“Azərbaycan Cənubi Qafqaz regionunda tezliklə sülh və təhlükəsizliyin təmin olunmasının tərəfdarıdır. Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi bölgənin strateji gündəliyinin və siyasi gündəminin aktual mövzusudur. Yeni mərhələdə bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması, qarşıdurma və təhdidlərin istisna olunması üçün sülh müqaviləsinin imzalanması vacibdir”.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanan Azərbaycan bununla da, Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratmış oldu. Müharibədə Ermənistanı ağır məğlubiyyətə uğratmasına baxmayaraq Azərbaycan dövləti bölgənin gələcəyi naminə qarşı tərəfə beynəlxalq hüquq normalarına əsaslanan sülh sazişini imzalamağı təklif edib. Uzun müddətdir ki, sülh sazişi üzrə danışıqlar davam edir. Lakin Ermənistan sülh üçün əsas şərtləri yerinə yetirməkdən yayınmağa çalışır.
Millət vəkilinin sözlərinə görə, Ermənistanın bu manipulyasiya və siyasi avantüralarının son məqsədi sülh prosesini ləngitmək və ya iflasa uğratmaqdır. Paşinyan hakimiyyəti regionda formalaşan yeni arxitekturanı, olduqca pozitiv əməkdaşlıq imkanlarını, inkişafı və təhlükəsizliyi təhdid edir və açılan yeni perspektivlərə zərbə vurmağa çalışır. Digər tərəfdən, Ermənistan hazırda işğaldan azad olunmuş ərazilərdə görülən işlərin miqyasını aydın görür. Sülh prosesinin pozulmasında məqsədlərdən biri də bu prosesə zərbə vurmaqdır.
Sevinc Fətəliyeva qeyd edib ki, əvvəlki dövrdə rəsmi İrəvan KTMT-ya arxalanırdısa, sonradan baş verən hadisələr artıq bu ölkənin oryentirlərini dəyişdiyini və açıq şəkildə Qərbdə dəstək axtardığını göstərdi. Belə ki, Ermənistan artıq NATO-nu bölgəyə gətirməyi və öz revanşist məqsədlərini Qərbin əli ilə reallaşdırmağı düşünür. Bəzi Qərb ölkələrinin rəsmi nümayəndələrinin açıqlamaları, Ermənistanın silahlandırılması, görünür, Paşinyan hakimiyyətini “ruhlandırır”.
“Dünya dövlətləri və beynəlxalq təşkilatlar Ermənistanın hazırda yürütdüyü siyasətin mahiyyətini aydın görməli, onun əsl niyyətlərini düzgün qiymətləndirməlidir. Əgər Ermənistan sülhə məcbur edilməsə regionda qeyri-sabitlik davam edəcək. Çox maraqlıdır ki, hazırda bir sıra Qərb ölkələri Ermənistanın sülhə yox, revanşizmə sövq etməyə çalışır. Fransa kimi ölkələrin addımları da bunu sübut edir. Sual olunur, Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayarkən onlar nə üçün susurdular? Nə üçün haqqın, ədalətin yanında deyildilər? Bu faktlar dünyada ikili standartların göstəricisidir. Azərbaycan öz mövqeyində beynəlxalq hüquq normalarına arxalanır. İşğalçı, təcavüzkar dövlət Ermənistandır. Bu gün sadəcə, ölkəmiz haqqında beynəlxalq birlikdə yanlış rəy formalaşdırmağa çalışır. Belə bir halda, kimlərinsə ölkəmizi ittiham etməsi qəbulolunmazdır. Əgər beynəlxalq birlik, dünya gücləri regionumuzda sülh və sabitliyin təmin olunmasını istəyirsə Ermənistana təzyiqlər göstərməlidirlər. Lakin biz görürük ki, Ermənistanın yeni müharibə avantürası Qərbin növbəti planıdır. Burada Ermənistan hakimiyyəti ilə Qərbin maraqları üst-üstə düşür. Rəsmi İrəvan nəzərə almalıdır ki, sülhü yox, hərbi təxribatlar yolunu seçərsə layiqli cavabını alacaq”,-deyə millət vəkili vurğulayıb.