SOCAR-ın Baş ofisində “Vətəndaş cəmiyyəti təsisatları ilə işin gücləndirilməsi” mövzusunda tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə SOCAR-ın məsul şəxsləri, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və 22 qeyri-hökumət təşkilatının nümayəndələri iştirak ediblər. Əvvəlcə qonaqlar SOCAR-ın Baş ofisində Azərbaycan Nefti sərgisi ilə tanış olublar.
Tədbir iştirakçılarını salamlayan SOCAR-ın Sosial məsuliyyət departamentinin rəis müavini Mirsahib Musayev departamentin fəaliyyətindən, qarşıya qoyulan hədəflərdən, o cümlədən vətəndaş cəmiyyəti təsisatları ilə işin gücləndirilməsi üzrə nəzərdə tutulan tədbirlərdən bəhs edib.
İstedadların idarə edilməsi və biznes tərəfdaşlığı departamentinin rəis müavini Mahal Mehdiyev tədbirdə çıxış edərək, SOCAR-da işə qəbul prosesi barədə məlumat verib. Mahal Mehdiyev SOCAR-da işə qəbulun Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, şirkətin müvafiq standartlarına və digər normativ sənədlərinə uyğun olaraq müsabiqə yolu ilə həyata keçirildiyini diqqətə çatdırıb.
Sonra SOCAR-ın Biznes etikası və anti-korrupsiya şöbəsinin rəisi Teymur Əliyev şirkətin yeni “Biznes etikası və davranış” kodeksindən bəhs edən təqdimatla çıxış edib.
Tədbir sual-cavab sessiyası ilə davam etdirilib. Sonda xatirə şəkli çəkdirilib.