Ukrayna NATO-ya dəvətin və təhlükəsizlik zəmanətinin yalnız Kiyevin nəzarəti altında olan ərazilərə şamil olunması ilə razılaşa bilər, lakin rəsmi olaraq ölkə 1991-ci il sərhədləri daxilində alyansa dəvət edilməlidir.
“İki sahil” xəbər verir ki, Volodimir Zelenski bu barədə CBN telekanalına müsahibəsində deyib.
“Əgər müharibəyə son qoymaq istəyiriksə, bütün Ukrayna ərazisi üçün dəvət lazımdır. Bu, konstitusiyamızda təsbit olunduğu üçün müzakirə edilmir. Lakin alyansın fəaliyyəti və görülən tədbirlər, həmçinin təhlükəsizlik zəmanətinin sonradan bütün ölkəyə şamil olunması şərti ilə hazırda Kiyevin nəzarətində olan və ya sonradan nəzarət edəcəyi ərazilərə aid olunacağı haqqında danışıq apara bilərik”, - deyə Volodimir Zelenski bildirib.
Xatırladaq ki, Moskva regionda vəziyyətin nizamlanması üçün Kiyevin NATO-ya üzvlük niyyətindən əl çəkməsini və Rusiyaya qarşı sanksiyaların ləğvini tələb edir.
Ukrayna ordusunun Kursk vilayətində hücumundan sonra isə Rusiya Prezidenti Vladimir Putin Kiyevlə danışıqlar aparmağın mümkünsüz olduğunu bildirib.