ABŞ prezidenti Co Baydenin öz oğlunu əfv etməsi, ABŞ tarixində mənə elə gəlir ki, ilkdir. Ən azından mən bunu belə bilmirəm. Yəni məlumatlı deyiləm ki, bu vaxta kimi ABŞ prezidentləri dövlətin bu ali vəzifəsindən öz ailə maraqları üçün istifadə etsin. Söhbət konkret cinayət əməllərində təqsirli bilinən bir şəxsin, prezidentin oğlu olsa belə, əfv edilməsindən gedir. Yəni prezident öz oğlunun törətdiyi əməllərə görə ittiham etmək əvəzinə əfv edir. Bayden bununla bağlı açıqlamasını oxudum və xeyli təəccübləndim. ABŞ ədliyyə sisteminin ədalətsizliyindən şikayəti təsəvvür edirsinizmi? ABŞ-nın prezidenti ölkəsinin ədliyyə sisteminin ədalətsizliyindən şikayətlənir... İndi gəlin baxaq görək bu ədliyyə sistemi kimin sistemidir? Təbiidir ki, Co Bayden administrasiyasının sistemidir, yəni onun komandasıdır. Ədalətsizlik varsa, bu ədalətsizliyi gerçəkləşdirən Co Baydenin administrasiyasının üzvləridir. Kimdən kimə şikayətlənir?
Bu fikirləri “İki sahil”ə açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirdi.
Azər Həsrət vurğuladı ki, ideal idarəetmə kimi təqdim edilən ABŞ-da, xüsusən də Baydenin dövründə görün adamlar nə ilə məşğuldurlar. Bayden administrasiyası faktiki olaraq ailə maraqlarını dövlətin və qanunun üzərində görür. Belə administrasiyanın başqa dövlətlərə demokratiya ilə bağlı irad bildiməsi absurddur. Ümumiyyətlə, Baydenin dönəmində ABŞ administrasiyası həqiqətən də dünya üçün ciddi problemlər yaratdı. Elə bizim bölgəmizlə bağlı onların davranışları yanlışla dolu idi. Co Baydenin özü ilk gündən prezident kimi saxta "erməni soyqırımı" təbliğatına alət oldu. Açıq şəkildə bu təbliğatda iştirak etməyə davam etdi və üstəlik də Güney Qafqazda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verə biləcəyi halda vəziyyəti daha da gərginləşdirdi və faktiki olaraq haqsız hücumların arxasında durdu. Nəticə də budur.
Ekspert daha sonra qeyd edib ki, biz deyəndə ki, bunlar şəxsi maraqlarını, ailə maraqlarını hər şeydən üstün tuturlar, tənqid olunuruq, amma görürsünüzmü ABŞ prezidenti öz imzasıyla, bir sənədlə sübut etdi ki, şəxsi-ailə maraqları hər şeyin üstündədir.
Səbinə Kazımova, “İki sahil”