AMİN elektron xidmətlər və informasiya sistemləri portalı təqdim edilib.
“İki sahil” xəbər verir ki, bunu bu gün “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusuna həsr edilmiş konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.
O bildirib ki, Azərbaycan müxtəlif etnik və dini icmaların birgə yaşadığı, ortaq dəyərləri bölüşdüyü, sivilizasiyalar arasında mənəvi körpü rolu oynayan unikal məkandır.
"İşğaldan qurtarılmış ərazilərimizə həyat yenidən qayıdır, dini abidələrimiz öz tarixi simasına qovuşur. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Qarabağ və Şərqi Zəngəzurda tarixi və mədəniyyət abidələrinin bərpası işləri uğurla həyata keçirilir. Ağdam Cümə məscidi, Zəngilan məscidi, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Mamayı, Təzə məhəllə, Saatlı məscidləri bərpadan sonra istifadəyə verilib. Bir neçə şəhər və rayonda məscidlərin tikinti və bərpası, kilsələrin restavrasiyası davam etdirilir.
Prezident İlham Əliyevin çıxışlarında vurğuladığı kimi, tolerantlıq, multikulturalizm, inanclara hörmət bizim həyat tərzimizdir. Yüksək mənəvi keyfiyyətlərə malik xalqımız başqalarının dəyərlərinə, adət-ənənələrinə, irsinə hörmətlə yanaşmağın alternativini sadəcə təsəvvür etmir. Azərbaycanlıların təfəkküründə, tarixi yaddaşında digər xalq və inanclara dözümsüzlük təcrübəsi yoxdur. Bizim üçün etnik və dini müxtəliflik ayırıcı xətt deyil, birləşdirici, qarşılıqlı dialoqu təşviq edən faktordur. Biz sabit, təhlükəsiz və inkişaf edən bir cəmiyyətdə yaşayırıq. Dini və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarını qucaqlayan, təhlükələrdən mühafizə edən güclü dövlətimiz var.
Az öncə təqdim olunan AMİN (Azerbaijan Multicultural Information Network) elektron xidmətlər və informasiya sistemləri portalının əsas məqsədlərindən biri də dini maarifləndirmə işini daha mükəmməl səviyyədə təşkil etməkdir. İnanırıq ki, bu portal Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən göstərilən xidmətlərin əlçatanlığını və şəffaflığını təmin etməyə imkan yaradacaq. Eyni zamanda portalın təqdim etdiyi informasiya sistemləri Azərbaycan multikulturalizminin unikal mənzərəsini nümayiş etdirəcək.
Əminəm ki, forumun gedişində din xadimlərinin, dövlət rəsmilərinin, elm adamlarının və ictimaiyyət nümayəndələrinin təkliflərini dinləyəcək, maraqlı debatlara şahid olacağıq. Çıxışlar, panel müzakirələri Azərbaycan dövlətinin dini sahədə siyasətinin əsas istiqamətləri, aktual məsələləri barədə aydın təsəvvür yaradacaq. Eyni zamanda ölkədə dini durumla bağlı mövcud vəziyyət və problemlər, təhdid və çağırışlar, qanunvericilik bazası haqqında səmərəli rəy və təkliflərin öyrənilməsinə imkan verəcək”,- deyə sədr çıxışında qeyd edib.