07 dekabr 2024 01:57
331

Qərbin iflasa uğrayan siyasi şouları

Cənubi Qafqazın siyasi, iqtisadi, hərbi qüdrəti ilə seçilən lider ölkəsi Azərbaycanın İkinci Qarabağ müharibəsində Qələbəsindən sonra Ermənistana hər sahədə dəstək göstərən ABŞ, Qərb, anti-Azərbaycan dairələr strategiyalarını dəyişiblər. Torpaqlarımız Ermənistanın işğalı altında qaldığı 30 ilə yaxın müddətdə guya tərəflər arasında sülh danışıqlarının tənzimlənməsi bəhanəsi ilə ATƏT-in Minsk qrupunu formalaşdıran Qərb rəsmi İrəvana dəstəyini davam etdirir. NATO-nun Lissabon, Brüssel, Çikaqo, Uels, Vaşinqton Zirvə görüşlərində, nüvə təhlükəsizliyi məsələsinə həsr olunmuş Koreya, Çikaqo sammitlərində, Münxen Təhlükəsizlik konfranslarında XXI əsrdə qloballaşan dünyada təhlükəsizlik çağırışlarına dəstək göstərən rəsmi Bakı ilə əməkdaşlıqda israrlı olduqlarını bildirənlər əslində Ermənistanın işğalçılıq, etnik təmizləmə siyasətinə hüquqi don geyindirmək üçün zaman qazanmağa çalışırdılar. 2001-ci ildə ABŞ-ın «Qoşa qüllələri»ndə baş verən hadisədən sonra Ağ Evin beynəlxalq terrorizmə qarşı mübarizə çağırışına ilk qoşulan, quru və dəniz yolları ilə insan, pul və mal qaçaqmalçılığına qarşı aparılan əməliyyatlarda iştirak edən, qeyri-qanuni fəaliyyətlərin qarşısını almaqda rəsmi Vaşinqtona yardım göstərən, beynəlxalq sülhü dəstəkləmə missiyalarına öz töhfəsini verən Azərbaycana qarşı ikili standartların davam etməsi Cənubi Qafqazda siyasi sabitliyə ən böyük təhlükədir.

İkinci Qarabağ müharibəsindən sonra torpaqlarını öz gücü, ədalət prinsipləri, beynəlxalq hüquq normaları əsasında azad edən ölkəmizin siyasi, iqtisadi , hərbi qüdrətini görən Ağ Ev Administrasiyası, Qərb dövlətləri, Avropa İttifaqı (Aİ) və digər təsisatlar Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün pərdəarxası dəstəklərini təklif etsələr də əsl məramlarını gizlədə bilmirlər. Yalançı vədlərlə Azərbaycana əl uzadanlar əslində Ermənistana yardımlarını hər vasitə ilə davam etdirirlər.

Praqada keçirilən «Avropa Siyasi Birliyi»nin Sammiti ilə başlanan sülh sazişinə kağız üzərindəki «dəstək» də istənilən nəticəni vermədi. Ermənistanın hərdəmxəyal baş naziri Nikol Paşinyanın sərsələmələrinə, sayıqlamalarına əsaslananlar, Azərbaycanın haqlı tələbini eşitməyərək rəsmi İrəvanın idarəolunan, dəyişkən siyasətinə üstünlük verənlər hələ də planlarına uyğun təxribatlarını davam etdirir, tərəflər arasında sülh sazişinin imzalanmasına hər vasitə ilə əngəl törədirlər.

Ermənistanla Azərbaycanın şərti sərhədində əldə olunmuş razılığa görə Avropa İttifaqının azsaylı Mülki Müşahidə Missiyasını yerləşdirən, sonralar sayını artıran, «binokl diplomatiyası» ilə beynəlxalq hüquqa zidd əməllərini davam etdirən, humanitar yardım bəhanəsi ilə Sülh Fondunun vəsaitləri hesabına Ermənistana 10 milyon euro dəyərində hərbi dəstək göstərənlər də Aİ rəsmiləri idi. Sözdə bölgədə sülhün təminatına dəstək göstərən ABŞ-ın Ermənistana eyni məqsədli köməyini də unutmaq olmaz. ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycanınla Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında aparılan danışıqlar da «gözə kül üfürmək» effekti yaratdı. Ağ Evin guya Cənubi Qafqazda sabitliyin təminatına, tərəflər arasında sülh sazişinin imzalanmasına inamı artırmaq üçün göstərdiyi canfəşanlıq əslində ABŞ-ın Ermənistana planlaşırdığı hərbi dəstəyi reallışdırmaq üçün manevri imiş.

«ABŞ Avropa İttifaqı və digər həmkarları ilə birlikdə bu prosesə dəstək verib. Bugünkü görüş əldə olunmuş irəliləyişləri nəzərdən keçirmək üçün bir fürsətdir. Bütün təmaslar, o cümlədən son həftələrdə aparılan müzakirələrə əsasən düşünürəm ki, tərəflər ABŞ-ın da güclü şəkildə dəstəklədiyi sülh razılaşmasını əldə etməyə yaxındır. Bu gün ABŞ-ın razılaşmanın əldə olunması üçün nələr edə biləcəyini müzakirə etmək üçün bir aradayıq» söyləyən Dövlət katibinin sözləri də özünü doğrultmadı. Əksinə, Ermənistana hərbi yardımlarını artıran, hərbçilərinin Ermənistanda təlim- məşqlərini təşkil edən Ağ Evin Azərbaycanla Ermənistan arasında «sülh sazişinə silahlı dəstəyi» anlaşılan deyil. Beynəlxalq ictimaiyyətin diqqətində olan Vaşinqton görüşü ilə bağlı Almaniyanın xarici işlər naziri Annalena Berbokla müzakirə aparan Blinkenin bu təşəbbüsü də siyasi boşboğazlıq təsəvvürü yaratdı. COP29-un keçirildiyi günlərdə Bakıda səfərdə olan Annalena Berbokun Azərbaycan əleyhinə söylədiklərini, ABŞ ilə Almaniyanın ölkəmizə qarşı anti-Azərbaycan münasibətlərini nəzərə alsaq Dövlət katibi ilə xarici işlər nazirlərinin hansı « sülhə» dəstək verdikləri bəlli olur.

Qərbin Cənubi Qafqazda «sülh göyərçini» obrazına daha bir misal. «Avropa Siyasi Birliyi»nin Moldovada keçirilən ikinci Zirvə görüşündə
 sülh müqaviləsinin imzalanması üçün elə bir ciddi maneənin qalmadığını diqqətə çatdıran dövlət başçımız İlham Əliyevin söylədiyi kimi, Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü ədalətli və beynəlxalq hüquqa əsaslanan tələblər çərçivəsində sərhədlərin delimitasiyasını aparmalı, qəbul olunmuş bəyanatlarda nəqliyyat infrastrukturunun bərpası barədəki şərtlərə əməl etməli, Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliyini yerinə yetirməlidir.
 Brüsseldə, Moskvada baş tutan üçtərəfli görüşlərdə tərəflərin 1991-ci il Almatı Bəyannaməsinə uyğun Ermənistanın (29,800 kv. kilometr) və Azərbaycanın (86,600 kv. kilometr) müvafiq ərazi bütövlüyünə birmənalı sadiq qalmaları Kişineu danışıqlarında sülh sazişinin imzalanması ilə bağlı ümidləri artırsa da Qərbin oyuncağına çevrilən Paşinyanın fikirlərini tez-tez dəyişməsi üzündən bu sammitdə də real nəticə alınmadı. Səbəb yenə də ABŞ-ın, Qərbin buqələmun kimi hadisələrə uyğun mövqe dəyişmələri idi. Kişineu Sammitində Fransanın Prezidenti Emmanuel Makronun və Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə keçirilən görüşdə də Ermənistan başqalarının dili ilə danışdı, dirijor çubuğu ilə hərəkət etdi.

Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması bəhanəsi ilə İspaniyanın Qranada şəhərində beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) keçirilməsi nəzərdə tutulan görüşdə də anti-Azərbaycan ab-havası formalaşdı. Bu səbəbdən görüşdə iştirakdan imtina edən Prezident İlham Əliyev dəfələrlə bildirib ki, bölgədən uzaq məsafələrdə yerləşən dairələrin Azərbaycanla Ermənistan arasındakı danışıqlara, sülh sazişinin bağlanması prosesinə müdaxilələri yolverilməzdir. Bu baxımdan Qrenada formatı siyasi şou kimi dəyərləndirildi. Rəsmi Bakı bir daha bildirdi ki, bu məsələlər yalnız regional çərçivədə müzakirə oluna və həll edilə bilər. Qətiyyətlə bildirildi ki, Fransanın iştirak etdiyi heç bir format Azərbaycan üçün məqbul deyil və rəsmi Bakı belə platformada iştirak etməyəcək. Qətiyyətini siyasi şou təşkilatçılarına bir daha göstərən Prezident İlham Əliyev sübut etdi ki, Azərbaycanla təhdid, təzyiq dili ilə danışmaq olmaz. Azərbaycanın apardığı, cəmi 24 saat davam edən lokal xarakterli antiterror tədbirinin sülh sazişinin imzalanmasına ümidləri artırdığı məqamda, çirkin niyyətlilərin Qranadada görüş xəyalına düşmələri əbəs deyildi. Qarabağda yaşayan erməni icmasının nümayəndələri ilə Azərbaycanın mərkəzi hakimiyyətinin nümayəndələri arasında keçirilən Yevlax, Xocalı görüşlərinin davam etdiyi, danışıqlar zamanı humanitar yardımlarla bağlı irəli sürülən təkliflərin həlli istiqamətində lazımi islərin görülməsi üçün tərəflər arasında razılığa gəlməyin əminliyin artdığı məqamlarda bu cür siyasi şouların təşkili təbii ki, Qərbin növbəti manipulyasiyası, antiAzərbaycan gedişləri idi. Bütün təxribatların qarşısını liderlik qətiyyəti ilə alan Prezident İlham Əliyev Qərbə öz yerini göstərdi. Ermənistana dəstək naminə təşkil olunan danışıqlarda iştiraka ehtiyac görmədiyi üçün görüşdən imtina edərək Qranadaya getmədi. Bildirildi ki, Cənubi Qafqaz bölgəsinə bir dəfə də olsun səfər etməyən, Azərbaycan haqqında doğru-dürüst məlumatı olmayan, tarixini bilməyən, artıq gorbagor olmuş «Dağlıq Qarabağ respublikası»nın harada yerləşdiyi barədə anlayışdan məhrumların Azərbaycanla Ermənistan arasındakı danışıqlarını öz maraqları baxımından «təhlil etmələri» sülh sazişinə əngəldir. Hazırda gündəmdə olan sülh sazişi yalnız regional çərçivədə müzakirə və həll edilə bilər.

İkinci Qarabağ müharibəsindən keçən müddətdə bu cür oyunlar səbəbindən gecikən sülh müqaviləsi ilə bağlı oyunların bəzi məqamlarını, ABŞ və Qərbin ikili standartlardan qaynaqlanan oyunlarını nəzərə alsaq Birləşmiş Ştatların Dövlət katibi Antoni Blinkenin ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi təşəbbüsünün məqsəd və məramını başa düşmək o qədər də çətin deyil. Ağ Evdə mövcudluqlarına az qaldığı müddətdə ABŞ-ın yenidən vasitəçilik həvəsinə düşməsi Ermənistana dəstəkdən başqa bir şey deyildir. Dövlət katibinin israrlı təkidinə baxmayaraq Azərbaycan Blinkenin görüş təklifindən qəti imtina edib. Səbəb aydındır. Ermənistan –Azərbaycan münaqişəsinin 30 ilə yaxın davam etdiyi müddətdə, Vətən müharibəsindən sonra da rəsmi İrəvanı dəstəkləyən Bayden Administrasiyası daim Azərbaycanla bağlı ədalətsiz, qərəzli siyasət yürüdüb”. Buna görə də Azərbaycan Ağ Evin hazırkı komandasının sülh gündəliyində iştirakını istəmir, bu vasitəçiliyi məqsədəuyğun hesab etmir”. Rəsmi Bakının bu vasitəçilikdən imtina etdiyi üçün görüş baş tutmayıb.

«Vacib olan isə odur ki, Ermənistan özü indi Ermənistanın Qərbdəki bəzi dostlarından daha açıq şəkildə deyir ki, onlar bunu de-fakto tanıyırlar, çünki ötən ilin oktyabrında onlar Praqa Bəyannaməsini, yenə də ötən ilin oktyabrında Soçi Bəyannaməsini imzalayıblar. Orada razılaşıblar ki, 1991-ci il Almatı Bəyannaməsi normallaşma üçün əsas kimi götürülməlidir. Almatı Bəyannaməsi faktiki olaraq keçmiş respublikaların sərhədlərini müəyyənləşdirib və onları rəsmi sərhədlər hesab edib. Bu, o deməkdir ki, onlar artıq razılaşıblar ki, Qarabağ Azərbaycandır» sözləri ilə bu cür cəhdlərin sülh sazişinin imzalanmasına əngəl olduğunu qətiyyətlə bildirən Prezident İlham Əliyev əlavə olaraq vurğulayır ki, onlar, sadəcə, sonuncu sözü deməlidirlər: «Onlar A deyiblər, B deməlidirlər. Onlar mənim söylədiyimi söyləməlidirlər – Qarabağ Azərbaycandır! Mən bunu gözləyirəm. Ümidvaram ki, o gün gələcək.»

Xuraman İsmayılqızı, «İki sahil»