Gürcüstanın Baş naziri İrakli Kobaxidze dekabrın 17-də mediaya verdiyi açıqlamada ölkə müxalifətinin bitdiyini deyib. O, bildirib ki, 4 siyasi partiya və 10-dan artıq zəngin QHT Rustaveli prospektinə 800-dən artıq etirazçı yığa bilmir.
“İki sahil” xəbər verir ki, məsələyə münasibət bildirən siyasi şərhçi Azər Həsrət deyib ki, Gürcüstanda xarici qüvvələrin birbaşa və açıq iştirakı ilə gerçəkləşdirilməsi istənilən çevriliş cəhdi uğursuz nəticələndi: “Belə olması da gözlənilən idi. Çünki Gürcüstan xalqının böyük çoxluğu hakim “Gürcü Arzusu”na səs verməklə demokratik yolla öz taleyini müəyyən edib. Belə bir şəraitdə Qərbin bəzi dövlətləri və qurumları kobud şəkildə bu ölkənin siyasi seçiminin qarşısını almaq istəyirdi. Gürcüstan xalqı isə birmənalı olaraq verdiyi səsin arxasında sonadək durdu, artıq yeni prezident də seçilib. Fransanın emissarı olan fəaliyyətdəki Prezident Salome Zurabişvilinin son çırpıntıları da dekabrın 29-da başa çatacaq və bundan sonrakı mərhələdə Gürcüstan sabitlik zolağına qədəm qoyacaq”.
Azər Həsrət onu da vurğulayıb ki, Gürcüstanın xarici müdaxilələrin qarşısında belə dəyanətlə dayana bilməsində ölkənin Azərbaycanlı əhalisinin də xüsusi rolu oldu: “Gürcüstandakı soydaşlarımız vətəndaşı olduqları ölkənin maraqlarının qorunmasında dəyanət nümayiş etdirməklə bir daha göstərdilər ki, onlar o ölkənin tam hüquqlu sahibləridirlər. Halbuki ölkənin erməni əsilli vətəndaşlarının böyük bir kəsimi Gürcüstanın ayağından çəkərək Qərbin təxribatlarına dəstəkçi olurdu. Bu isə əsl vətəndaş mövqeyi deyil. Bir daha bəlli oldu ki, ermənilər Güney Qafqazda oyunpozanlıq üçün alətdən başqa bir şey deyil. Hələ onu da unutmayaq ki, erməni əhali bölücü Abxaziyanın silahlı təxribatlarında da açıq iştirak edərək Gürcüstanın ərazi bütövlüyünə xəyanət edib. Azərbaycanlılar isə daim Gürcüstanın ərazi bütövlüyü üçün vuruşublar”.
Siyasi şərhçi əlavə edib ki, bundan sonra Gürcüstan sabit inkişaf yolunda Azərbaycan və qardaş Türkiyə ilə bərabər addımlayacaq. Bu isə hazırda Rusiyanın işğalı altında olan Abxaziya və Güney Osetiyanın da azad edilməsinə yol açacaq.