20 dekabr 2024 14:57
114

Azərbaycanın D-8 təşkilatına üzv olması ölkəmizin nüfuzunun daha da gücləndirəcək

Azərbaycan D-8 təşkilatının Misir Ərəb Respublikasında keçirilən sammitində bu quruma  üzv qəbul edildi. Tədbirdə bir çox müsəlman ölkələrinin dövlət başçıları iştirak edirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışında Azərbaycanın bu təşkilata qəbul edilməsinin bu quruma daha da güc qatacağını qeyd etdi. D-8 təşkilat önəmli təşkilatdır. Burada müsəlman dünyasının ən güclü dövlətləri birləşib. Azərbaycanın təşkilata üzv olması ölkəmizin nüfuzunun daha da güclənməsinə öz müsbət təsirini göstərəcək. Bu gün Azərbaycan ölkəmizin həyata keçirdiyi uğurlu siyasət nəticəsində müsəlman dünyasının lider dövlətlərindən birinə çevrilib. Azərbaycan müsəlman dünyasını narahat edən hər bir məsələyə həssas yanaşır. Bir neçə gün bundan əvvəl Prezident İlham Əliyevin Suriyada baş verən son proseslərlə bağlı Türkiyə Prezidenti ilə danışması, Azərbaycanın Suriya xalqına humanitar yardım göstərməyə hazır olmasını ifadə etməsi bu fikri bir daha təsdiq edir.  

Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov “İki sahil”ə açıqlamasında bildirdi.

Ceyhun Məmmədov qeyd etdi ki, bu gün Azərbaycan müsəlman ölkələrinə qarşı həyata keçirilən ikili standartlara, ədalətsizliyə öz münasibətini açıq bildirən azsaylı ölkələrdəndir. Bir müddət bundan əvvəl də Cənab Prezident Ərəb liqasına üzv təşkilatlarının zirvə sammitində də müsəlmanlara qarşı ayrı-seçkiliyi və ikili standartları  sərt tənqid etmişdi. Həmin çıxış da ərəb ölkələrinin liderləri tərəfindən heyranlıqla dinlənilmiş və çox yüksək qiymətləndirilmişdi. Eyni zamanda, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sammitdəki çıxışında müsəlman dünyasının narahat edən bir çox mühüm məsələlərə toxundu, Azərbaycan xalqının hər zaman Fələstin xalqının yanında olduğunu, 2 milyon vəsait ayırdığını qeyd etdi. Azərbaycan bir müddət bundan əvvəl COP29-a ev sahibliyi etdi. Əvvəllər bir neçə müsəlman ölkəsi də bu tədbirə ev sahibliyi edib. Digər ölkələrdən fərqli olaraq Azərbaycan bu tədbirə ən qısa zamanda hazırlaşdı. Az zaman olmasına baxmayaraq bu tədbiri ən yüksək səviyyədə təşkil edən müsəlman ölkələrindən biri oldu. Hələ də bütün müsəlman dünyası Azərbaycanın bu uğurundan bəhs edir. Bütün bunlar onu göstərir ki, bu gün Azərbaycan islam dünyasını dünyada ləyaqətlə təmsil edir.

Səbinə Kazımova, “İki sahil”