04 dekabr 2024 00:28
239

Makron acı sonuna doğru...

Sentyabrın 21-də hələ yeni hökumətin tərkibi  elan edilməmiş Emmanuel Makronun yürütdüyü siyasətlə və sağ mərkəzçi Respublikaçılar Partiyasının nümayəndəsi Mişel Barnyenin Baş nazir təyin etmək qərarı ilə razılaşmayan müxtəlif assosiasiyalar və solçu partiyaların çağırışı ilə Fransanın 50 şəhər və qəsəbəsində etiraz nümayişi keçirildiyini yəqin ki xatırlayırsınız. Hətta nümayişçilər “Makron, istefa!”, “Lənət olsun Barnye hökumətinə!” kimi şüarlar da səsləndirmişdilər. Amma onlar onda öz istəklərinə nail ola bilməmişdilər.

Artıq yenə də Fransada hökumət böhranı yaranmaqdadır. Belə ki, Fransa parlamentində solçu müxalifət 2025-ci il üçün dövlət büdcəsi haqqında qanun layihəsinin deputatların müzakirəsi olmadan qəbul edilməsinə görə Baş nazir Mişel Barnyeyə etimadsızlıq votumu irəli sürüb.  Qeyd edək ki, Fransa Konstitusiyasının 49.3-cü maddəsi hakimiyyət orqanlarına qanunları səsvermə olmadan qəbul etməyə icazə verir. Lakin bu maddədən istifadə edilərsə, parlament 24 saat ərzində hökumətə etimadsızlıq səsverməsi elan etmək hüququna malikdir. Odur ki, bəzi fransız deputatlar bu hüquqlarından yararlanmağa çalışırlar.

Fransanın ultra-sağçı "Milli Birlik" Partiyasının lideri  Jordan Bardella bildirib ki,  onun partiyası qanun layihəsinin dəyişdirilməsini nəzərdə tutan məntiqli tədbirlər təklif edib. Lakin bu təkliflər nəzərə alınmayıb və buna görə də hökumətin təqdim etdiyi büdcə haqqında qanun layihəsi fransızların alıcılıq qabiliyyətini zəiflədəcək. Qeyd edək ki, parlamentin Aşağı Palatasında 126 deputatla təmsil olunan "Milli Birlik" hökumətə etimadsızlıq votumunun elan edilməsi məsələsində əhəmiyyətli rol oynaya bilər. Parlamentdəki solçu “İtaətsiz Fransa” fraksiyasının lideri Matilda Pano vurğulayıb ki, bu, Fransa tarixindəki ən qəddar sosial təminat büdcəsidir. Hökumətin elektrik enerjisi vergilərinin artırılması ilə bağlı planını büdcə layihəsindən çıxarmağı tələb edən  Marin Le Penin “Milli Birlik” Partiyası “X” sosial şəbəkəsində Mişel Barnyenin Nazirlər Kabinetinə etimadsızlıq votumunu dəstəkləyəcəyini təsdiqləyib. Yeri gəlmişkən, bu günlərdə Fransadakı “Elabe” İnstitutunun keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən, fransızların 63 faizi hökumətə etimadsızlıq göstəriblər.

Bu etimadsızlıqda ölkədəki vəziyyət də önəmli rol oynayır.  Belə ki, Fransa tarixində görünməmiş vəziyyətlə üz-üzədir. Dövlət maliyyəsi üzərində nəzarət itib, bu il kəsir ümumi daxili məhsulun 6,2 faizinə çatır. Dövlət borcu ilin sonunadək ÜDM-in 113 faizinə çatacaq. İqtisadiyyat hazırda durğunluq içərisindədir, işsizlik artır və investorlar Fransadan kütləvi şəkildə üz döndərirlər. Ölkədə 1968-ci ilin mayından bəri görünməmiş vəziyyətlə üzləşib - dövlət təsisatları xaosa qərq olub, dövlət öz əsas missiyalarını yerinə yetirməkdə acizlik nümayiş etdirir.

Etimadsızlıq votumu üzrə səsvermə dekabrın 4-də keçiriləcək. Lazımi səs çoxluğu (577-dən 289-u) halında votum qəbul olunacaq və hökumət istefaya gedəcək. Hazırkı Baş nazir və onun kabineti istefaya getsə, Fransa yenidən uzun müddət hökumətsiz qala bilər. Hələ o zaman bəzi ekspertlər Barnye hökumətinin uzun müddət davam edə bilməyəcəyini, daha doğrusu, onun ömrünün çox qısa olacağını bildirmişdilər. Yeri gəlmişkən qeyd edək ki, Barnyenin kövrək koalisiyası 1962-ci ildən bəri etimadsızlıq səsverməsi alan ilk Fransa hökuməti olacaq.

Onlar, həmçinin Fransa Prezidenti Emmanuel Makronun istefasını da tələb edəcəklər. Bu niyyətlə dekabrın 7-də  Parisdə nümayiş də keçiriləcək. Bu barədə məlumatı Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo hökumətə qarşı etimadsızlıq səsverməsi təhlükəsi fonunda sosial şəbəkələrdə bildirib: "Dekabrın 7-də saat 14:00-da Parisdə "Makron istefa!" nümayişi keçiriləcək. Hər kəs gəlməlidir!" O, həmçinin Fransa liderinin həyat yoldaşı Bricit Makronun "fransızlar ona layiq deyil" sözlərini ələ salıb və prezident cütlüyünü "çamadanlarını yığmağa" çağırıb. Bu isə o deməkdir ki, Fransa hökuməti devriləcəyi təqdirdə Makronun istefası məsələsi qaçılmaz olacaq.

Bütün bunlar isə o deməkdir ki,  fransızlar onların iqtisadi inkişafa mane olan, artıq düşünülməmiş addımları ilə Fransanın da imicini aşağı salan, müstəmləkəçilik siyasətini davam etdirən, Azərbaycana qarşı mütəmadi hədyanlar yağdıran, Cənubu Qafqazı qan canağına döndərmək məqsədilə təcavüzkar Ermənistanı silahlandıran, ölkəsini hər keçən gün daha çox təcrid vəziyyətinə salan Emmanuel Makronu hakimiyyətdən uzaqlaşdırmaqda israrlıdır.  Bununla da fransız xalqı Azərbaycan rəsmilərinin Makronla bağlı  fikirləri ilə demək olar ki, həmrəylik nümayiş etdirir: İstər daxildə, istərsə də xarici arenada uğursuz siyasət yürüdən Makron prezidentliyə layiq deyil. Bununla da onlar bəşəriyyətə sözün həqiqi mənasında öz töhfələrini vermiş olacaqlar.

Qvami Məhəbbətoğlu, “İki sahil”