03 dekabr 2024 08:54
210

Həyasızlığın son həddi...

Belə bir məşhur deyim var: demokratiya heç də mükəmməl sistem deyil, amma hələ ki, bəşəriyyət ondan yaxşısını icad etməyib. Təəssüf ki, son zamanlar Qərbin, xüsusən, Amerikanın tutduğu mövqe və atdığı addımlar bu deyimin məhz birinci müddəasını haqlı çıxarır. Çünki bu dairələrin nümayiş etdirdikləri mövqe demokratiyaya qarşı az qala bütün dünyada əks reaksiya doğurur.  Bu gün ABŞ demokratiyası absurd bir prosesə çevrilib və hakim sinfin maraqlarının müdafiəçisi qismində çıxış edir. ABŞ Prezidenti Co Bayden vəzifəsindən sui-istifadə edərək Amerika demokratiyası anlayışını sıfırladı. Bu gün artıq  ABŞ ədliyyəsi dünyanın gülüş hədəfindədir. Belə ki, ABŞ Prezidenti Cozef Bayden silah alışı məsələsində təqsirli bilinən və dekabrda həbsi nəzərdə tutulan oğlu Hanter Baydeni əfv edib. Keçən ay Ağ Evin Prezidentin oğlunu əfv etmək niyyətinin olmadığına dair verdiyi açıqlamaya baxmayaraq, onun əvf edilməsinə dair bəyanat yayılıb.

Hanter Bayden 2018-ci ildə narkotik maddənin təsiri altında odlu silah alması ilə bağlı üç ağır maddə üzrə təqsirli bilinib. O, həmçinin vergidən yayınma ilə bağlı irəli sürülmüş 9 ittiham üzrə məhkəmədə təqsirli olduğunu etiraf edib. Prezidentin oğlunu vergi itithamı üzrə maksimum 17 il həbs cəzası və 1,35 milyon dollara qədər cərimə, silah alışına görə 25 ilə kimi azadlıqdan məhrumetmə cəzası və 750 min dollar cərimə gözləyirdi. Silah alışı ittihamı üzrə onun həbsi dekabrın 13-nə, vergi məsələsi ilə bağlı dekabrın 16-na nəzərdə tutulmuşdu.

ABŞ-ın seçilmiş Prezidenti Donald Tramp ölkənin hazırkı lideri Co Baydenin oğlu Hanter Baydeni əfv etməsini kəskin tənqid edib. O, bu barədə özünün "Truth Social" sosial şəbəkəsində yazıb. Tramp kiçik Baydenin əfv edilməsini ədalət mühakiməsinin pozulması və sui-istifadəsi adlandırıb.  “Co Hunterin əfv edilməsi bir neçə ildir həbsdə olan 6 yanvar “girovlarını” əhatə edirmi?  6 yanvar “girovları” dedikdə Tramp 2021-ci il yanvarın 6-da Kapitoliyə basqına görə tutulanları nəzərdə tutur. “

 Tramp və onun tərəfdarları bəzilərinin ədalətsiz şəkildə mühakimə olunduğunu və onların siyasi məhbus olduğunu bəyan edirlər.

“Co Baydenin oğlu Hunteri əfv etmək qərarı vəzifədən sui-istifadənin və ədalətin pozulmasının bariz nümunəsidir”.

Amerikalı iş adamı İlon Mask “X” sosial şəbəkəsində (keçmiş Twitter) amerikalı yazıçı Maykl Şellenberqerin fikirləri ilə razılaşdığını bildirib. İlon Mask ABŞ Prezidenti Co Baydeni tənqid edib. Bir müddət əvvəl M. Şellenberq yazmışdı ki, ABŞ Prezidenti Co Bayden ölkənin demokratik sisteminin legitimliyini məhv edir.İlon Mask bu fikrə münasibət bildirərək "Düzdür" deyə şərh yazıb. Qeyd edək ki, Şelenberq “X” sosial şəbəkəsində qeyd etmişdi ki, ABŞ Ədliyyə Nazirliyi Ağ Evin rəhbəri Hanter Baydenin oğlunun mühakimə olunmasına fəal şəkildə mane olur, Prezidentin özü isə rəqibi Donald Trampı dəmir barmaqlıqlar arxasına qoymağa çalışır.

Şəmsiyyə Əliqızı “İki sahil”