23 dekabr 2024 14:23
204

Makron hökumətinin neokolonialist siyasəti

Müasir dövrdə dövlətimizin apardığı uğurlu, çoxşaxəli diplomatiya və balanslaşdırılmış xarici siyasət sayəsində Azərbaycanın gücü, qüdrəti və beynəlxalq nüfuzu durmadan yüksəlir.  Artan gücümüz və ədalətli mövqeyimiz dünya birliyi tərəfindən yüksək qəbul edilir və beynəlxalq əlaqələrimiz genişlənməkdə davam edir. Azərbaycanın həm regionun, həm də dünyanın bir çox ölkələri ilə münasibətləri uğurla inkişaf edir. Bütün bu uğurların və əldə olunan nailiyyətlərin əsasında nəyi, nə vaxt, necə etməyi yaxşı bilən Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin misilsiz əməyi, mükəmməl strategiyası və uğurlu siyasəti dayanır.

İkinci Qarabağ müharibəsində düşmən üzərində qalibiyyəti ilə regiona yeni ab-hava gətirən Azərbaycanın təhlükəsizliyin, sabitliyin təmin olunmasına verdiyi töhfələr beynəlxalq aləmdə təqdir olunur, dövlətimiz tərəfindən irəli sürülən təşəbbüslər, verilən qərarlar rəğbətlə qarşılanır. Azərbaycanın hər zaman sülhün, əmin-amanlığın bərqərar olmasına töhfələr verdiyi, eyni zamanda beynəlxalq təşkilatlara üzvlüyə qəbul olunarkən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi bütün dünyaya məlumdur, lakin bu reallığı qəbul edən və etmək istəməyən ölkələr var. İstənilən halda Azərbaycan məqsədyönlü, müstəqil və düşünülmüş siyasət yürüdür, beynəlxalq hüquq normaları çərçivəsində milli maraqlarını qorumaqla uzlaşdırılmış münasibətlər sistemi yaradır. Əsassız ittihamlar, qərəzli olaraq qəbul edilən qətnamələr isə dövlətimizin artan nüfuzuna deyil, bu planı tərtib edənlərin özlərinə yönələn ağır zərbədir. 

Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev 17 dekabr 2024-cü ildə Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibədə qeyd etdi ki, dünyada gedən proseslər çərçivəsində Fransanın fəallaşması və bunu Ermənistan üzərindən həyata keçirməsi kifayət qədər düşündürücü məsələdir. Cənubi Qafqazda özünə yer eləmək üçün Ermənistan kartından istifadə etməsi əslində Fransanın neokolonialist siyasətinin yeni təzahür formasıdır. Ermənilərə olan "dərin məhəbbətin" kökündə də eyni siyasət dayanır. Bu Fransız kolonializminin iyrənc simasıdır. Dövlət başçımız əlavə etdi ki, əvvəlki illərdə Azərbaycanın Fransa dövləti ilə fəal əməkdaşlığı mövcud olub. Lakin Makron hökumətinin əndazəsiz iddiaları və əsassız olaraq özünü böyük sayması bütün bunları uçuruma yuvarlatdı. Onlar Yeni Kaledoniyada iğtişaşlar zamanı 13 insanı qətlə yetirdilər, 100-dən çoxunu yaraladılar, 1000-dən artığını həbs etdilər. Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir.

Öz müsahibəsinin sonunda Azərbaycan – Rusiya əlaqələrinə toxunan Cənab İlham Əliyev bildirdi ki, iki dövlət arasında əlaqələr qarşılıqlı hörmətə əsaslanır. Elə bunun nəticəsidir ki, hal-hazırda Azərbaycanda şagirdlərimizin bir milyona yaxını rus dilində təhsil alır və ya onu ikinci dil kimi öyrənir.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini