22 dekabr 2024 13:36
105

Türkiyə hakimiyyəti qaçqınların Suriyaya qaytarılması prosedurunu sadələşdirib

Türkiyənin Ticarət Nazirliyi qaçqınların Suriyaya getmələrinə nəzarətin sadələşdirilməsi üçün sərhəd gömrük məntəqələrinə göstəriş göndərib.

“İki sahil” xəbər verir ki, bundan sonra vətənə qayıtmaq istəyən suriyalılar Türkiyədən avtomobil, pul və zinət əşyalarının ixrac edilməsi üçün gömrük bəyannamələrini sadələşdirilmiş formada doldura biləcəklər.

Qərar qaçqınların Suriyaya sürətlə qayıtmaları yolunda maneələrin aradan qaldırılmasına yönəlib.

Bu arada Türkiyənin daxili işlər naziri Ali Yerlikaya 2024-cü il yanvarın 1-dən dekabrın 9-dək Suriyaya 124 min 325 qaçqının geri qayıtdığını bildirib.

Eyni zamanda, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Suriyada hakimiyyət dəyişikliyi fonunda qaçqınların vətənlərinə qaytarılması prosesinin ikiqat sürətləndiyini bildirib.

Nazir, həmçinin suriyalıların doğma evlərinə qayıtmaları üçün ikimərhələli planı açıqlayıb. “Birinci mərhələdə İdlib vilayətindəki qaçqın düşərgələrində olan məcburi köçkünlər, daha sonra isə Türkiyədəki suriyalılar Suriyanın müxtəlif bölgələrinə geri qayıdacaqlar. Bütün proses könüllü xarakter daşıyır”, - deyə türk nazir qeyd edib.