19 dekabr 2024 15:58
98

BP: Neft-qaz layihələri yeni kadrların yetişməsinə əhəmiyyətli töhfə verib

Karyeranın inkişafı baxımından dövlət-özəl sektor əməkdaşlığının ən uğurlu nümunələrindən biri Azərbaycanın neft-qaz sektorunda müşahidə olunur.

“İki sahil” xəbər verir ki, bunu BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakıda keçirilən Azərbaycan Karyera İnkişaf Forumunda bildirib.

"Dövlət-özəl sektor əməkdaşlığı nəticəsində Azərbaycan neft-qaz sənayesində böyük uğurlar əldə edib. Xəzər dənizindəki neft-qaz yataqlarının işlənməsi üzrə “Əsrin müqaviləsi”, “Şahdəniz” layihəsi kimi iri sazişlər dövlət-özəl sektor əməkdaşlığının ən bariz nümunələridir. Bu layihələr Azərbaycanın iqtisadi inkişafına və yeni kadrların yetişməsinə əhəmiyyətli töhfə verib", - deyə B. Aslanbəyli qeyd edib.

O, vurğulayıb ki, dövlət adından SOCAR-la xarici özəl şirkətlər arasında qurulan əməkdaşlıq 30 ildən artıq müddətdə davamlı inkişafa səbəb olub: "Azərbaycan bu müddətdə bütün öhdəliklərini yerinə yetirərək xarici sərmayədarlar üçün əlverişli mühit yaradıb. Neft-qaz sektorunda müasir hasilat, təhlükəsizlik, əməyin mühafizəsi standartlarının tətbiqi ölkədə texnoloji inkişafı sürətləndirib, beynəlxalq səviyyədə tanınan mütəxəssislərin yetişməsinə şərait yaradıb. Bu gün həmin mütəxəssislər beynəlxalq arenada uğurla fəaliyyət göstərirlər. BP-nin qlobal hasilat üzrə rəhbəri İlham Məmmədov bu uğurun bariz nümunəsidir".

BP rəsmisinin sözlərinə görə, dövlət-özəl sektor əməkdaşlığı üzrə tətbiq edilmiş maliyyə, HR və ekoloji standartlar qeyri-neft sektorunda da geniş yayılıb və yerli bizneslərin fəaliyyətini müsbət təsirləndirib: "Bu model gələcəkdə digər sahələrdə də uğurla tətbiq oluna bilər".