23 dekabr 2024 22:40
110

Bəzi Qərb dairələri Azərbaycandakı marginal qruplardan fitnəkarcasına istifadə edirlər

Cənubi Qafqazda maraqları toqquşan, biri-birilərinin təsir dairəsini məhdudlaşdırmaq istəyən bəzi güc mərkəzləri bu istiqamətdə öz planlarını reallaşdırmaq üçün region ölkələrindən yararlanmağa çalışırlar. İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni reallıqlarla razılaşmaq istəməyən Qərb dairələrinin öz geosiyasi maraqları naminə postmüharibə dövrü ilə bağlı ziddiyyətli mövqe nümayiş etdirmələri, ikili standartlar nümayiş etdirərək region ölkələrindən birini “ögey”, digərini “dogma, əziz” saymaları bölgədə vəziyyətin gərginləşməsinə xidmət etməklə yanaşı, çoxşaxəli əməkdaşlıq və təhlükəsizlik mühitinin yaradılmasına ciddi zərər verirlər.

Danılmaz faktdır ki, məlum qlobal güc mərkəzləri öz niyyətlərini həyata keçirmək üçün mümkün olan bütün üsul və vasitələrdən istifadə edərək, beynəlxalq hüququ, diplomatik qaydaları pozaraq müstəqil siyasət yürüdən ölkələrə hər vəchlə mane olur, onları öz maraqlarına tabe etdirməyə çalışırlar. Qərbin öz siyasətinə alət etmək istədiyi ölkələrin aqibəti, Ukraynanın düşdüyü vəziyyət, Gürcüstandakı qarşıdurma bunun əyani təsdiqidir. Acı reallıqdır ki, Qərbin felinə uyanlar Ukrayna kimi əzəmətli bir ölkəni xarabazarlığa çevirdilər. Hazırda bu ölkədən didərgin düşənlərin sayı 1 milyonu ötüb. Şəhərlər, qəsəbələr, kəndlər dağılıb, yüzminlərlə, milyonlarla insan işıqsız, susuz qalıb. ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp bildirib ki, Rusiya işğalçıları tərəfindən dağıdılan Ukrayna şəhərlərinin bərpası üçün 100 il lazım gələ bilər: “Bu, 100 illik bərpadır və siz hər şeyi olduğu kimi bərpa edə bilməyəcəksiniz. Çox təəssüf, bu, baş verməməli idi…”.

Cənubi Qafqazda hər vəchlə sülhə və əməkdaşlığa əngəl yaratmağa çalışan Qərb dairələri Gürcüstanda Ukrayna ssenarilərini təkrarlamaq, ölkəni qarşıdurmaya sürükləmək ən çirkin vasitələrə əl atsalar da heç nəyə nail ola bilmirlər. Bütün təzyiqlərə, Qərbin ölkənin daxili işlərinə qarışmaq cəhdlərinə baxmayaraq, gürcü xalqı çətin sınaqdan uğurla çıxaraq, oktyabrın 26-da keçirilmiş parlament seçkilərində düzgün seçim edərək, ölkəni inkişafa, tərəqqiyə aparan, milli maraqlara xidmət göstərən “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasına səs verdi. O günlərdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata açıqlamasında bildirdi: “Biz Ukraynada həyata keçirilən ssenarinin Gürcüstanda baş verməməsi üçün hər şeyi etdik. Hər şey 2013-cü ildə “Maydan”la başladı. “Maydan” bitdikdən bir neçə gün sonra birinci, daha sonra ikinci müharibə başladı və dost ölkə olan Ukrayna məhv edildi. Ukraynanın əhalisinin dörddə biri ölkəni tərk edib və ya məcburi köçkün vəziyyətinə düşüb. Yüz minlərlə ukraynalı həlak olub. Bütün bunları Ukrayna cəmiyyətinin o vaxt lazımınca ehtiyatlı davranmaması gətirib. Gürcüstan cəmiyyəti daha təcrübəlidir. Buna görə də gürcü cəmiyyətinin dəstəyi ilə biz Gürcüstan üçün mühüm təhlükələrdən, ilk növbədə müharibədən qaça bildik”.

Gizli deyil ki, bəzi Qərb dairələrinin son zamanlar regionda söz sahibi olan Azərbaycana qarşı təzyiq rıçaqlarını işə salmasının arxasında onların ölkəmizi boyunduruq altına salaraq vassal dövlətə çevirmək planı dayanır. O da gerçəklikdir ki, Qərb dairələri Azərbaycanda öz məkrli niyyətlərini həyata keçirmək üçün ölkəmizdə yaratdıqları antimilli şəbəkədən, korporativ maraqları naminə milli maraqlara xəyanət edən, çirkli xarici maliyyə şəbəkələrinə xidmət göstərən marginal qruplardan məharətlə istifadə edirlər. Anti-Azərbaycan mərkəzlərin təsiri altında olan bəzi beynəlxalq donor təşkilatlarının çirkli qrant pulları ilə bəslənən bu merkantillər öz ağalarının sifarişlərini, Qərb dairələrinin ayrı-ayrı ölkələrin siyasi hakimiyyətlərinə qarşı təzyiq vasitəsi kimi istifadə etdikləri USAID, NED, Fridrix Nauman, Marşall, İREX OCCRP kimi təxribatçı təşkilatların tapşırıqlarını canla-başla yerinə yetirirlər. 

Aparılan araşdırmalar sübut edir ki, “Abzas media”nın, “Meydan TV”nin, “Toplum TV”nin Qərbin şəbəkəsinə daxil olan əməkdaşları, eləcə də Xədicə İsmayılova və digərləri təxribatlar törətmək və digər qanunsuz niyyətlərini reallaşdırmaq üçün “demokratik inkişafa dəstək vermək” adı altında xeyli sayda donor təşkilatları ilə yaxın əlaqələr quraraq gizli əməkdaşlıq ediblər. Məkrli təxribat maşını olan USAID ilə əlaqələri üzə çıxan “Abzas Media” funksionerlərinin “Milli Demokratiya Fondu” (NED), “Avropa Demokratiyaya Yardım Fondu” (EED), “Internews”, “FreedomNow”, “Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi” (Global Investigative Journalism Network), “Amerika Beynəlxalq Təhsil Şurası” (American Councils for International Education), Çexiyanın “Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi” (PCSC), “People in Need” (PİN), “Avropa İttifaqı Müstəqil Media üçün” proqramı (EU4 İndependent Media), “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu” (EPCSF), “Niderland Helsinki Komitəsi”, “Norveç Helsinki Komitəsi”, “Avropa Jurnalistika Fondu” (Journalizmfund Europe), “Yeni Demokratiya Fondu” (New Democracy Fund), “Forum 2000”, “German Marşal” Fondu və digərləri ilə də gizli əməkdaşlığı aşkar olunub. Onlar, həmçinin “Signal” və “Protonmail” platformalarında hesablar yaradaraq, beynəlxalq təşkilatların kod adları “Aleks” və “Daisy” olan nümayəndələri ilə qrant layihələri və pul vəsaitləri əldə etmək mövzusunda çoxsaylı yazışmalar aparıb, xarici səfərlərində isə onlarla təmasda olublar.

Şübhəsiz, belə faktların sayını artırmaq da olar. Sadəcə istər Qərbdəki bədxahlarımız, istəsə də məkrli qüvvələrin Azərbaycandakı antimilli şəbəkəsinin üzvləri bilməlidirlər ki, onların ölkəmizə qarşı törətdikləri təxribat cəhdləri, çikrin əməlləri bundan sonra da ifşa olunacaq. Anti-Azərbaycan dairələrin ölkəmizdə “5-ci kolon” yaratmaq və bəsləmək cəhdləri heç bir nəticə verməyəcək. Azərbaycan xalqı öz liderinə-Prezident İlham Əliyevə daim dəstək verib və bundan sonra da verəcək. Azərbaycan dövləti hər şeyi görür və ölkənin geosiyasi qarşıdurma meydanına çevrilməsinə heç zaman imkan verməyəcək. Bunu hər kəs bilsin və qulağında sırğa etsin.

Zahid Rza, “İki sahil”