01 dekabr 2024 13:07
86

Laçının azadlığı: 1 dekabr 2020-ci il tariximizin şanlı səhifəsi

1 dekabr 2020-ci il tarixi Azərbaycan xalqı üçün yeni bir dövrün başlanğıcını simvolizə edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının 44 günlük  Vətən Müharibəsində qazandıqları möhtəşəm Zəfər  nəticəsində noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanatla  27 illik erməni işğalından sonra Laçın Azərbaycanın nəzarətinə qayıtdı.

Laçın rayonu 1930-cu ildə inzibati rayon kimi formalaşmışdır. Azərbaycanın qərbində, Ermənistanla həmsərhəd olan Laçın strateji coğrafi mövqeyə malikdir. Rayonun ərazisi dağlıqdır və zəngin təbiətə, qiymətli mineral sərvətlərə, büllur kimi təmiz sulara sahibdir. Laçın həm də tarixi abidələri və mədəni irsi ilə seçilir. Bu bölgədə yerləşən qədim alban məbədləri, türbə və qalalar Azərbaycan tarixinin ayrılmaz hissəsidir.

Laçın ölkəmizin erməni işğalına məruz qalan ilk rayonlarından biridir. 1992-ci ilin 18 mayında ölkədə gedən hakimiyyət uğrunda mübarizə, siyasi hərc – mərclik, özbaşınalıq mühitində  Laçın xarici havadarların dəstəyi ilə getdikcə azğınlaşan ermənilər tərəfindən işğal olundu. Əslində qeyd edək ki, məhz Laçının işğalı ölkəmiz üçün yeni faciələrə yol açmış, düşmənin mövqeyini gücləndirmişdir. Çünki həmin dövrdə Laçının işğalının Ermənistan üçün olduqca böyük strateji əhəmiyyəti vardı.  Ermənistanı Qarabağla birləşdirən yollar məhz Laçından keçirdi. Nəticədə, Laçının işğal edilməsi ilə Ermənistan və Qarabağ arasında maneəsiz əlaqə yaranmış, ermənilər yeni canlı qüvvələri və hərbi texnikanı daha rahat şəkildə Azərbaycan ərazisinə soxulmasına və sonrakı işğalçılıq siyasətinin həyata keçirilməsinə imkan qazanmışdır. İşğal dövründə Laçında azərbaycanlılara məxsus tarixi abidələr dağıdıldı, təbii sərvətlər isə istismar edildi.

Ermənistanla sərhəddə yerləşdiyindən işğalın fəsadlarını və “erməniləşdirmə” siyasətininin nəticələrini ən ağır şəkildə yaşayan rayonlarımızdan biri də məhz Laçın rayonudur. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalmış, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə düşmən vandalizmi nəticəsində məhv edilmiş, Laçının coğrafi adları dəyişdirilmiş, rayonun təbii resursları talan edilmişdir.

2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi Azərbaycan xalqının 30 illik həsrətinə son qoydu. Müzəffər Azərbaycan Ordusu  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində tarixi zəfər qazandı. 8 noyabr 2020 –  cu ildə doğma Şuşanın Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman hərbi qulluqçuları tərəfindən işğaldan azad olunması Ermənistanı məğlubiyyəti qəbul etməyə məcbur etdi və 10 noyabrda üçtərəfli bəyanat imzalandı. Bu bəyanata əsasən, Ermənistan Laçın rayonunu heç bir döyüş olmadan Azərbaycana qaytarmağa razılaşdı. 1 dekabr 2020-ci ildə Azərbaycan Ordusu Laçına daxil oldu. Bu tarixi hadisə müharibənin daha bir uğurlu nəticəsi kimi xalqımızın yaddaşında əbədi olaraq qalacaq.

Müzəffər Ali Baş Komandan hərbçilərimizin qəhrəmalığını ən yüksək səviyyədə qiymətləndirmiş,  onun sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Azadlıqdan sonra Laçında genişmiqyaslı bərpa və yenidənqurma işləri başlanmışdır. İnfrastrukturun bərpası, yeni yolların və tunellərin tikilməsi, sosial obyektlərin yaradılması, ekoloji vəziyyətin yaxşılaşdırılması hökumətin prioritet istiqamətləridir. Xüsusilə Laçın dəhlizinin yeni marşrutunun tikilməsi strateji baxımdan mühüm əhəmiyyət kəsb edir.

“Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq cənab Prezidentin işğaldan azad olunmuş rayonlarımızın bərpasında xüsusi diqqət ayırdığı sahələrdən biri də enerji təhlükəsizliyidir. Laçın rayonunda artıq generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təmin edə biləcək.  Burada istehsal olunan elektrik enerjisi təkcə Laçının yox, qonşu rayonların da elektrik enerjisi ilə təmin edilməsində mühüm rol oynayacaq.    

 Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan  “Ağbulaq”,  “Mişni” və  “Alxaslı” Su Elektrik stansiyaları Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulmuşdur. Hazırda “Merik”  və “Ağbulaq” Su Elektrik stansiyalarında son tamamlama işləri aparılır. “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyaları 2023-cü il avqustun 25-də, “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyaları isə 2024-cü il mayın 10-da işə salınıbdır.

Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən, uzunluğu  75,8 kilometrdir  olan , Kəlbəcər – Laçın avtomobil yolu rayonun yol – nəqliyyat infrastukturu üçün mühüm əhəmiyyət daşıyır. Hazırda doğma Laçında genişmiqyaslı quruculuq işləri aparılmaqdadır. Belə ki, Laçında   620 – si fərdi  yaşayış binası olmaqla bütövlükdə  700 – dən artıq bina inşa edilmişdir. Laçın rayonunda 510 şagirdin təhsil alması üçün  2 nömrəli tam orta məktəb yerləşir. Həmçinin, Dövlət Başçısının Sərəncamı ilə Laçın rayonunun, Zabux kəndində 176 şagird üçün nəzərdə tutulan tam orta məktəbinin binasının layihələndirilməsi, təmiri və bərpası işləri aparılır.

Şəhərin bərpası prosesində onun turizm potensialı nəzərə alınaraq, uyğun infrastruktur yaradılır. Belə ki, Laçında 100 otaqlı, 10 kottecdən, kafe və restoranlar, əyləncə və istirahət mərkəzlərindən ibarət mehmanxana kompleksi inşa olunacaq.

2023 – cü ilin 25 avqust tarixində, adını Laçının əsas rəmzlərindən olan Hoçaz qayalıqlarından götürən,  “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı olmuşdur. İki inzibati binadan və bir çəkiliş pavilyonundan ibarət olan,  Qarabağın çoxşaxəli nadir yaradıcılıq məkanı layihəsi hesab edilən   bu studiya,  çəkiliş məqsədilə regiona gələn yerli və xarici film istehsalçılarına bölgənin zəngin təbiəti, imkanları ilə bağlı bələdçilik və lokasiya xidmətləri göstərəcək, onları müvafiq avadanlıqla təmin edəcək.

Laçın bərpa və quruculuq işlərində istehsal müəssisələrinin yaradılması əhəmiyyəti rol oynayır.  Belə müəssisələrdən biri də  Laçın rayonun sənaye zonasında yaradılan, illik istehsal gücü 3 min kubmetr olan mebel fabrikidir. Burada Avropa ölkələrinin, Türkiyə və Çinin istehsalı olan avadanlıqlardan, Türkiyə və Rusiyadan alınan xammaldan istifadə olunacaq, ümumilikdə 100 nəfər işlə təmin ediləcək. Laçın Şəhərində yaradılan Aqro və Sənaye Parkında isə 46 müəssisə fəaliyyət göstərəcək.

Laçında heyvandarlığın inkişafı üçün də böyük imkanlar var. Belə ki, ötən ilin 25 avqust tarixində Qarabağın ilk nərəyetişdirmə təsərrüfatı olan  “Həkəri Balıq Təsərrüfatı” fəaliyyətə başlayıb.

2023 – cü ilin 28 may tarixindən etibarən laçınlıların doğma yurdlarına qayıdışı prosesinə başlanmışdır. Bu zaman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşmüş,  evlərin açarlarını onlara təqdim etmişdir. Cənab Prezident bu zaman çıxışında söyləmişdir: “ Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun” .

Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin edilib. Laçın rayonun Zabux və Sus kəndlərində əhalinin köçürülməsi üçün hər bir şərait yaradılır. Belə ki, 245 ailənin köçürülməsi nəzərdə tutulan Zabux kəndində, 50 yerlik uşaq baxçası, inzibati bina inşa edilib.  Evlərin, sosial obyektlərin, küçələrin işıqlandırılmasında yaşıl enerjidən istifadə edilən Zabux kəndində Dövlət Proqramına əsasən indiyədək 217 ailə, 823 nəfərin daimi məskunlaşması təmin edilib.

Tamamilə yenidən tikilərək istifadəyə verilən Sus kəndinə isə, 59 ailə - 214 nəfərin köçürülməsi nəzərdə tutulur.  25 hektar ərazini əhatə edən, 132 yerlik orta məktəb, 50 yerlik uşaq baxçası inşa olunan kəndə 20 ailənin köçürülməsi təmin olunub.

Cənab Prezident İlham Əliyev şəxsən Laçına  7  dəfə səfər etmişdir. Bu səfərlərin hər birində yeni avtomobil yollarının, sosial-infrastruktur obyeklərinin təməli qoyulmuşdur.  Laçının azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpasında mühüm addım oldu. Rayonun iqtisadi və turizm potensialı gələcəkdə Azərbaycanın iqtisadi inkişafına böyük töhfə verəcək. Təbiəti, tarixi abidələri və strateji mövqeyi ilə Laçın, işğaldan sonra da Azərbaycanın parlayan ulduzlarından biri olacaq.

1 dekabr 2020-ci il Azərbaycan xalqı üçün qürur dolu bir tarixdir. Laçının azad edilməsi yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də ədalətin zəfər çalmasının göstəricisidir. Bu gün Azərbaycanın hər bir vətəndaşı azad Laçının işıqlı gələcəyinə inanır və bu torpaqlara qayıdışı böyük sevinc və ümidlə qarşılayır.

Ziyafət Əsgərov,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini