Prezident Cozef Bayden ölkəsindəki siyasi sifarişlərdən və həbslərdən danışdı
Özünü dünyada demokratiyanın dayağı kimi qələmə verən ABŞ bir dövlət kimi yerli hindu tayfalarının soyqırımı, dəhşətli işgəncələr və insan haqlarının kobudcasına pozulması üzərində qurulub. Yerli qara dərililər insan hesab olunmayıb və onları təhqir edənlər, döyənlər, hətta öldürənlər məsuliyyətə belə cəlb olunmayıblar. Avropadan axışıb okeanın o tayına gedənlər orada gözqamaşdırıcı təbii sərvətlərin yerin səthinə çıxdığını görəndən sonra varlı işbazlar öz mənfəətlərini daha da artırmaq üçün bu zorakı dövləti sürətlə inkişaf etdirərək müasir vəziyyətə gətiriblər. Yerli hindular isə öz torpaqlarında hüquqsuz kölələrə və qullara çevriliblər. Hindu əhalisi hazırda da ikinci, üçüncü sort insanlar kimi qəbul edilərək haqq və hüquqları əllərindən alınmış və ya məhdudlaşdırılmış vəziyyətdə yaşayır. Belə vəziyyət yüz illərdir ki, davam edir. İndiyədək ölkələri guya insan haqları pozuntusuna görə gözümçıxdıya salan ABŞ-ın heç bir dövlət rəhbəri bu həqiqətləri etiraf etməyib. Ancaq gözlənilmədən ölkənin 46-cı prezidenti Cozef Bayden nəhayət, ABŞ-da insanların siyasi sifarişlə təqib edildiyini və hətta əsassız surətdə həbs olunduğunu deyir. Özünün bildirdiyinə görə, bunun səbəbi ailə üzvlərindən birinin siyasi repressiyaya məruz qoyulmasıdır.
Dekabrın 2-də ABŞ Prezidenti Cozef Bayden oğlu Hunter Baydenin yalnız soyadına, yəni onun oğlu olduğuna görə ittiham olunduğunu və siyasi motivlərlə həbs edildiyini əsas gətirərək azad olunması haqqında əfv Sərəncamı imzalayıb. Xatırladaq ki, Hunter Bayden bu yay silah alarkən narkotik istifadəçisi olduğunu yalandan bəyan etməyə və vergidən yayınmaya görə məhkum edilib və hər iki iş üzrə cəza bu ayın ortalarında elan olunmalı idi. Bayden əfv qərarını əsaslandıran zaman deyib ki, Hunterin işlərini düzgün araşdıran heç bir məntiqli şəxs onun yalnız mənim oğlum olduğu üçün hədəfə alındığını inkar edə bilməz: "Açıq demək lazımdır ki, bu siyasi motivli həbs olub ədalətin kobud formada pozulmasıdır." Prezident daha sonra əlavə edib: “Oğlum Hunterı "sındırmağa" çalışıblar. Lakin o, beş il yarımdır ki, təmizdir, buna baxmayaraq amansız hücumlar və selektiv ittihamlarla üzləşib. Onu “qırmağa” çalışarkən məni də “sındırmağa” çalışıblar və siyasi repressiyanın burada dayanacağına inanmaq üçün heç bir səbəb yoxdur.” Beləliklə, Prezident Bayden açıq etiraf edib ki, ABŞ-da hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmə özlərinin daim iddia etdikləri kimi ədalət və qanunun aliliyi prinsipi ilə deyil, siyasi sifarişlə, siyasi motivlər və uydurulmuş faktlar əsasında oğlunu həbs edib.
Prezident Cozef Baydenin etirafı çox gecikmiş olsa da təqdirəlayiqdir. O, ilk ABŞ prezidentidir ki, nəhayət, hakimiyyətinin son günlərində ABŞ-da baş verən siyasi repressiyaları, təqib və həbsləri açıq mətnlə etiraf edib.
Bu gün ABŞ ədliyyəsi dünyanın istehza hədəfidir.
Necə olur ki, 9 ittiham üzrə məhkəmədə təqsirli olduğu bilinən president oğlu əfv edilir? Halbuki prezidentin oğlunu vergi itithamı üzrə 17 il həbs və 1 milyon 350 min dollara qədər cərimə, silah alışına görə 25 ilə kimi azadlıqdan məhrumetmə cəzası və 750 min dollar cərimə gözləyirdi. Silah alışı ittihamı üzrə onun həbsi dekabrın 13-nə, vergi məsələsi ilə bağlı isə dekabrın 16-na nəzərdə tutulmuşdu.
Məsələ burasındadır ki, ABŞ-ın seçilmiş Prezidenti Donald Tramp ölkənin hazırkı lideri Cozef Baydenin oğlu Hunteri əfv etməsini kəskin tənqid edib. O, bu barədə özünün "Truth Social" sosial şəbəkəsində yazıb. Tramp kiçik Baydenin əfv edilməsini ədalət mühakiməsinin pozulması və sui-istifadəsi adlandırıb. “Hunterin əfv edilməsi bir neçə ildir həbsdə olan 6 yanvar “girovlarını” da əhatə edirmi?" 6 yanvar “girovları” dedikdə Tramp 2021-ci il yanvarın 6-da Kapitoliyə basqında tutulanlara işarə edir.
Maraqlıdır ki, “demokratik” ölkənin iki prezidentindən hansı qərəzli, hansı düzünü danışır? Açıq görünür ki, özgələrə tətbiq etdikləri ikili standart indi özlərinə qənim olur.
Bundan başqa, Baydenin mötəbər etirafı özü ilə bir sıra suallar da gətirib ki, onlar izahat tələb edir. Konkret olaraq bizim ölkəmizə qarşı siyasi və iqtisadi təzyiqləri yada salaq. Azərbaycanda guya siyasi motivli həbslərin olması, torpaqlarımızı işğal edərək azərbaycanlıları soyqırımına məruz qoyan, şəhər və kəndlərimizi iyirmi səkkiz il müddətində dağıdıb xarabazara çevirən, həbs olunaraq Bakı həbsxanasında saxlanan başkəsən erməni terrorçularının azad edilməsi barədə ard-arda bəyanat verən konqresmenlər, senatorlar və Dövlət Departamenti Baydenin ABŞ-da siyasi həbslərin olması ilə bağlı açıqlamasını necə izah edəcəklər? Öz gözlərində tiri görməyib başqalarının gözündə tük axtaran "ədalət mühafizləri" dünya ictimaiyyətinə nə cavab verəcəklər? Azərbaycana qarşı "Azadlığa Dəstək Aktı"na etdikləri 907-ci düzəlişə hansı arqumentlə haqq qazandıracaqlar? İşğalçı Ermənistana hər il irimiqyaslı maliyyə yardımlarını necə əsaslandıracaqlar? Bütün bu ədalətsizliklərin davam etdirilməsi hansı niyyətə xidmət edir?
Hər addımlarında Azərbaycanı haqsız günahlandıran bu adamlar özlərinin riyakarlığını və ikiüzlülüyünü, demokrtaiya və insan haqları adı altında ölkəmizə təzyiq etdiklərini etiraf etsələr bəlkə səmimi təsir bağışlayardılar. Bunun əvəzində İrəvan konyakından başları dumanlanan senator və konqresmenlər erməni lobbisindən bahalı hədiyyələr qəbul edərək haqq-ədalət meydanını bazara çeviriblər. Əlbəttə ki, ədalətsizliklə yaranan bir dövlətdən ədalət ummaq yersiz olardı. Çünki xalqlara hökm etmək, təkəbbür və zor göstərmək, yersiz iddialar irəli sürmək, şəxsi qərəzlər və korporativ maraqlar buna imkan verməz. Yəni, necə bitiblərsə eləcə də itəcəklər...
Vəli İlyasov, "İki sahil"