19 dekabr 2024 17:46
200

Balıqçılığa dövlət dəstəyi mexanizmləri tətbiq ediləcək

Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin və İqtisadiyyat Nazirliyinin təklifləri əsasında, balıqçılığın kənd təsərrüfatı məhsullarının istehsalı və emalına aid edilməsi, habelə bu sahədə dövlət dəstəyi mexanizmlərinin tətbiqi barədə təkliflər hazırlayaraq ölkə Prezidentinə təqdim edəcək.

“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər, bununla əlaqədar bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərmanında öz əksini tapıb.

Bundan başqa, hökumətə Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifləri əsasında, akvakultura təsərrüfatlarının qurulması üçün uyğun torpaq sahələri və su obyektləri, habelə balıqçılıq sahəsində normativ hüquqi aktların, o cümlədən akvakultura təsərrüfatlarının uçotu və fəaliyyətinin həyata keçirilməsi ilə bağlı tənzimləmənin təkmilləşdirilməsi, Kənd Təsərrüfatı Nazirliyinin və İqtisadiyyat Nazirliyinin təklifləri əsasında, Kənd Təsərrüfatı Nazirliyinin balıqçılıq sahəsində funksiyalarının həyata keçirilməsi üçün maddi-texniki təminat məsələlərinin həll edilməsi, digər dövlət orqanlarının (qurumlarının) Kənd Təsərrüfatı Nazirliyinin bu Fərmanda müəyyən edilmiş istiqamətlər üzrə fəaliyyətinin həyata keçirilməsinə xidmət edə bilən dövlət əmlakının inventarizasiyasını apararaq, həmin əmlakın Kənd Təsərrüfatı Nazirliyinin balansına verilməsi ilə bağlı təkliflər hazırlamaq, Kənd Təsərrüfatı Nazirliyinin strukturunun təkmilləşdirilməsi ilə bağlı tədbirlər görmək, vahid büdcə təsnifatı üzrə balıqçılığın (o cümlədən balıq ovunun) kənd təsərrüfatı bölməsinə daxil edilməsi, habelə dövlət büdcəsinin layihəsi hazırlanarkən dövlət büdcəsinin xərc istiqamətləri üzrə balıqçılıq (o cümlədən balıq ovu) ilə bağlı müəyyən edilmiş vəsaitin Kənd Təsərrüfatı Nazirliyinə ayrılması ilə əlaqədar tədbirlər görmək tapşırılıb.