Dünyada və aid olduğumuz coğrafiyada müşahidə olunan mürəkkəb proseslər daha sayıq və həssas olmağımızı tələb edir.
“İki sahil” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan din xadimləri Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, yeni bir tarixi mərhələ başlayıb: "Təəssüflə qeyd etməliyik ki, bu mürəkkəb tarixi dövrdə din amili bəzən məqsədli şəkildə cəmiyyətləri parçalamaq üçün istifadə edilir. Etiqad anlayışının ictimai təfəkkürə təsir göstərən siyasi texnologiya vasitəsi kimi istifadə edilməsi cəhdləri dinin sosial və mədəni məzmununu təhrif edir. Onun birləşdirici funksiyasına kütləvi şübhə yaratmağa yönəlir.
Əsas hədəf belə yanlış təqdimatların yaratdığı təhdidlərə ölkəmizin meydan olmasına imkan verməməkdir. Güclü dövlət həm də belə ehtimalları vaxtında aşkara çıxarır, proqnozlaşdırır, zəruri önləyici tədbirlər görür. Din xadimlərinin dövlət qurumları ilə kommunikasiyasının inkişaf etdirilməsi, bu baxımdan son dərəcə zəruridir".