23 dekabr 2024 01:57
116

Qərbi Azərbaycan İcması Ermənistan rəhbərliyinə rəsmi müraciət etsə də...

Qərbi Azərbaycan İcması rəsmi olaraq Ermənistanın indiki rəhbərliyinə deportasiyaya məruz qalan azərbaycanlıların öz dədə-baba yurdlarına təhlükəsiz şəraitdə qayıtmaları üçün müraciət edib.

Amma təəssüf ki, müraciətə bu günə qədər cavab verilməyib. Cavab verilməməsinin səbəbi budur ki, Ermənistan hələ də Azərbaycana qarşı düşmənçilik siyasətindən əl çəkməyib. Beynəlxalq hüququn normalarına, o cümlədən təkzibolunmaz tarixi arqumentlərə görə, deportasiyaya məruz qalmış soydaşlarımız öz dədə-baba yurdlarına qayıtmalıdırlar. Amma Ermənistan buna imkan vermir, heç cür şərait yaratmaq istəmir. Ermənistanın indiki rəhbərliyi də əvvəlki hakimiyyətlər kimi məkrli erməni mövqeyinə uyğun siyasət yürüdür.

Azərbaycanın dövlət başçısı İlham Əliyevin Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibədə xüsusilə Qərbi Azərbaycan və soydaşlarımızın taleyi haqqında xüsusi mövqeyini bildirdi. Qərbi Azərbaycan məsələsinə davamlı diqqət ayıran cənab prezident İlham Əliyev müsahibəsində qeyd etdi ki: “Qərbi Azərbaycan İcması qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib. Onlar 1980-ci illərin sonunda – 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır.

Bu icma qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib. Çünki onların 1990-cı illərin əvvəlində oradan deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur. Ona görə də biz hələ bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışıq. Zənnimcə, əgər bu iki proses paralel kursla gedərsə, onda bu, sülh üçün ən yaxşı ictimai ab-hava yaradacaq. Çünki sülh təkcə sülh sazişini imzalamaq demək deyil, bu, həm də ictimai konsensusdur. Bizim işğal illərində aldığımız yaralar isə 30 il keçməsinə baxmayaraq hələ də sağalmayıb. Yəni, bunun üçün vaxt lazımdır. Bu məqsəd üçün isə ictimai fon, ünsiyyət lazımdır, insani dildə danışmaq gərəkdir.

Beləliklə, indi vəziyyət bundan ibarətdir.” Bu fikirlər bir daha sübut edir ki, Cənab İlham Əliyevin hücum xarakterli diplomatiyasına Qərbi Azərbaycan faktoru prioritet təşkil edir. Bu gün tam haqlı olaraq “Qərbi Azərbaycan” mövzusu artıq beynəlxalq arenaya çıxarılıb. Beləliklə, Prezident İlham Əliyevin, “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində toxunduğu bu və digər  məsələlər, açıqladığı fikirlər və bu fikirlərdən doğan mövqe bir daha dünyaya Azərbaycanın doğru yolda olduğunu nümayiş etdirməklə bərabər, heç bir qüvvənin, heç bir qərəzin, heç bir düşünülmüş planın Azərbaycanı və bu ölkənin lideri olan, xalqının Xilaskar Prezidenti, Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevi öz həqiqət yolundan geri çevirə bilməyəcəyinin, Azərbaycanın daxili işlərinə hər cür müdaxilələrin fiaskoya uğrayacağını  yüksək kürsüdən bəyanına çevrildi.

İradə Abasova,
48 saylı məktəbin müəllimi