialarla çıxış edir. Avropa İttifaqının (Aİ)-nin Ermənistanda hərbi missiyası, Qərbin Azərbaycan Ordusu, hərbi hissələrin dislokasiyası, potensial imkanları barədə kəşfiyyat məlumatları toplayaraq Ermənistana ötürməsi faktları da təsdiq edir ki, rəsmi İrəvan sülh istəmir.

Qərbin təhriki və dəstəyi ilə Ermənistanın silahlanması Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə, kövrək sülhün pozulmasına və yeni müharibənin başlanmasına aparır. Göründüyü kimi, məğlub ölkə savaşa hazırlaşır. Fransa və Hindistanın verdiyi pulsuz silahlar, Yunanıstanın "S 300" raket komplekslərini Ermənistana vermək niyyəti, adını "sülh fondu" qoyub Hayastana silah-sursat, hərbi texnikaların alınması üçün milyonlarla dollar ayıran Avropa İttifaqının "Avropa Sülh Fondu" Ermənistanı yenidən revanşist fikirlərə salıb. Bir tərəfdən Fransa, digər tərəfdən Aİ-nin Ermənistanı silahlandırması bu qüvvələrin əslində Qafqazda yeni münaqişə ocağının yaranmasında maraqlı olduqlarını bir daha göstərir. Qərb regionda çox təhlükəli strategiyasını həyata keçirmək planını yenidən işə salıb. Ermənistanın hücum təyinatlı silahlarla silahlandırılması gələcəkdə regionda münaqişənin yenidən alovlanmasını şərtləndirə bilər.

Bunun digər səbəbi isə baş nazir Nikol Paşinyanın ölkədəki reytinqinin getdikcə aşağı düşməsidir. Bu da Hayastan hakimiyyətinin keçmiş ssenarisinin davamıdır desək, yanılmarıq. Vətən müharibəsinədək Ermənistanın əvvəlki hərbi xunta rejimi ölkədə yaranmış sosial-iqtisadi böhranla bağlı xalqın hakimiyyətə qarşı üsyanını yatırmaq üçün Qarabağda Azərbaycana qarşı hərbi təxribatlar törədib fikir yayındırırdı. Ayağa qalxan xalqın diqqəti baş verən təxribata qarışırdı və beləcə, narazılıqlar arxa plana keçirdi. İndi isə Paşinyan eyni yolu seçir. Yəni, baş nazirin reytinqini bərpa etmək üçün yeniliyə ehtiyacı var. Ermənistan hakimiyyəti bu yeniliyi hərbi əməliyyatlarda və Azərbaycan üzərində kiçik də olsaələbə qazanmaqda görür.

“Gallup İnternational”ın keçirdiyi son sorğunun nəticələrinə görə, respondentlərin 34,5%-i Paşinyanı dəstəkləyib, 54,1%-i onun fəaliyyətindən narazı olduqlarını bildirib. Nikolun altıillik hakimiyyətinin tarixə Ermənistan üçün "fəlakətli illər" kimi düşdüyünü əksəriyyət artıq qəbul etməyə başlayıb. Hətta tərəfdarları belə ondan üz döndərir.

Paşinyan 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərində qalib gəlmək arzusundadır. Əgər məqsədinə çatarsa, bu, onun 2031-ci ilə qədər hazırkı vəzifəsində qalmasını təmin edə bilər. Mövcud vəziyyət isə Paşinyanın planları ilə üst-üstə düşmür. Ona görə də Nikol yenidən üzünü Qərbə tutmağa məcburdur. Halbuki, son günlərə qədər Moskva ilə İrəvan arasında münasibətlərin əvvəlki mövqeyə qayıdacağı bildirilirdi. Hətta Ermənistan KTMT-nin bu yaxınlarda keçirilən iclasına belə qatılmışdı. Ancaq gözlənilmədən Astanada keçirilən sammitdə iştirak etmədi.

Qərb paytaxtlarında cızılan təhlükəli ssenarinin önündə onu revanşizmə sürükləyən Fransa gedir. Bu ölkə xüsusi canfəşanlıqla üçüncü ölkələr vasitəsilə İrəvana hərbi dəstəyi artırır. Hərbi kolonların Azərbaycanla şərti sərhədə doğru hərəkətini əks etdirən videogörüntülərin Ermənistan sosial şəbəkə seqmentində yayılması da bu təhlükəli ssenarinin tərkib hissəsidir.

Azərbaycan bütün prosesləri izləyir və Ermənistanın silahlandırılması faktlarını görür. Əgər Ermənistan düşdüyü acınacaqlı durumdan qurtulmaq istəyirsə, sülh müqaviləsini imzalamalıdır. Yox, əgər məğlub ölkə revanşa hazırlaşırsa, onda yaxşı anlamalıdır ki, savaş baş versə ABŞ-ın, Hindistanın, Fransanın müasir silahları, texnikaları Azərbaycan Ordusunun arsenalına daxil olacaq, Bakıdakı Hərbi Qənimətlər Parkının eksponatlarının sayı artacaq.

Noyabrın 8-də Bakıda Zəfər Parkının açılışında Müzəffər Ali Baş Komandan bir daha bu məsələdən danışaraq Ermənistana xəbərdarlıq etmişdi. Prezident bildirmişdi ki, bu gün bu vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər: "Mən dəfələrlə həm rəsmi çıxışlarımda, həm təmaslar əsnasında Ermənistan tərəfinə izah etməyə çalışırdım ki, bundan uzaq dursunlar, o fitnəyə getməsinlər. Öz maraqlarını təmin etmək üçün, onların dostları sayılan bəzi Qərb dövlətləri onları qurban verməyə hazırdırlar ki, yenə də Cənubi Qafqazda ara qarışsın, yenə də qan tökülsün, yenə də onlar bulanıq suda balıq tuta bilsinlər. Hələ ki, gec deyil, ona görə Ermənistan bu silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır, mən dəfələrlə bunu demişəm və onlar bilirlər ki, mənim sözümə diqqət yetirmək lazımdır. Hələ ki, gec deyil, bundan əl çəksinlər, onlar heç vaxt bizimlə rəqabət aparmaq gücündə olmayacaqlar".

Şəmsiyyə Əliqızı, “İki sahil”