Ötən əsrin 90-cı illərində öz şəxsi mənafeləri, ambisiyaları, kreslo, hakimiyyət sevdaları üzündən müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanı cəhənnəm atəşinə atan, ölkəni hərc-mərcliyin, sosial- iqtisadi xaosun, hərbi böhranın və separatizmin tüğyan etdiyi cəngəlliyə çevirən səriştəsiz, xəyanətkar “komandanın” üzvlərindən AXCP sədri Əli Kərimli, “Milli Şura”adlı antimilli qurumun rəhbəri Cəmil Həsənli və onların ətrafında toplanan zombi sürüsü bu gün də öz əməlləri, çirkin xislətləri ilə respublikamızı odun- alovun içinə atmaq üçün yenə qollarını çırmalayıblar. Açıq demək lazımdır ki, onların dərdi demokratiya, azad seçkilər, filan deyil. Bu üzdəniraqların əsl məqsədi ermənilərin, ermənipərəst qüvvələrin dəyirmanına su tökərək Qərbdəki ağalarının tapşırıqları ilə ölkəmizdəki sabitliyi pozmaq, xaos, anarxiya yaratmaq, necə deyərlər, bulanıq suda balıq tutmaqdır.
Qərbdəki bəzi Azərbaycan əleyhdarı məkrli dairələrin və onların miskin köləsinə çevrilən daxildəki antimlli ünsürlərin son zamanlarda ölkəmizə qarşı fəallaşmalarının, aqressiv ritorikanı və qarayaxma kampaniyasını daha da gücləndirmələrinin pərdəarxası gizlinləri getdikcə üzə çıxır. Uzun illərdən bəri qlobal və regional gərginliklərin fonunda ölkəmizdə ümumi daxili məhsulun bir neçə dəfə artması, makroiqtisadi sabitliyin və tarazlığın təmin olunması, dayanıqlı və davamlı inkişaf üçün möhkəm zəmin yaradılması, ölkəmizin beynəlxalq arenada söz sahibinə çevirilməsi, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki tarixi Zəfəri, eləcə də COP29-un uğurlu sonluqla yekunlaşması Qərbdəki məlum ermənipərəst “düşüncə” mərkəzlərini və onların sifarişlərini canla-başla yerinə yetirən radikal müxalifət təmsilçilərini ciddi narahat etdiyi getdikcə daha çox aydın olur. Həmçinin Azərbaycanın uğurlu diplomatik gedişləri ilə xarici siyasətdə böyük üstünlüklər qazanması, milli və dövlətçilik maraqları ilə bağlı qəti və prinsipial mövqe sərgiləməsi, bölgəni mehriban qonşuluq, sülh, əməkdaşlıq məkanına çevirmək üçün ciddi səylər göstərməsi Qərbdəki anti-Azərbaycan dairələri hədsiz dərəcədə qıcıqlandırır.
Gerçəklik odur ki, məlum qərəzli dairələr, bəzi Avropa ölkələri İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı aqressiv ritorikalarını gücləndirməklə həm Bakı ilə İrəvan arasında davam edən sülh danışıqlarına, həm də Cənubi Qafqazda sabitliyə, təhlükəsizliyə və əməkdaşlığa ağır zərbə vururlar. Ermənistandan bir alət kimi istifadə edən, bölgənin daim gərginlikdə qalmasını istəyən həmin ölkələr Azərbaycana iftiralar atır, absurd iddialar irəli sürür, respublikamızı əsassız olaraq ittiham edirlər.
Əslində həmin dairələr özləri də yaxşı bilirlər ki, Azərbaycan sülh danışıqları ilə bağlı bütün öhdəliklərə sadiqdir və onların yerinə yetirilməsi istiqamətində səylər göstərir. Dövlət başçısının bildirdiyi kimi, ölkəmiz Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və regional sülh gündəliyini, Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. O da məlumdur ki, regionumuzda vəziyyətin gərginləşməsinin əsas səbəbkarları olan Qərbdəki ermənipərəst qüvvələr müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürüdərək ölkəmizin haqqında beynəlxalq aləmdə mənfi imic yaratmaq üçün daim işğalçı Ermənistanın yanında olub, ədalətsiz mövqe nümayiş etdirib.
Dövlətimizin başçısı 2024-cü il iyunun 6-da TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə bildirib ki, Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri müsbət xarakterizə oluna bilər. Ancaq İkinci Qarabağ müharibəsindən və xüsusilə keçən ilin antiterror əməliyyatından sonra bəzi Avropa dövlətləri ölkəmizə qarşı əsassız və vicdansız hücumlara başlayıb: “Azərbaycanı ləkələmək, bizim işimizə kölgə salmaq, ağa qara, qaraya ağ demək, işğalçını dəstəkləmək, işğala məruz qalanları isə ləkələmək Avropa İttifaqının bəzi üzv ölkələri üçün həyat tərzinə çevrilib. Bunun təməlində heç də beynəlxalq hüququn normaları deyil, şəxsi xəstə ambisiyalar dayanır. Əfsuslar olsun ki, Avropada xüsusi yerə malik olmaq üçün can atan bəzi ölkələr anti-Azərbaycan qruplaşmanı da yarada bilmişlər. Avropa İttifaqına üzv olan ən azı üç ölkə bu gün Azərbaycana qarşı soyuq müharibə elan edib. Onların adları bəllidir. Macarıstan burada təkcə öz dostunu müdafiə etmir, haqqı, ədaləti müdafiə edir”.
Nəhayət, birmənalı demək olar ki, bəzi Avropa ölkələrinin suverenliyini və ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin edən, müstəqil siyasət yürüdən, beynəlxalq aləmdə mövqeyini getdikcə möhkəmləndirən Azərbaycana qarşı çirkin fəaliyyətləri və manupulyasiyaları heç bir nəticə verməyəcək. Öz geosiyasi maraqları naminə Cənubi Qafqazda sülhə, təhlükəsizliyə, əməkdaşlığa ciddi zərbə vuran, ölkəmizin güclənməsini istəməyən həmin dövlətlər yadda saxlamalıdırlar ki, onların Azərbaycana qarşı uğursuz təzyiq cəhdləri ölkəmizin əzmini, qətiyyətini daha da artıracaq, mövqeyini gücləndirəcək. Həmin dairələr buna əmin ola bilərlər ki, onların ölkəmizə qarşı şər əməlləri gec-tez bumeranq effekti verəcək.
Zahid Rza, “İki sahil”