Ukrayna NATO-ya üzv olmaqdan başqa hər hansı təhlükəsizlik zəmanətindən imtina edir.
“İki sahil” “Röyters”ə istinadla xəbər verir ki, bu haqda məlumat Ukraynanın Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.
XİN başçısı Andrey Sibiqanın bunu dekabrın 3-4-də Brüsseldə keçiriləcək NATO xarici işlər nazirlərinin görüşündə təqdim edəcəyi gözlənilir. Bu arada alyans üzvləri hələ də bu məsələdə razılığa gələ bilməyiblər.
Ukrayna Xarici İşlər Nazirliyi bəyanatında 1994-cü il dekabrın 5-də imzalanmış Budapeşt Memorandumunu tənqid edib: “Biz əminik ki, Ukrayna üçün təhlükəsizliyin yeganə real təminatı Ukraynanın NATO-ya tamhüquqlu üzvlüyüdür”.
Ukrayna Xarici İşlər Nazirliyi həmçinin Ukraynanın alyansa dəvətini dəstəkləməyə çağırıb. NATO-ya dəvət Ukrayna prezidenti Vladimir Zelenskinin “qələbə planı”nın bəndlərindən biridir. Bu arada Rusiya prezidenti Vladimir Putin Ukraynanın alyansa qoşulmaqdan imtinasını sülh danışıqlarının bərpası üçün şərtlərdən biri adlandırıb.