Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibə bir çox məsələlərə aydınlıq gətirdi. Rusiya-Azərbaycan münasibətlərindən danışarkən Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə ilə bağlı ölkə rəhbəri qeyd edib ki, Bəyannamənin imzalanması faktı həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə 2022-ci il fevralın 22-də imzalanıb. Regionumuzda və bütövlükdə dünyada vəziyyət əhəmiyyətli dərəcədə dəyişib, lakin bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib.
Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır. Biz münasibətlərimizin inkişafından məmnunuq, onları yüksək qiymətləndiririk və əminəm ki, bu müsbət dinamika qorunub saxlanılacaq.
Ölkə rəhbəri daxili işlərimizə qarışmaq istəyənlərə açıq mesajla bir daha xatırlatdı ki, Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir.
Azərbaycanın öhdəliklərinə gəlincə, biz bütün öhdəliklərimizə maksimum dərəcədə məsuliyyətlə yanaşırıq və bundan sonra da belə edəcəyik. Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də öhdəliklərimizin məntiqi zənciri üzrə irəli getsək, görərik ki, müttəfiqlik öhdəliklərimiz çoxşaxəlidir.
Prezident İlham Əliyevin hərbi büdcə ilə bağlı dedikləri də müzakirə mövzusu, həm də sübliminal mesajdır. O, qeyd etdi ki, 2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq. Bu, təxminən beş milyard dollardır. Bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq, təhdidlər olmasaydı, xərcləməzdik, Qarabağın bərpasına, sosial ödənişlərə və sair üçün istifadə edərdik. Lakin biz bunu etməyə məcburuq və edəcəyik. Birincisi, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək.
Müsahibə zamanı cənab İlham Əliyev Sülh sazişi ilə bağlı suala da əhatəli cavab verərək bildirib ki, Ermənistanın eyni vaxtda bizə qarşı silahlandırılması iki fərqli kursdur. Axı, biz əslində sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik: "Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüşüm zamanı eşitdiyim və hiss etdiyim o oldu ki, razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər, mən bizim şərtlərimizi nəzərdə tuturam. Bu iki maddədən biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır. Zənnimcə, bu, qarşılıqlı şəkildə qəbul olunan maddədir. Bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu ətraflı etdik. Biz buna 4 il vaxt sərf etdik və orada hər şey sənədlərlə qeyd olunub. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni, işğal illərində vurulan zərərdir. Ona görə də zənnimcə, qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir".
Prezident İlham Əliyev onu da qeyd edib ki, erməni tərəfinin həyata keçirməli olduğu vacib məqamlardan biri öz Konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir.
Digər tələbimiz ATƏT-in Minsk qrupunun ləğv olunmasıdır. Əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Bizim ikinci şərtimiz ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Əgər bunlar həll edilsə, daha sülh sazişinin imzalanmasına heç bir maneə olmayacaq.
Ölkə rəhbəri yurd-yuvasından ayrı düşən minlərlə Qərbi Azərbaycanlıların gözləntilərindən də söz açıb: "Qərbi Azərbaycan İcması qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib.
Buna paralel olaraq Ermənistandan gələnlərin icması var, onlar 1980-ci illərin sonunda – 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır. Bu icma qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib. Çünki onların 1990-cı illərin əvvəlində oradan deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur. Ona görə də biz hələ bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışıq. Zənnimcə, əgər bu iki proses paralel kursla gedərsə, onda bu, sülh üçün ən yaxşı ictimai ab-hava yaradacaq".
Müsahibənin sonunda beynəlxalq tədbirə uğurla sədrlik, evsahibliyi etməyimizlə bağlı məsələlərə toxunan cənab İlham Əliyev qeyd edib ki, COP29 çox böyük təşkilati iş idi və biz onun öhdəsindən şərəflə gəldik.
Başlıca çətinlik ondan ibarət idi ki, bizim vaxtımız az idi. Bir qayda olaraq, ölkələrə hazırlıq üçün 2 il vaxt verilir. Bizim isə 11 ayımız var idi. Bunun səbəbi o idi ki, ötən ilin dekabrında qərar qəbul edilməsinə iki-üç gün qalmış Ermənistan hələ də Azərbaycanın namizədliyini bloklayırdı. COP29-un Bakıda keçiriləcəyi ilə bağlı konsensus olmadığına görə məsələ son günlərdə həll edildi. Ona görə də hazırlaşmaq üçün bizim cəmi 11 ayımız var idi və bu, ən böyük çətinlik idi. Çünki biz 70 mindən çox insanı qəbul etmək üçün şərait yaratmalı idik. Qeydiyyatdan 76 min iştirakçı keçmişdi... Bu, çox böyük təşkilati iş idi və biz onun öhdəsindən şərəflə gəldik.
Məşhur Məmmədov,
Milli Məclisin deputatı