ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Panamanı Panama kanalından istifadəyə görə həddindən artıq rüsum almaqda günahlandıraraq, kanalın düzgün idarə olunmadığı təqdirdə onun ABŞ-a qaytarılmasını tələb edəcəyini bildirib.
“İki sahil”in məlumatına görə, Tramp “Truth” Sosial media hesabındakı paylaşımında Panama kanalının ABŞ ticarətində əhəmiyyətli bir yerə sahib olduğunu vurğulayıb.
ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin kanalın idarəçiliyini Panamaya təhvil vermə qərarını “səhv” kimi qiymətləndirən Tramp, kanalın Panamaya başqasının xeyrinə deyil, iki ölkə arasında əməkdaşlığın simvolu kimi verildiyini qeyd edib.
Panamanın kanaldan istifadəyə görə hədsiz ödənişlər aldığını söyləyən Tramp, "Ölkəmizə qarşı bu tam soyğunçuluğa dərhal son qoyulmalıdır", - deyib.
Kanalın yanlış əllərə keçməsinə icazə verməyəcəklərini söyləyən Tramp, "Əgər bu səxavətli jestin həm əxlaqi, həm də hüquqi prinsiplərinə hörmət edilməzsə, Panama kanalının bütünlüklə və etiraz etmədən bizə qaytarılmasını tələb edəcəyik".
Panama 31 dekabr 1999-cu ildə kanala nəzarəti ABŞ-dan alıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”