“Ədibin Evi”ndə Ümummilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə Balaxanı və Suraxanı neftçilərinin siyasi xadim, alim və tədqiqatçı Həsən Həsənovla görüşü keçirilib.
“İki sahil” xəbər verir ki, Ulu Öndərin zəngin irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi məqsədi ilə təşkil edilən tədbirdə Heydər Əliyevin neft strategiyası və, xüsusilə, bu il imzalanmasından 30 il ötən onun imza əsəri “Əsrin Müqaviləsi”nin müstəqil Azərbaycanın inkişaf sütununa çevrilməsi tarixinə nəzər salınıb.
Tədbiri giriş sözü ilə açan “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva vurğulayıb ki, taleyin hökmü ilə Heydər Əliyevin Azərbaycana başçılıq etməsinin hər iki dönəmi ölkə üçün dərin böhran zamanlarına təsadüf edib. 46 yaşlı Heydər Əliyev Azərbaycan Kommunist Parityası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçiləndə Azərbaycan bir çox sahələrdə ümumittifaq göstəricilərindən geridə qalırdı: neft-qaz sənayesində ciddi geriləmələr mövcud idi, Xəzərdə kəşf edilən yataqların istismarı texnika və maliyyə imkanları olmadığına görə ləngiyirdi. Heydər Əliyevin ilk addımlarından biri hasilat sahəsində uzun illərdən bəri yığılıb qalmış problemlərə kompleks şəklində səmərəli həll yolları tapmaq, Azərbaycan neftçilərini səlahiyyətləndirmək idi.
“Müstəqillik dövrümüzdə xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu öndər daha dərin böhranla üzləşmiş, buna baxmayaraq az zamanda iqtisadiyyatın dirçəldilməsi üçün yenə də neft-qaz sektoruna əsaslı dəyişikliklər gətirimişdir. 1994-cü ilin sentyabrında 7 ölkənin 11 məşhur neft şirkəti ilə “Əsrin müqaviləsi”nin imzalanması bu məqsədə xidmət edirdi. Azərbaycanın inkişafında dönüş nöqtəsi olan və ölkəmizi beynəlxalq aləmin enerji təhlükəsizliyi təminatçılarından birinə çevirən bu sənədin imzalanmasından keçən 30 ildə Azərbaycanın neft-qaz sənayesinə 60 milyard ABŞ dolları həcmində sərmayə qoyulub. Məhz neft strategiyası Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə edilən tarixi Zəfərimizə zəmin yaradıb, ölkənin bütün sahələrində uğurları təmin edib”, - deyə qeyd edilib.
Ulu Öndərin dövlətçilik məktəbinin yetirməsi olan Həsən Həsənov isə Heydər Əliyevin rəhbərliyi altında tutduğu müxtəlif vəzifələrdə onunla iş prosesindən xatirələri ilə bölüşüb. Həsən Həsənov hələ Sovet dövründə Heydər Əliyevin Azərbaycanda çevik və uğurlu idarəçiliyinin əks-sədasının ümumittifaq miqyasında yayıldığını qeyd edərək, SSRİ-nin müxtəlif guşələrindən gələn yüzlərlə məktubda vətəndaşların Moskvadan məhz belə rəhbərin təyin edilməsini tələbi ilə çıxış etdiyini bildirib. Bu isə Sovet hakimiyyətinin vəzifəli şəxsləri arasında Heydər Əliyevə nüfuzla bərabər qısqanclığ da qazandırırdı. Həsən Həsənov bu günlərdə idarəçilik məktəbində tez-tez istifadə olunan “yaradıcı yanaşma”nın o zaman Heydər Əliyev tərəfindən tam tətbiq edildiyini vurğulayıb: “O, heç zaman sadəcə icraçı olmadı. Öz strateji düşüncəsi, Vətənə sevgi və xidmət missiyası Heydər Əliyevi davamlı olaraq yeniliklər gətirməyə, ölkənin bütün sahələrini dərindən anlayıb, təhlil edib yeni mütərəqqi istiqamətlər açmağa sövq edirdi”.
Balaxanı və Suraxanı neftçilərinə müraciətində Həsən Həsənov xatırladıb ki, Ulu Öndər Heydər Əliyevin vaxtilə böyük uzaqgörənliklə işlədiyi və bu gün Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi neft strategiyası Azərbaycanın gələcək nəsillərinə hələ çox nailiyyətlər qazandıracaq. Bunun üçün hasilat sahəsində çalışanlar Heydər Əliyevin neft strategiyası irsinin məsuliyyəti və etimadını doğrultmaqda davam etməlidirlər.