17 dekabr 2024 12:41
78

Nazir: TDT ölkələri arasında münasibətlər bütün sahələrdə, o cümlədən ədliyyə sahəsində inkişaf edir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında münasibətlər son bir neçə ildə demək olar ki, bütün sahələrdə dərinləşir və inkişaf edir, ədliyyə sahəsi də istisna deyil.

“İki sahil” xəbər verir ki, bunu ədliyyə naziri Fərid Əhmədov Bakıda keçirilən “Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda beynəlxalq konfransda deyib.

F.Əhmədov bildirib ki, təkcə 2024-cü ildə TDT çərçivəsində ədliyyə sahəsində 30-a yaxın müxtəlif seminar, konfrans və tədbirin təşkil edilməsi bunu təsdiq edir.

O qeyd edib ki, Türk Ədliyyə Təlimi Şəbəkəsi çərçivəsində əməkdaşlıq məhkəmə sistemi orqanlarını, həmçinin notariat, prokurorluq, hüquqşünaslıq və ümumilikdə təşkilata üzv ölkələrin ədliyyə akademiyalarını əhatə edir.

"Bu ilin sentyabrında Astanada TDT ölkələrinin Ədliyyə Nazirləri Şurası təsis edilib və onun birinci iclası keçirilib. Şuranın növbəti iclası 2025-ci ildə Azərbaycanda baş tutacaq. Hesab edirəm ki, qarşılıqlı münasibətlərimizin möhkəm təməli qoyulub və keçirilən tədbirlər onların inkişafına töhfə verir", - nazir vurğulayıb.

F.Əhmədov qeyd edib ki, hazırkı konfransın formatı çox uğurla seçilib, çünki sıx əməkdaşlıq tələb edən transmilli hüquq münasibətlərinin müzakirəsinə həsr olunub.

"Burada qardaş dövlətlərin nümayəndələri toplaşıb və cinayətkarlıqla mübarizədə uğur qazanmaq üçün bu münasibətləri inkişaf etdirmək və qorumaq çox vacibdir. Eyni zamanda, konfransda ədliyyə akademiyalarının nümayəndələrinin iştirakı elm üçün də böyük fayda verəcək", - o əlavə edib.