Gürcüstan Avropa İttifaqı (Aİ) ilə üzvlük danışıqlarını 2028-ci ilə qədər dondurub. Bu da Qərb dairələrinin hiddətinə səbəb olub. Elə bu səbəbdən Tbilisidə vəziyyət gərginləşib. Belə ki, Gürcüstanın Qərbyönümlü müxalifət qüvvələri, əsasən də QHT-cilərdən ibarət manqurt dəstələri, daha doğrusu, Qərbin Gürcüstanda formalaşdırdığı şəbəkə noyabrın 28-dən yenidən etiraz aksiyalarına başlayıb. Onlar Qərbin göstərişi ilə cəmiyyəti öz arxalarınca aparmaq üçün bütün imkanlarından istifadə etməyə çalışırlar. Hətta iş o yerə çatıb ki, Tbilisidə keçirilən etiraz aksiyası zamanı polis əməkdaşları yaralanıblar. Bu fakt göstərir ki, Gürcüstanda müxalifətin əvvəlcədən yazılmış və razılaşdırılmış bir inqilab planı var. Bu planın həyata keçirilməsinə xaricdən maliyyə yardımı da göstərilib.
“Son 4 ildə 3 dəfə inqilaba cəhd olundu. Biz buna imkan vermədik” deyən Gürcüstanın Baş naziri İrakli Kobaxidzə bildirib ki, bəzi müxalifət partiyaları (Saakaşvili, Qvaramiya, Xazaradze və Gaxariya ilə əlaqəli dörd partiya nəzərdə tutulur-red.) zorakılığa açıq şəkildə dəstək verdiklərinə görə, məsuliyyətdən qaça bilməyəcəklər.
Amma bu cür vəhşiliklərə obyektiv qiymət vermək əvəzinə Qərb yenə öz ampluasından çıxış etməkdə davam edir. Hətta Almaniyanın xarici işlər naziri Annalena Berbok bəyanat yayıb ki, guya, Gürcüstan polisi dinc nümayişçilərə qarşı güc, zor tətbiq edib.
Əminliklə demək olar ki, etirazlarda Gürcüstana Balkan ölkələrindən, Şərqi Avropa və əsasən Baltik ölkələrindən gətirilən çoxlu sayda təxribatçının iştirak etməsi istisna deyil. Bu isə o deməkdir ki, Avropadan gələn emissarlar bilavasitə prosesə nəzarət edirlər və vəziyyəti gərginləşdirmək üçün əllərindən gələni əsirgəmirlər. Kim bilir, bəlkə onların arasında təxribatçılıqda ad çıxarmış Ermənistan kəşfiyyatının əməkdaşları da var. Məqsəd aydındır: onların əli ilə təxribatlar törətmək, insanları qətlə yetirmək və buna görə Qərbin diktəsi ilə oturub-durmaq istəməyən və 26 oktyabrda Gürcüstanda keçirilən parlament seçkilərində qalib gəlmiş hakim “Gürcü-Arzusu-Demokratik Gürcüstan” Partiyasını suçlamaq. Bütün bunlar Qərbin neçə illər öncə Gürcüstanda həyata keçirdiyi “qızılgül inqilabı”nı xatırladır.
Avropa İttifaqının Gürcüstandakı səfiri özünü bu ölkənin canişini kimi aparır
Bəli, hadisələrin gedişatından açıq-aydın görünür ki, “Xarici təsirin şəffaflığı haqqında” və ailə dəyərlərinə zidd olan LGBT-nin təbliğinə qarşı qanunları geri çəkməyən indiki hakimiyyəti devirməyə cəhd edən, “Gürcü Arzusu”nun parlament seçkilərində qələbəsinə həzm edə bilməyən, 2014-cü ildə Ukraynada həyata keçirdikləri “Maydan” hərəkatının Gürcüstanda baş tutmasına çalışan Qərb açıq-aydın Gürcüstanın daxili işlərinə qarışır. Hətta Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski özünü bu ölkənin canişini kimi aparır. Yeri gəlmişkən qeyd edək ki, bu səfir Gürcüstanın Aİ-yə üzvlük prosesini dayandırmaq qərarını kədərli, məyusedici, təəssüf doğurucu hal kimi dəyərləndirib. Onun sözlərinə görə, Aİ Gürcüstana üzvlük üçün namizəd statusu vermişdi və baş verənlər guya Gürcüstanın əvvəlki hökumətinin siyasətinə ziddir, eyni zamanda, gürcü xalqının əksər hissəsinin iradəsi ilə ziddiyyət təşkil edir. Bu məqamda bir məsələni xüsusi vurğulamaq istərdik: Qərb artıq bu və ya digər qurumda çalışan bəzi diplomatlar vasitəsilə hadisələrə müdaxilə etmək taktikasına üstünlük verməkdədir. Elə Gürcüstan xarici işlər nazirliyinin bir qrup əməkdaşının hökumətin Avropaya inteqrasiyanı dondurmaq qərarına qarşı bəyanat yayımlaması bunu bir daha sübut edir. Bu isə o deməkdir ki, Qərb öz niyyətinə çatmaq üçün diplomatik korpuslara yol tapa bilib. Yeri gəlmişkən, Aİ-də işləmiş bir Azərbaycan diplomatı da hakimiyyətə qarşı “müxalifət”ə keçmişdi. Bu məsələ ilə bağlı Gürcüstanın Xarici İşlər naziri Maka Boçorişvili nazirliyin kollektivi ilə görüşündə bildirib ki, Gürcüstan Xarici İşlər Nazirliyinin diplomatlarına qarşı təzyiq kampaniyası aparılır ki, bu da qəbuledilməz və yolverilməzdir.
ABŞ da bu yandan…
Bütün bunlar azmış kimi, ABŞ da Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq barədə qərar qəbul edib. ABŞ Dövlət Departamenti bu qərarla bağlı ətraflı bəyanat da yayıb. Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu məsələni şərh edərkən onun müvəqqəti xarakter daşıdığını vurğulayıb. “Ağ evin bu addımı Prezident Salome Zurabişvilinin hakimiyyəti kimi müvəqqəti hadisədir” deyən Kobaxidzenin sözlərinə görə, bununla ABŞ-ın hazırkı administrasiyası D.Tramp administrasına mümkün qədər ağır miras qoymağa çalışır: “Onlar bu addımı əvvəlcə Ukrayna ilə əlaqədar atdılar, indi isə Gürcüstanla əlaqəli edirlər. Bunun heç bir prinsipial əhəmiyyəti olmayacaq, biz yeni administrasiyanı gözləyəcəyik və hər şey haqqında yeni administrasiya ilə danışacağıq”. Sözügedən qərarla bağlı fikirlərini bölüşən ölkənin Prezidenti Salome Zurabişvili isə ABŞ-la tərəfdaşlığın dayandırılmasını “Gürcü Arzusu”nun antidemokratik, anti-Qərb, anti-Avropa və anti-Gürcüstan siyasətinin, həmçinin onların yalnız bir istiqamətə – Rusiyaya doğru irəliləməsinin faciəvi nəticəsi kimi xarakterizə edib. Bir məsələni də qeyd edək. Baltikyanı üç ölkə - Latviya, Litva və Estoniya da Gürcüstana qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.
Qərb Gürcüstana üçün eyni ssenarini cızır...
Halbuki, baş verən hadisələr Gürcüstanın daxili işidir və kənar qüvvələr bu prosesə müdaxilə etməməli, demokratik əsaslarla keçirilmiş seçkilərin nəticələrinə hörmətlə yanaşmalıdırlar. Daha bir məsələni də vurğulayaq. Etirazçıların arasında ikili vətəndaşlığı olan və vaxtilə Fransa XİN-də çalışan, Makronun agenti kimi tanınan Gürcüstan Prezidenti Salome Zurabişvili də var. Bu mənada əminliklə deyə bilərik ki, Gürcüstanda baş verən olaylarda Avropa siyasətçiləri və bürokratları ilə yanaşı, dörd siyasi partiyanın təmsil etdiyi “beşinci kolon” olan “yerli agentlər” də fəallıq göstərirlər.
Bu aspektdən çıxış etsək, əminliklə deyə bilərik ki, S. Zurabişvili Cənubi Qafqazı qan çanağına çevirməyə çalışan, bu məqsədinə çatmaq üçün Ermənistanı silahlandıran Fransa Prezidenti Emmanuel Makronun göstərişlərini yerini yetirir. Bu biçarə hələ də anlamır ki, Gürcüstanın nicatı Qərbin istədiyi hakmiyyəti formalaşdırmasında, ölkəsinin Avropa İttifaqına ə üzv olmasında, Rusiya ilə düşmənçilik etməsində, Gürcüstanın ukraynalaşdırılmasında deyil. Gürcüstanın nicatı isə gürcü xalqının arzu etdiy demokratik hakimiyyətdə və onun qəbul etdiyi qərarlara hörmətlə yanaşmaqdadır. Şübhəsiz, Prezident Salome Zurabişvilinin kütləvi iğtişaşlarda iştirakı Gürcüstan dövlətçiliyinə ağır zərbədir. Bu mənada o öz dövlətinə qənim kəsilib desək, yanılmarıq. Artıq sirr deyil ki, hazırda Makron Cənubi Qafqazda Nikol Paşinyan kimi bir manqurtdan məharətlə istifadə edir. Görünür, Paşinyan ona kifayət etmir. Odur ki, Makron Zurabişvilinin timsalında yeni bir manqurta sahib olmaq niyyətindədir.
Yeri gəlmişkən, Qərb, o cümlədən Fransa heç bir ölkəyə gün ağlamır. Sadəcə, boş vədlərlə onları tora salır və çətin günlərə düçar edir. Ukraynanın timsalında bunu görmək mümkündür. Elə Qərb olmadımı Ukraynanı müharibəyə sürükləyən, onu yaman günlərə qoyan? Bəli, indi Qərb Gürcüstana üçün də eyni ssenarini cızır. Amma hələlik görünən odur ki, gürcü xalqı bütün bunları yaxşı dərk edir, elə bu səbəbdən heç bir xarici qüvvənin əlində alət olmaq istəmir.
Gürcüstanı Ukraynaya çevirmək üçün bəhanə axtarırlar
Yeri gəlmişkən, Gürcüstanın Baş naziri İrakli Kobaxidze noyabrın 30-da keçirdiyi brifinqdə deyib ki, radikallar və onların xarici himayədarları hər zaman ölkəni parçalamaq və Gürcüstanı Ukraynaya çevirmək üçün bəhanə tapmağa çalışırlar: “Amma unudurlar ki, Gürcüstan güclü təsisatları və ən əsası, təcrübəli, müdrik insanları olan, heç kimin gücünü sarsıda bilməyəcəyi müstəqil dövlətdir”. O, həmçinin bildirib ki, “Maydan” ssenarisi Gürcüstanda həyata keçirilə bilməz: “Gürcüstan güclü dövlətdir və buna imkan verməyəcək”.
Bu da bir faktdır ki, Qərb bu kimi gedişləri, oyunları ilə Cənubi Qafqazda söz sahibi olmağa, sabitliyi pozmağa, bölgədə yeni reallıqlar yaradan Azərbaycana təzyiq göstərməyə çalışır. Amma Qərb əmin olsun ki, bu kimi addımları ilə dünya miqyasında dəst-xətti olan Azərbaycana təsir edə bilməyəcək. Çünki bu ölkədə xalq-iqtidar birliyi daha monolit vəhdət təşkil edir. Qərb, o cümlədən Makron Fransası unutmasın ki, xalq-iqtidar, lider-xalq birliyi sayəsində Azərbaycan misli-bərabəri olmayan uğurlara imza atıb.
Qvami Məhəbbətoğlu, “İki sahil”