12 dekabr 2024 11:42
214

Heydər Əliyevin Azərbaycan Respublikasının milli təhlükəsizlik siyəsətinin formalaşmasında rolu

1993-cü ildən ölkə səviyyəsində xüsusi istiqamət kimi, vahid prinsiplərə söykənən milli inkişaf və təhlükəsizlik siyasəti həyata keçirilməyə başladı. Azərbaycanın milli inkişaf və təhlükəsizliyinin nəzəri və praktiki məsələləri geniş ictimai-siyasi və elmi müzakirəyə çıxarıldı, onun konseptual əsasları müəyyən edildi. Həmin dövrdən etibarən bu siyasət müstəqil dövlət quruculuğu proseslərinin bütün sahələrini əhatə edərək, milli inkişafın və dövlət idarəçiliyinin əsas vasitələrindən birinə çevrildi. 

Azərbaycanın milli təhlükəsizlik fəaliyyəti ilk 5-6 ildə əsasən təcili və təxirəsalınmaz işlərdən - ölkədə dərin ictimai-siyasi və sosial-iqtisadi böhranın doğurduğu daxili və xarici təhdidlərin qarşısının alınmasından, vətəndaş qarşıdurmasının dayandırılmasından və ölkə miqyasında dövlət idarəçiliyinin yaradılmasından ibarət idisə, sonrakı illərdə, xüsusən, 1998-ci ildən başlayaraq dövlətin xarici və daxili təhlükəsizliyinin milli sisteminin yaradılması sahəsində ardıcıl konseptual siyasi xəttə çevrilmişdir. 

Azərbaycan Respublikasının milli təhlükəsizliyinin nəzəri əsasları müstəqil dövlətimizin banisi Heydər Əliyevin 1993-2003-cü illərdəki ayrı-ayrı çıxışlarında öz əksini tapmışdır. 

Lakin bütövlükdə ölkənin Milli Təhlükəsizlik Konsepsiyasının ərsəyə gəlməsi və təhlükəsizlik siyasətinin tam formalaşdırması üçün Azərbaycan hökumətinə xeyli vaxt lazım olmuşdur. Heydər Əliyevin milli təhlükəsizlik siyasətinin mühüm istiqamətlərindən biri də milli təhlükəsizlik orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili və fəaliyyət istiqamətlərinin müəyyənləşdirməsi idi. O, Azərbaycan təhlükəsizlik orqanlarının müstəqillik illərindəki tarixini şərti olaraq iki dövrə bölürdü: 1991-1993-cü illər və ondan sonrakı dövr. 

1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyev xüsusi xidmət orqanlarının qarşısında öz səlahiyyətlərinə daxil olan vəzifələri yerinə yetirmək üçün peşəkar kadr potensialını formalaşdırmaq, strukturunu təkmilləşdirmək, təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, onları xalqın maraqlarına cavab verən səviyyədə hazırlamaq və həyata keçirmək üzrə prinsipləri və vəzifələri müəyyən etdi. Mövcud daxili və xarici təhdidlərə baxma-yaraq, təhlükəsizlik orqanlarının əməkdaşları öz işlərini Heydər Əliyevin tapşırıq və tövsiyələri əsasında qurmağa və həyata keçirməyə çalışırdılar. Böyük inamla demək olar ki, Azərbaycan Respublikasının hüquq mühafizə və təhlükəsizlik orqanlarının fəaliyyətinin dirçəliş və yüksəliş, sözün əsl mənasında milli maraqlara xidmət dövrü məhz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qa-yıdışı, bu qurumların işinin yenidən təşkilinə və nizamlanmasına göstərdiyi tələbkarlıq, eyni zamanda gündəlik nəzarəti, qayğısı və diqqəti ilə bağlı idi.

Heydər Əliyev 1997-ci il iyunun 28-də milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr olunmuş mərasimdəki çıxışında təhlükəsizlik orqanlarının qarşısında aşağıdakı vəzifələri qoyurdu: "Ancaq eyni zamanda sizin qarşınızda hələ çox böyük vəzifələr var. Birinci vəzifə ondan ibarətdir ki, sovet dövründə də, müstəqillik dövründə də bu orqanda buraxılmış səhvlər bundan sonra bir daha buraxılmasın. Sizin ən əsas məqsədiniz ondan ibarətdir ki, heç bir vətəndaşa qarşı ədalətsiz hərəkət edilməsin. Hər bir vətəndaşın hüquqlarının qorunması bizim dövlətimizin və pre-zident kimi mənim əsas vəzifəmdir. Bu vəzifənin də böyük bir hissəsini siz həyata keçirməlisiniz. İnsanların hüquqlarının qorunması, təhlükəsizliyinin təmin olunması, təkcə dövlətin yox, cə-miyyətin, xalqımızın da təhlükəsizliyinin təmin edilməsi sizin vəzifənizdir.

Ona görə də bir tərəfdən siz çox ciddi, cəsarətli tədbirlər görməlisiniz, ikinci tərəfdən, keçmişdə buraxılan səhvlərin heç birisini buraxmamalısınız. Yenə də deyirəm, gərək heç kəs ədalətsiz olaraq heç bir məhrumiyyətə məruz qalmasın, heç kəsin hüququ tapdalanmasın, heç kəsin mənliyinə toxunulmasın, hər kəsin vətəndaş ləyaqəti qorunub saxlanılsın”. Onun təhlükəsizlik və hüquq-mühafizə orqanlarının qarşısında qoyduğu tələblər nəticəsində 1990-94-cü illərdə müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yönəlmiş qəsdlər, terror aktlarının və digər ağır cinayətlərin qarşısının alınması istiqamətində əsaslı işlər görüldü. Belə ki, Heydər Əliyev «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında» 9 avqust 1994-cü il tarixli fərmanında Azərbaycan Respublikasının güc strukturları qarşısında mühüm vəzifələr qoydu. Dövlətin iqtisadi, siyasi əsaslarının təhlükəsizliyi, vətəndaşların həyatı, səhhəti və mülkiyyət hüquqları əleyhinə yö-nəldilən və əsasən mütəşəkkil cinayətkar dəstələr, qanunsuz silahlı birləşmələr və digər cinayətkar ünsürlər tərəfindən törədilən terror aktları, təxribat, qəsdən adam öldürmə, banditizm, silahın, döyüş sursatının və partlayıcı maddələrin talanması, eləcə də digər cinayətkarlıq hallarına qarşı mübarizəni gücləndirdi.

Heydər Əliyevin peşəkarlığı və yüksək idarəçilik qabiliyyəti sayəsində sabitlik əldə edildi. Onun təhlükəsizlik orqanları qarşısında yeni reallıqlardan irəli gələn vəzifələr qoyması ilə artıq qabaqlayıcı məlumatlar əsasında cinayətlərin hazırlıq, yaxud baş vermə ərəfəsində qarşısının alınmasına nail olundu. Heydər Əliyevin Azərbaycanın milli təhlükəsizlik siyasətinin aparıcı istiqamətlərini işləyib hazırlaması, Azərbaycan xüsusi xidmət orqanları qarşısında duran taleyüklü vəzifələri müəyyənləşdirməsi, respublikamızın digər dövlətlərlə təhlükəsizlik sahəsində strateji tərəfdaşlıq münasibətlərinin təşəkkülü yönümündə ardıcıl fəaliyyəti, Azərbaycanın təhlükəsizlik siyasətinin yaxın və uzaq perspektivi üçün konseptual müddəalarını açıqlaması, ümumiyyətlə, müasir dövrdə Azərbaycanın təhlükəsizlik strategiyası onun adı ilə bağlıdır. Dahi siyasətçi Heydər Əliyev nəinki bu strategiyanı formalaşdırmış, eyni zamanda, onun əməli surətdə həyata keçirilməsi üçün konkret istiqamətləri dəqiq müəyyənləşdirmişdir.

Azərbaycan Respublikası bu gün öz dövlətçilik ənənələrini daha da inkişaf etdirərək etibarlı gələcəyi, əbədiyaşarlığı üçün sarsılmaz təməl yaradır. Bu sahədə üzərinə mühüm vəzifələr düşən Dövlət Təhlükəsizlik Xidməti  Azərbaycan xalqının ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində mühüm işlər görmüşdür. Dövlət Təhlükəsizlik Xidməti ölkənin və xalqın təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, müstəqil respublikamızın sələfi olan Azərbaycan Xalq Cümhuriyyətindən miras qalmış milli-mənəvi dəyərlərin qorunması, irslə varis arasındakı bağların bərpası istiqamətində də xeyli uğurlar qazanmışdır. 

Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər nəticəsində təxribat-pozuculuq hallarına son qoyuldu. Heydər Əliyevin qeyd etdiyi kimi: «…xaricdəki və ölkə daxilindəki pozucu qüvvələr Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq, iqtisadi islahatların həyata keçirilməsinə və ölkəyə xarici kapitalın axınının təmin olunmasına mane olmaq məqsədi ilə digər təxribat əməllərinə, hətta ölkə başçısına qarşı terror aktlarına da əl atdılar. Həyata keçirilən məqsədyönlü və qəti tədbirlər nəticəsində bütün bu cəhdlərin qarşısı alındı». Lakin müasir dövrdə Azər-baycanda daxili təhlükəsizliyin təminatı məqsədi ilə terrorizmə qarşı mübarizə yalnız erməni terror təşkilatları və ya Ermənistan dövləti tərəfindən dəstəklənən terror təşkilatlarına qarşı mübarizə ilə məhdudlaşmır. Məhz Heydər Əliyevin apardığı siyasət nəticəsində bu gün də Azərbaycan beynəlxalq antiterror koalisiyasının üzvlərindən biri olmaqla ölkə daxilində müvafiq təşkilatların və onlarla əlaqədə şübhəli bilinən qurumların fəaliyyətinin maksimal dərəcədə nəzarət altında saxlanılmasına nail olmuşdur. Bu faktlar öz ifadəsini 2003-cü ilin mayın əvvəllərində ABŞ Dövlət Departamenti tərəfindən dərc edilmiş «2002-ci ildə dünyada terrorizmin vəziyyəti haqqında» hesabatda da tapmışdır.

Müasir dövrdə Azərbaycanın beynəlxalq antiterror koalisi-yasının fəal üzvlərindən olması bir tərəfdən ölkəmizin beynəlxalq birliyin üzvü kimi ümumdünya səviyyəsində cərəyan edən proses-lərdən kənarda qalmaması baxımından mühüm əhəmiyyət kəsb edirsə, digər tərəfdən bu ölkəmizin daxili motivlərindən irəli gəlir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ABŞ-da 2001-ci ilin məlum 11 sentyabr terror aktları ilə bağlı bəyanatında bildirirdi: «Terrorçuluğun bütün təzahür formalarını qətiyyətlə pisləyən Azərbaycan terrorçuluğa qarşı mübarizə aparmış və bu istiqamətdə dünya dövlətləri və qurumları ilə əməkdaşlığa hazır olduğunu nümayişə çıxarır”. 

Heydər Əliyev dünyanın ən nəhəng kürsülərindən Ermənistan dövlətinin terrorçuluq siyasətini pisləyəndə və terrorçuluğun bəşəriyyət üçün böyük fəlakət olduğunu elan edəndə bu sözlərə o qədər də ciddi reaksiya verilmirdi. Yalnız terror aksiyası iri, sivil dövlətlərdə baş verəndə bu siyasətçinin uzaqgörənliyini, terrorun müharibədən daha dəhşətli, daha qorxunc hadisə olduğunu dərk etdilər və qlobal səviyyədə dünyanın böyük dövlətləri bu problemlə məşğul olmağa başladı.

Hazırda dünyanın əksər aparıcı dövlətlərinin xüsusi xidmət orqanlarının diqqət mərkəzində duran terrorçuluqla mübarizə məsələsi Azərbaycan təhlükəsizlik orqanları üçün də mühüm əhəmiyyət kəsb edir. Son dövrlərdə terrorçuluğun yeni bir qolu kimi meydana çıxmış nüvə texnologiyaları və ikili xassəli maddələr qaçaqmalçılığı və s. dünyada gedən prosesləri diqqətlə izləməyə və geosiyasi mövqeyinə görə bir sıra dövlətlərin maraq dairəsində olan ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizindən beynəlxalq terrorçuluq fəaliyyətində istifadə edilməsinin qarşısını almaq üçün Azərbaycanın təhlükəsizlik orqanları bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirmişdir.

Heydər Əliyevin dövlətin və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində apardığı siyasət onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir və öz qalib gücünü göstərir.

Heydər Əliyevin siyasi kursu Azərbaycanı hüquqi, demokratik, dünyəvi dövlət kimi Avropaya inteqrasiya etdirir, qloballaşmaya aparır. Müasir, çağdaş sivilizasiyalı yol da qloballaşmadan keçir. DTX-nın dünyanın bir çox ölkələrinin xüsusi xidmət orqanları ilə terrorçuluğa, narkobiznesə, mütəşəkkil cinayətkarlığın digər forma-larına qarşı mübarizə sahəsində beynəlxalq əlaqələrini ildən-ilə genişləndirməsi də bu təhlükənin tamamilə aradan qaldırılmasına xidmət edir. Antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanın qəti və prinsipial mövqeyi, terrorçuluqla mübarizənin konkret nəticələri, intensiv informasiya mübadiləsi, beynəlxalq axtarışda olan şəxslərin tutulması və müəyyən edilmiş qaydada təhvil verilməsi, əməkdaşlıq üzrə əlaqələrimizin önəmli nümunələri ictimaiyyətimiz və tərəfdaş dövlətlər tərəfindən daim yüksək qiymətləndirilir və təqdir olunur.

Bu gün Heydər Əliyevin siyasi kursunu inamla və uğurla davam etdirən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz dövlətçilik ənənələrini daha da inkişaf etdirir. Məhz Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə mühüm təşkilati-əməli islahatların həyata keçirilməsi, zəruri hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər planı işlənib hazırlanmışdır. «Milli təhlükəsizlik haqqında», «Kəşfiyyat və əks-kəşfiyyat haqqında», «Dövlət  sirri haqqında» Azərbaycan Respublikası qanunlarının, «Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsep-siyası»nın və sair qanunvericilik aktların, normativ-hüquqi sənədlərin qəbulu təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərinin qanunvericilik bazasının təkmilləşdirilməsinin göstəriciləridir.

Hazırda qlobal təhlükəsizlik arxitekturasının, beynəlxalq nizamın ciddi təzyiq və təsirlərə məruz qaldığı, regional əmin-amanlığa təhdidlərin artdığı bir dövrdə dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin qorunması və möhkəmləndirilməsi işinin daha da yüksəldilməsi təhlükəsizlik orqanlarının da fəaliyyətinin daim təkmilləşdirilməsini, müasir çağırışlara cavab verən adekvat bir xüsusi xidmətə çevrilməsini zəruri edir.

Cəlil Xəlilov,
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik