23 dekabr 2024 14:47
96

Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması mühüm siyasi addımdır

Qarşılıqlı əməkdaşlığa, səmimi münasibətlərə söykənən Azərbaycan – Rusiya münasibətləri də tarixi köklərə malik olmuş, əsrlərlə davam edərək bu gün də yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycan və Rusiya tərəfdaşlığının belə yüksək səviyyəyə qalxmasında 2022-ci il fevralın 22-də iki dövlətin prezidentlərinin imzaladıqları Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibədə bu haqda da danışaraq bildirib ki, Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması faktı həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır: “Regionumuzda və bütövlükdə dünyada vəziyyət əhəmiyyətli dərəcədə dəyişib, lakin bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib. Hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman, əlbəttə, deyərdim ki, belə bir sənəd tarixi hadisədir. Əlbəttə ki, biz müttəfiqlər olaraq dərhal müxtəlif, hətta ikitərəfli formatımızın hansısa kölgədə qalan istiqamətləri üzrə də fəal işə başladıq”. Rusiya və Azərbaycan arasında siyasi əlaqələr yüksük səviyyədədir və ölkələr arasında qarşılıqlı hörmət və etimad mövcuddur. Hər iki tərəf bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, beynəlxalq məsələlərdə bir-birinin mövqeyini nəzərə alır. Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması bu iki ölkənin ortaq marağıdır. Əlavə olaraq, bir çox beynəlxalq təşkilatlarda da Rusiya və Azərbaycan birgə fəaliyyət göstərir. İki dövlət arasındakı siyasi münasibətlər ənənəvi olaraq müsbət və qarşılıqlı hörmətə əsaslanır.

Hər iki ölkə arasında yüksək səviyyəli ziyarətlər və görüşlər mütəmadi olaraq keçirilir. Bu görüşlərdə xüsusilə Cənubi Qafqazda təhlükəsizlik məsələləri, regional sabitlik və ikitərəfli əlaqələrin inkişafı müzakirə edilir. Həmçinin iqtisadi sahədə də əməkdaşlıq getdikcə daha da güclənir. Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi artıb və müxtəlif sahələrdə, xüsusən enerji, nəqliyyat və kənd təsərrüfatı sahələrində əməkdaşlıq genişlənir. Azərbaycanın enerji resursları, xüsusilə neft və qaz, Rusiyanın enerji təhlükəsizliyi baxımından əhəmiyyətlidir. Bununla yanaşı, Azərbaycanla Rusiya arasında mühüm nəqliyyat dəhlizləri və dəmir yolu bağlantıları mövcuddur. Dövlətimizin başçısının dediyi kimi, biz münasibətlərimizin inkişafından məmnunuq, onları yüksək qiymətləndiririk və əminəm ki, bu müsbət dinamika qorunub saxlanılacaq: “Əlbəttə, biz iqtisadi-ticari əməkdaşlıq üçün fəal şəkildə yeni sahələr tapmağa davam edirik, ticarət dövriyyəsi artır, bəlkə də bizim istədiyimiz sürətlə deyil, lakin bununla belə, dinamika mövcuddur. Rusiyalıların Azərbaycana səfərləri baxımından da biz COVID-dən əvvəlki səviyyəyə çıxırıq ki, bu da həm siyasi, həm də sırf insani mühitin maksimum müsbət olduğunu göstərir, çünki bu səfərlər və qarşılıqlı səfərlər insanların özlərini rahat hiss etdikləri istiqamətlərdə həyata keçirilir. Son 2-3 il ərzində qarşılıqlı səfərlərin əhəmiyyətli dərəcədə artdığını görürük. Odur ki, biz münasibətlərimizin inkişafından məmnunuq, onları yüksək qiymətləndiririk və əminəm ki, bu müsbət dinamika gələn ildə də qorunub saxlanılacaq”. Zaman – zaman yaranmış problemlərə baxmayaraq, dövlətlərarası münasibətlər daim mövcud olmuşdur. Münasibətlərin təzadlı və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq hər iki dövləti coğrafi – siyasi tellər birləşdirir. Zamanın müxtəlif tarixi çətinliklərinə baxmayaraq Azərbaycan – Rüsiya münasibətləri uğurla davam etdirilir. Ölkələrimiz arasında gələcək dostluq münasibətlərinin inkişafı istiqamətində mühüm addımlar atılmaqdadır. Moskvada Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında imzalanan Bəyannamə Azərbaycanın suverenliyinin təminatıdır. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır, işləyir. Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional nizam, konfiqurasiya formalaşır. Bu yeni konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır.

Bu mənada, hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir. Qazandığımız hərbi zəfərin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Hər iki Bəyannamə bu məqsədə xidmət edir. Sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinin qorunmasını təmin edir. Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir. Bu beynəlxalq səviyyədə Azərbaycanın suverenliyinə hər hansı bir təhdid olacağı təqdirdə Rusiyanın birbaşa iştirakı ərazi bütövlüyü qorunacaqdır. Bəyannamədə xüsusi olaraq vurğulanır ki, hər iki ölkə müstəqil xarici siyasət yürüdür. Bəyannamədə keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Türkiyə ilə imzalanmış Şuşa bəyannamasi kimi, Rusiya ilə Moskva bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır.

Vüsalə Abidova,
27 saylı orta məktəbin müəllimi