12 dekabr 2024 02:58
95

Ermənistanda sülhə mane olan "gizli əllər"

Son dövrlər Avropa İttifaqı (Aİ) missiyası çərçivəsində sərhəddə “binokl”la müşahidələr intensivləşib. Bu hərəkətlilik təbii olaraq Azərbaycan tərəfindən müsbət qarşılanmır. Diplomatların sərhəddən bizi niyə müşahidə etdikləri izah olunmur. Məsələn, Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Ermənistan-Azərbaycan şərti sərhədində olub, Səfir nə gördü və hansı qeydləri apardı? O vurğulayıb ki, plan missiyanın mövcudluğunu təxminən iki dəfə artırmaqdır, bu da əlavə bir neçə yüz nəfər deməkdir. Dekotini iddia edib ki, onlar vaxtilə Qarabağda olmuş Rusiya hərbi kontingentindən daha çox iş görüblər. Səfir deyir, özü “sərhəddə gözləri ilə görüb” ki, missiyanın qalmasına, sayının artırılmasına, mandatının uzadılmasına “zərurət” var.

Xatırladaq ki, 2022-ci ilin payızında bu barədə verilən siyasi qərarda 2 aylıq 40-50 silahsız müşahidəçinin Azərbaycan - Ermənistan sərhədində monitorinqlər aparması nəzərdə tutulmuşdu. Rəsmi Bakıda ona etiraz etməmişdi, amma 2 aylıq müddət 2 ili keçib, kontingentin tərkibi 40 nəfərdən 400 nəfərə çatıb. Şübhəsiz ki, onları ən müasir kəşfiyyat avadanlıqları ilə təmin ediblər. Bugünlərdə Azərbaycan mediasında Ermənistanla sərhəddə qurulan kəşfiyyat mərkəzinin fotolarının yayılması da Fransanın timsalında Avropa İttifaqının gerçək planlarına işıq tutur. Səfirin dediklərindən məlum olur ki, missiya getdikcə böyüdülərək Aİ-nin (əslində Fransanın) Ermənistandakı hərbi bazasına çevriləcək. Nəzərə alaq ki, İrəvan və Paris arasında hərbi əməkdaşlıq sürətlə genişləndirilir.

Erməni mediasının yaydığı məlumata görə, Avropa İttifaqının Ermənistandakı missiyası Cermuk (İstisu) istiqamətində yerləşib. Müşahidəçilər 13-14 nəfərlik qrupdan ibarətdir. “Hraparak” nəşri yazır ki, bu qrup daimi olaraq orada yaşayacaq. “Cermuk sakinləri bildirib ki, onlar hər gün bölgəni gəzir, sərhədə gedir, müşahidələr aparırlar. Lakin kənarda onların yanına gəlib-gedənlər yoxdur. Sakinlər bildirir ki, müşahidə qrupunun yerli administrasiya ilə heç bir əlaqəsi yoxdur, onlar heç məlumat almır, yaxud vermirlər. Fəaliyyətlərinin nə olduğu bilinmir”, – nəşr yazır.

Bu məlumatda əsas diqqətçəkən məqam “müşahidə qrupu”nun Cemruk istiqamətində daimi yerləşməsidir. 2022-ci ilin sentyabrında Ermənistanın sərhəddə təxribat hücumundan sonra baş verən hərbi eskalasiya nəticəsində Azərbaycan Ordusu Cermuk istiqamətində strateji əhəmiyyətli yüksəkliklərə nəzarəti bərpa etdi. Ermənistan hakimiyyətinin əsas istəyi Azərbaycan Ordusunun geri çəkilməsidir. Bu məsələni diplomatik danışıqlarda daim dilə gətirməklə yanaşı, Ermənistanda Azərbaycan qoşunlarını geri çəkilməyə məcbur etmək üçün bu istiqamətdə hücum planları da olub. Bu kontekstdə Aİ-nin “müşahidə qrupu”nun Cermuk istiqamətində daimi yerləşməsi və müşahidələr aparması diqqət çəkir. Müşahidə missiyasının tərkibində Qərb ölkələrinin kəşfiyyatçılarının olduğu haqda daha öncə məlumatlar yayılıb. İstisna deyil ki, “müşahidə qrupu”nda yer alan 13-14 nəfər gerçəkdə Qərb casuslarıdır və bölgədə kəşfiyyat məlumatları toplamaqla yanaşı, Ermənistanın İstisu istiqamətində mümkün təxribat planlarının hazırlığında da iştirak edirlər.

Göründüyü kimi, Avropa İttifaqı bölgədə "sülh və sabitliyi təmin etmək" üçün "müşahidəçi missiyası" adı altında fəaliyyət göstərsə də reallıqda bu missiyanın mahiyyəti ilə məqsədləri arasındakı fərq ortadadır. "Müşahidəçilər" bölgədə sülhə nəzarət etmək əvəzinə, sanki kəşfiyyata çıxıblar. Bundan əvvəl də keçmiş Laçın dəhlizinə doğru "binokl"la müşahidə aparılmışdı. Azərbaycan münaqişədən sonra sülhə gedən yolda qətiyyətlə irəliləyir. Lakin Avropa İttifaqı və Qərb ölkələrinin Ermənistana verdikləri dəstək və "müşahidə missiyaları" adı altında apardığı fəaliyyətlər bu vəziyyəti bulandıraraq sülh səylərini çətinləşdirir. Bu missiya, əslində, rəsmi İrəvanın ardıcıl təxribatlarına göz yummaqla, bölgənin əmin-amanlığını pozmağa xidmət edir. Anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilən bu missiya Azərbaycanın Ermənistan ilə apardığı normallaşma prosesində hər hansı bir rola malik ola bilməz. Aİ missiyası təsis edilən gündən müxtəlif vədlərə baxmayaraq, missiya Azərbaycanın legitim maraqlarını nəzərə almayıb, missiya fəaliyyəti qarşılıqlı inam və etimadı təmin etməyib. Aİ missiyasının rəhbəri dəfələrlə Ermənistan tərəfinin yalan və böhtan dolu iddialarını əsas tutaraq, guya Azərbaycanın hər hansı bir hücuma hazırlaşdığı barədə fikirlər səsləndirdiyi, Aİ missiyasının əsas vəzifəsinin “Ermənistanı Azərbaycandan qorumaq” kimi təqdim edildiyi, bununla normallaşma prosesinə xələl gətirdiyi hər kəsə məlumdur. Bu mühitdə, Ermənistan tərəfi Aİ missiyasının mövcudluğundan sui-istifadə etməkdədir.

Bununla yanaşı, bütün dünyada öz işğalçılıq siyasəti, Azərbaycana qarşı 30 ilə yaxın hərbi təcavüzü ilə tanınan Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş və daha böyük hərbi təchizatlara (öldürücü və hücum tipli silah növləri daxil olmaqla) dair yeni vədlərin də yer aldığı kampaniya Azərbaycanın milli təhlükəsizliyinə təhdiddir. Bu prosesə Avropa İttifaqı mətbuat katibinin bəraət qazandırması narahatlıq mənbəyidir. Qonşularına qarşı ərazi iddialarından əl çəkməyən Ermənistanın strateji hücum silahları əldə etməsi daxil olmaqla, kütləvi şəkildə hərbiləşmə siyasətinə son qoyulmaması bölgədə növbəti gərginliyin yaradılması səyləri kimi qiymətləndirilə bilər.

Sevinc Azadi, “İki sahil”