19 dekabr 2024 01:57
95

Qərbin yalançı humanizmi - TƏHLİL

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyada siyasi quruculuq məsələsində NATO-dan sonra ölkəmizin mövqeyinə böyük önəm verməsi Azərbaycanın dünyada nüfuzunun möhkəmləndiyini, söz söyləmək haqqının artdığını göstərir

Dünyanın siyasi arenasına düşən bomba kimi beynəlxalq vəziyyəti dəyişən, hətta Ukrayna-Rusiya, İsrail- Fələstin müharibələrini kölgədə qoyan Surya hadisələrini izlədikcə, ölkədə baş verən, insan qanını donduran dəhşətli kadrlara baxdıqca torpaqlarımızı 30 il işğal altında saxlayan erməni faşistlərinin xalqımıza yaşatdığı əzab-əziyyətlərin ağrılarını təkrar yaşayırıq. Dünyanın bütün yazılı, vizual KİV-lərinin, sosial şəbəkələrin ən aktual mövzusu olan Suriya hadisələrini, «Sednaya» adlanan gizli həbsxanadakı rəzilliyi, cəhənnəmi xatırladan mənzərəni görənlər bu şəraiti yaradan həmin ölkənin qırdı-qaçdı prezidenti Bəşər Əsədə, insanları aslanlarına yedirdən qardaşı Mahirə lənətlər oxuyur, ağlasığmayan işgəncə metodlarını təsəvvür etmək belə istəmirlər. Çünki əsirlərlə, məhbuslarla heyvani duyğularla rəftar edən, insanları vəhşicəsiən qətlə yetirən, qadınlarla belə acımasız rəftar edən Əsədin terrorçuları amansız bir rejimə xidmət edirdilər. Bölgədən uzaq məsafələrdə yerləşsələr belə siyasi maraqları naminə Əsəd rejiminin saxlanılması üçün illərdən bəri həmin terrorçuları maliyyələşdirən, küllü miqdarda vəsaitlər ayıran, bu gün isə əzizlədikləri Bəşəri bəşəri dəyərlərə xəyanətlərinə görə günahlandıranlar, cəllad, quldur adlandıranlar siyasi əxlaqsızlıqlarını bir daha göstərirlər.

Regionun sərhədlərindən kənarda belə narahatlıq yaradan- Suriya, İran, Rusiya, ABŞ, İsrail və Türkiyənin maraqlarının toqquşduğu Suriya hadisələrini « Kiçik dünya müharibəsi» adlandıranların sözlərində həqiqət vardır. Bu çəkişmədə məlum qüvvələrin istəyinə hansı səviyyədə nail olacağını proqnozlaşdırmaq da çətindir.

Üç gün ərzində ölkənin böyük yaşayış məntəqələrindən olan Hələbi, daha sonra strateji əhəmiyyətə malik Həma şəhərini ələ keçirən və irəliləyən müxaliflərlə danışıqlara başlayan dövlətlərin olduğunu nəzərə alaraq deyə bilərik ki, bu xəmir hələ çox su aparacaq.
Əsas odur ki, üsyançılar nəyin bahasına olursa-olsun quldur rejiminin kökünü birdəfəlik kəsməkdə israrlıdırlar.

Bəşər Əsəd hakimiyyətinin sonunun bu cür rəzilliklə başa çatacağını «X» ssial şəbəkə hesabında yazan Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas hadisələrə münasibətini «Bizim prioritetimiz regionda təhlükəsizliyi təmin etməkdir. Mən Suriyada və regionda bütün konstruktiv tərəfdaşlarla işləyəcəyəm”» sözləri ilə bildirib. Suriyadakı hadisələrlə bağlı Böyük Britaniyanın Baş naziri Keir Starmerin bəyanatında deyilir : «Son saatlarda və günlərdə baş verənlər görünməmiş hadisədir və biz bölgədəki tərəfdaşlarımızla məsləhətləşir və vəziyyəti yaxından izləyirik. Suriya xalqı Bəşər Əsədin hakimiyyəti altında çox uzun müddət əziyyət çəkib və onun hakimiyyətdən getməsini alqışlayırıq. Hazırda diqqətimiz sülh və sabitliyin bərpa olunmasına yönəlib. Biz bütün tərəfləri mülki insanları qorumağa, habelə yaxın saatlarda və günlərdə ən həssas təbəqələrə yardımın çatdırılmasını təmin etməyə çağırırıq.»

Dövlətlərin, beynəlxalq təşkilatların Suriya ilə bağlı əvvəlki mövqeləri ilə təzad təşkil edən nümunələri sadalamaqla el dili ilə desək Amerika açmaq istəyimiz yoxdur. Bu cür misalları gətirməklə nə Suriyada baş verənləri təhlil etmək niyyətindəyik, nə də kimlərinsə bu ölkədə baş verənlərə münasibəti ilə maraqlanırıq. Tarix, zaman öz sözünü deyəcək, haqqını tələb edən xalq seçimini özü müəyyənləşdirəcək. Sadəcə oxşar hadisələri müqayisə etməklə insanlığın məhək daşı, mərhəmət simvolu olan bəzi məqamlarda susan vicdanları oyatmaq istəyirik. Əgər varsa…

… Artıq tarixin arxivinə qovuşmuş «Dağlıq Qarabağ münaqişəsi» başlananda, Ermənistanın torpaqlarımıza qarşı əsassız iddialarını havadarlarının yardımları, hərbi əməliyyatla gerçəkləşdirəndə, xalqımıza qarşı cinayətlərin genişləndiyi ağır günlərdə bu gün Suriyada Əsədi lənətləyən, səs-səsə verən sülh tərəfdarlarının qulaqları kar, gözləri kor olmuşdu. Əslində, Ermənistana rəhbərlik edən daşnak tör-töküntülərinin heç biri qəddarlıqda Bəşərdən geridə qalmırdı. Uşaq qatili kimi tanınan, insanlara nifrət xislətli Ermənistanın sabiq prezidenti Serjik Sarkisyan amansızlıqda suriyalı terrorçubaşı Əsədi arxada qoyardı. Erməni silahlılarının işğal etdikləri torpaqlarımızda günahsız azərbaycanlılara qarşı apardıqları soyqırımlarını kənardan izləyən ABŞ rəsmiləri, Avropa İttifaqına (Aİ) üzv «demokrat», bu gün özlərini «insan hüquqlarının qoruyucu mələyi» simasında görən dövlətlər, Avropa Parlamentinin erməni lobbisinin puluna satılmış parlamentariləri ermənilərin zülmünü təbii qəbul edirdilər. Erməni silahlı birləşmələrinin zülmündən qurtarmaq üçün evlərini tərk edən, misli görünməmiş amansızlıqla öldürülən azərbaycanlıların səsini nəinki eşitmədilər, əksinə erməni terrorçularına haqq qazandırıb dəstək göstərdilər. İslamofobiyanı dövlət siyasətlərinin tərkib hissəsinə çevirib müsəlman miqrantlara, suryalı qaçqınlara qarşı zor tətbiq edən Qərb indi Suriyaya «humanitar yardım» göstərmək niyyətindədir. Qərbin bu cür yardımlarının məqsədini Ermənistanı silahlandıran, Azərbaycana qarşı müharibəyə təhrik edən Fransanın nümunəsində görənlər Avropa Sülh Fondundan ayrılan avroların aqibətini də unutmurlar. Soydaşlarımız Qərbi Azərbaycandan sonuncu nəfərinə qədər qovulanda beynəlxalq hüququ, insan haqlarının qorunmasını «xatırlamayan», bu gün isə Suriyada « pozulan insan haqları» üçün göz yaşı tökənlər yenə də mələk simasına bürünərək şivən qoparırlar.

Xocalı soyqırımını törədənlər arasında Suriyada təlim-məşq keçmiş saqqalı terrorçuların olduğunu bu gün həmin silahlı dəstələri sözdə lənətləyənlərin özləri yaxşı bilirdilər. Çünki həmin dəstələri Ağ Evin tapşırığı ilə silahla, hərbi avadanlıqlarla təmin edənlər arasında Pentaqonun çinli hərbçiləri, Avropa təsisatları, İranın molla rejimi daha çox fəallıq göstərirdilər. Həmin hərbçilər hazırda Ermənistanda hayların əsgərləri ilə təlimlərdə, Azərbaycana qarşı hazırlanan təxribatlarda iştirak edirlər.

Erməni faşistləri ilə eyni xislətli, milliyyəti, ölkəsi bilinməyən silahlıları hazırlayaraq Azərbaycan xalqına qarşı soyqırım törədənlər «Sednaya» həbsxanasında, cəhənnəm vadisi adlandırılan bu ərazidən kənarda aşkarlanan məzarlıqlara guya «təəcüblənir», olmayan vicdanlarının əzabını çəkir, günahsız insanların qətlindən «dəhşətə gəlirlər.» Əslində , isə Fransa kimi digər Avropa ölkələrində formalaşan anti-Azərbaycan dairələr hələ də Azərbaycanın Ermənistanın işğalından azad edilən ərazilərində aşkarlanan kütləvi məzarlıqlarda sümükləri sızıldayan soydaşlarımızın qətlinə fərman verənlər , qırğınlarda iştirak edənlərdir. Onların Suriyada baş verən qətllərdə də payları vardır. Amma o zaman qadın , uşaq, ahıl demədən günahsız azərbaycanlıların qətlini qanuni sayan, 30 il yurd həsrətinə məhkum edən «qanun müdafiəçiləri» hazırda Suriyada haqq-ədaləti bərpa etmək niyyətindədirlər. Aşdan isti olan qaşıq kimi ortalığı qarışdırırlar. Həyatda sınanmış bir həqiqət var: «Qətli sifariş verən cinayət yerinə ilk gələnlər arasında olur.»

Vaxtilə ATƏT-in Minsk qrupunu formalaşdırmaqla Azərbaycanın ədalətli mübarizəsini 30 il masada gözlətdirənlər indi Suriyanın hələ müəyyən olunmamış hakimiyyətinə yaxınlaşır, nə isə qoparmağın yollarını axtarırlar. Qərbin yalançı «humanistləri» bizim məşhur «O olmasın, bu olsun» filmimizə oxşar səhnə düzəldərək «Bir abbası ver, Əsədi dünyada biabır edim!» deyirlər. Amma unudurlar ki, Bəşəri bəşərilikdən məhrum edib quduzlaşdıran Qərbin, Ağ Evin, İranın yardımları, dəstəkləri olub.

Əslində isə bu gün hələ də sabitlik bərpa olunmayan Suriya xalqının həqiqi mənada humanitar dəstəyə böyük ehtiyacı var.

Bir neçə il bundan əvvəl Londonda keçirilən, miqrant probleminin həllinə yönəlmiş «Suriya və regiona dəstək» adlı konfransda çıxış edən dövlət başçımız İlham Əliyev bildirmişdi ki, ərazi münaqişələri, müxtəlif qrupların törətdikləri terror hadisələri, ölkədaxili çəkişmələr bölgələrdə siyasi sabitliyin pozulması ilə nəticələnən, ən ciddi və insanların taleyi ilə bağlı olan miqrant problemi dünya siyasətinin gündəmindədir. Problemindən çıxış yolları axtaran Qərb və Avropa ölkələri dəfələrlə bir araya toplaşıb «təkliflərini» bildirsələr də əslində evlərini tərk etməyə məcbur qalan mühacirlərə ədalətsiz, sərt, qeyri- insani münasibət göstərərək «diqqət və qayğılarını» onları çəpər arxasında yerləşdirməklə bildirirdilər. Miqrantlara qarşı münasibətdən narahat olduğunu bildirən Prezident İlham Əliyev Azərbaycanın tolerantlıq, humanistlik təcrübəsini suriyalı miqrantlara humanitar yardımları ilə göstərmişdi. «Əlbəttə, bu insanların aqibəti bizi narahat edir. Çünki biz də vaxtilə çox böyük humanitar fəlakətlə üz-üzə qalmışdıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Biz yaxşı bilirik ki, bu, nə deməkdir. O vaxt Azərbaycan bu humanitar fəlakətlə təkbaşına üz-üzə qalmışdı. Bildiyiniz kimi, adambaşına ən yüksək köçkün, qaçqın səviyyəsi Azərbaycanda olmuşdur. Ancaq buna baxmayaraq, biz lazımi tədbirlər görərək, öz daxili resurslarımıza əsaslanaraq bu vəziyyətdən çıxa bildik. Biz köçkünlərin, qaçqınların yaşayış səviyyəsini böyük dərəcədə yaxşılaşdıra bilmişik» söyləyən Prezident İlham Əliyev Londondakı çıxışında da oxşar faciə ilə üzləşən insanların çətinliklərdən çıxması üçün Azərbaycan təcrübəsinin üstünlüklərindən bəhs etmişdi. Zamanla eyni aqibətlə üzləşən Azərbaycanın təcrübəsindən söz açan Prezident İlham Əliyev Suriya xalqının problemlərinin həllinə dəstək verməyə hazır olduğunu bəyan edib. «Biz hər halda bütün qonşu ölkələrə əməkdaşlıq platformasını təqdim etdik. Türkiyə Prezidenti tərəfindən təklif olunan əməkdaşlıq platformasına Azərbaycan birinci ölkə olaraq öz dəstəyini göstərmişdir. Əgər bu, kimisə qane etmirsə, o platforma bizə də lazım deyil» söyləyən dövlət başçımız İlham Əliyev tolerantlıq təcrübəsindən hər zaman istifadə olunduğunu diqqətə çatdırır. Əsəd rejiminin çökməsindən sonra qardaş Türkiyə ilə məsləhətləşərək Suriya xalqının üzləşdiyi humanitar problemlərin həllinə dəstək verməyə hazır olduğunu bildirir.

Ən çətin məqamlarda belə Türkiyə ilə Azərbaycanın birgə fəaliyyəti Suriyaya yardım məsələsində də gündəmdədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya ilə bağlı birinci NATO-nun Baş katibi Mark Rutte ilə, ikinci isə Prezident İlham Əliyevlə əlaqə saxlaması, vəziyyəti müzakirə etməsi bu qardaşlığın bölgə üçün də əhəmiyyətini göstərir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyada siyasi quruculuq məsələsində NATO-dan sonra ölkəmizin mövqeyinə böyük önəm verməsi Azərbaycanın dünyada möhkəmlənən nüfuzunun möhkəmləndiyini, söz söyləmək haqqının artdığını göstərir.

Xuraman İsmayılqızı, «İki sahil»