24 dekabr 2024 12:53
161

Prezident İlham Əliyev sözü imzası qədər dəyərli Liderdir

“İki sahil” Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynovun müsahibəsini təqdim edir:

- Aydın müəllim, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son 21 illik inkişaf yolunu necə xarakterizə etmək olar?

- Azərbaycanın zəngin dövlətçilik tarixinə möhtəşəm 21 il kimi yazılan ötən dövrdə Prezident İlham Əliyev ölkəmizi sürətlə inkişaf etdirərək, onu bölgənin lideri və söz sahibi, dünya birliyində isə öz layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətə çevirmişdir. Müasir Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin siyasi varisi olan Prezident İlham Əliyev həyata keçirdiyi uzaqgörən və müdrik iqtisadi siyasət həyata keçirməklə ötən 21 il ərzində Azərbaycanda misli görünməmiş quruculuq işləri aparmış və xüsusilə sosial-iqtisadi sahələrdə möhtəşəm uğurlara imza atmışdır.

Sözsüz ki, bu nailiyyətlərin hər birinin təməlində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik irsi və unikal inkişaf modeli dayanır. Xalqın gələcəyini düşünən əbədiyaşar lider zamanı qabaqlayaraq ölkəyə rəhbərliyinin bütün dövrlərində respublikamızın davamlı inkişafını və müstəqilliyimizin möhkəmləndirilməsini təmin etmək istiqamətində böyük işlər görmüş, Azərbaycanın strateji maraqlarının qorunması üçün zəruri və qəti addımlar atmışdır. Prezident İlham Əliyevin yetkin siyasətçi kimi formalaşmasında birbaşa Heydər Əliyev faktorunun əvəzolunmaz rolu vardır. Eyni zamanda, özünün unikal siyasi dühası, zəngin elmi fəaliyyəti, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda tədqiqatçı-alim kimi püxtələşməsi və diplomatiya, beynəlxalq münasibətlər sahəsində peşəkar kadr kimi özünü təsdiq etməsi Onun siyasi istedadının formalaşmasında mühüm rol oynamışdır. Cənab İlham Əliyev gənc yaşlarından dövlətin iqtisadi-siyasi ənənələrinin və inkişaf modelinin yaranmasında yaxından iştirak etmiş, həmin illərdə ölkəmizin iqtisadi həyatında xüsusilə vacib bir faktora çevrilmiş enerji diplomatiyasının uğurlarında misilsiz xidmətlər göstərmişdir. Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində çalışdığı dövrdə neft müqavilələri ilə bağlı aparılan gərgin müzakirələrdə birbaşa iştirak edən cənab İlham Əliyevin “Əsrin müqaviləsi”nin Azərbaycanın milli maraqları və mənafeyinə uyğun hazırlanması və imzalanmasında praqmatik və əzmkar fəaliyyətinin mühüm nəticələri olmuşdur.

1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilən İlham Əliyev deputat olduğu dövrdə geniş və çoxşaxəli fəaliyyət göstərmiş, qanunvericilik sahəsində yaxından iştirak edərək ali qanunvericilik orqanının fəaliyyətinə yenilikçi siyasətçi kimi sanballı töhfələr vermişdir. Millət vəkili kimi seçildiyi Qaradağ rayonunun problemlərini dərindən öyrənmiş, onların həlli üçün təxirəsalınmaz və təsirli addımlar atmış, əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqələrinə müntəzəm qayğı göstərmişdir. Əhalinin müxtəlif təbəqələrinin nümayəndələrinə - qaçqınlara, məcburi köçkünlərə və Qarabağ müharibəsinin əlillərinə qayğısı, Qaradağ rayonunda və ölkənin digər bölgələrində apardığı böyük quruculuq işləri bu dəstəyin parlaq təzahürləri kimi qiymətləndirilir.

Məhz İlham Əliyevin yorulmaz fəaliyyəti və qətiyyətli çıxışları sayəsində erməni təcavüzkarları Avropa Şurasında ifşa olunmuş, Azərbaycanın ayrılmaz parçası olan Qarabağ və ətraf rayonların işğalı barədə Qərb dünyasında obyektiv rəy formalaşmış, həmin münaqişəyə düzgün siyasi qiymət verilmiş və həlli yolunda mühüm addımlar atılmışdır. Avropa Şurasında Ermənistanın təcavüzkar və işğalçı dövlət kimi tanınmasında, erməni terrorçuluğunun beynəlxalq terrorizmin tərkib hissəsi kimi sübut olunmasında, nəzarətdən kənarda qalan Qarabağın narkotiklərin ötürücü məntəqəsinə və terror yuvasına çevrilməsinin Avropa və dünya ictimaiyyətinə çatdırılmasında İlham Əliyevin böyük xidmətləri olmuşdur.

Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən İlham Əliyev həm də görkəmli partiya xadimidir. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) Sədridir. İlham Əliyev YAP-ın I qurultayında (1999) partiya Sədrinin müavini, II qurultayında (2001) isə birinci müavini seçilmişdir. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn İlham Əliyev əhalinin geniş kütlələrinin rəğbətini qazanmaqla olduqca səmərəli fəaliyyət göstərmişdir. 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına İlham Əliyev rəhbərlik etmişdir. YAP həmin seçkilərdə parlaq qələbə qazanmış və Milli Məclisdə çoxluq əldə etmişdir.

2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkiləri Azərbaycanın ictimai-siyasi həyatında mühüm əlamətdar hadisə kimi qalmış, müasir siyasi tariximizə yeni mərhələnin başlanması kimi daxil olmuşdur. Bununla da ölkəmizdə keyfiyyətcə yeni inkişaf mərhələsi başlanıb.

- Azərbaycan Prezidentinin xalqımıza qazandırdığı ən böyük nailiyyət tarixi Zəfərimizdir...

- Prezident İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlməsindən sonra əsas hədəfi güclü Azərbaycan qurmaq və dövlətin iqtisadi qüdrətini artırmaqla, bir nömrəli problemi – Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin azad edilməsi məsələsini həll etmək olmuşdur. O, torpaqlarımızın 20 faizinin erməni işğalı altında olması kimi ağrılı və çətin bir mirası üzərinə götürərək, güclü ordu və yeni iqtisadiyyat quruculuğunun əsas fundamental sütunu olan məsuliyyəti şərəflə daşımışdır. Eyni zamanda, beynəlxalq siyasi və iqtisadi münasibətlər sistemində Azərbaycanın etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi qüdrətini artırmaq Onun qarşısında dayanan əsas məsələlərdən biri idi. Ümumilikdə, bütün bu faktorların gerçək həllini tapmasında başlıca vəzifə güclü iqtisadiyyatın formalaşdırılması idi.

Ölkəmizin iqtisadi imkanlarının artması digər sahələrdə də mühüm addımların atılmasını şərtləndirdi. İqtisadi müstəqilliyimiz siyasi müstəqilliyə stimul rolunu oynadı. Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzu daha da artdı, müxtəlif ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələr möhkəmləndi, diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsi kimi daim diqqətdə saxlanıldı. Artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin həlli ilə bağlı möhkəm hüquqi baza formalaşdı, Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu arasında yer aldı. Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərlə Ermənistanın 30 illik işğalına son qoyuldu. 2023-cü ildə şanlı ordumuzun keçirdiyi bir günlük lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü bərqərar oldu. Beləliklə, qalib Lider İlham Əliyev ən böyük missiyasını və ata vəsiyyətini yerinə yetirdi. Hazırda Zəfər missiyası azad edilmiş ərazilərdimizdə uğurla davam etdirilir.

Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 22 milyard manata yaxın vəsait ayrılmışdır. Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul edilmiş və uğurla icra edilir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından istifadə Azərbaycanın inkişafına böyük təkan verəcəkdir.

- Ötən dövrdə Azərbaycanın qazandığı sosial-iqtisadi uğurlar xalqımızın yüksək rifahının təmin olunmasında başlıca rol oynamışdır. Bu barədə fikirlərinizi bilmək istərdik...

- Prezident İlham Əliyev rəhbərliyi ilə 2004-cü ildən başlayaraq Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı üzrə dörd dövlət proqramı qəbul edilmişdir. Bu proqramlar çərçivəsində 100 milyard manatdan çox investisiya yatırılmışdır ki, bunun nəticəsində regionlarımızın siması başdan-başa dəyişmişdir. “Əsrin müqaviləsi” ilə Xəzər hövzəsini xarici investorlar üçün açan, Xəzərlə Qara dəniz və Aralıq dənizini birləşdirəcək enerji infrastrukturunun əsasını qoyan Ulu Öndər Heydər Əliyevin neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində yaranan imkanlar qarşıya qoyulan genişmiqyaslı vəzifələrin tam həcmdə yerinə yetirilməsi üçün mühüm zəmin yaratmış və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi transmilli qaz kəmərlərinin formalaşmasına gətirib çıxarmışdır. Bununla da dünyanın enerji xəritəsində yeni bir mənzərə yaranmışdır. 2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan qazının tarixdə ilk dəfə olaraq Avropaya ixracına start verildi.

Bu irimiqyaslı neft və qaz layihələri ilə yanaşı, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, 2018-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin və 2023-cü ildə Ələt Azad İqtisadi Zonasının açılışı ilə Azərbaycan regionun ən böyük ticarət və logistika ölkəsinə, Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhliz nəqliyyat marşrutlarının mərkəzinə çevrilib.

Bu gün Azərbaycan regionumuzda ən böyük mülki hava, Xəzər dənizində isə ən böyük dəniz yük donanmalarına malik ölkədir. Dövlət başçısının rəhbərliyi dövründə ölkəmizdə 8 beynəlxalq hava limanı tikilmiş və yenidən qurulmuşdur. 2025-ci ildə Laçın Beynəlxalq Hava Limanı istismara verildikdən sonra Azərbaycanda beynəlxalq hava limanlarının sayı 9-a çatacaqdır. Hazırda Prezident İlham Əliyev Azərbaycanın “yaşıl enerji” ölkəsi statusunun dünya miqyasında möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparır. Uğurlu və qətiyyətli siyasət, həyata keçirilən dövlət proqramları və irimiqyaslı layihələr Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına təkan verməkdədir.

Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycanın ümumi daxili məhsulu real ifadədə 3,7 dəfə artıb. Bu, son iki onillikdə qlobal miqyasda əldə olunan ən yaxşı iqtisadi nailiyyətlərdən biridir.  Ötən 21 il müddətində qeyri-neft sektoru üzrə ÜDM 3,4 dəfə, dövlət büdcəsinin xərcləri 31 dəfə artmışdır.

Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3700 manatdan çoxdur. Xarici ticarət dövriyyəsi 10,8 dəfə, o cümlədən ixrac 16,1 dəfə artmışdır. 2003-cü illə müqayisədə 2022-ci ildə adambaşına düşən ÜDM 3 dəfəyə yaxın artaraq, 13 256 manat təşkil etmişdir. Aparılan çoxşaxəli iqtisadi siyasət nəticəsində davamlı iqtisadi inkişaf tam təmin olunmuşdur.

Birbaşa xarici borcun həcmi azalaraq hazırda ümumi daxili məhsulun 8 faizini təşkil edir.  Azərbaycanın xarici valyuta ehtiyatları son 20 ildə 47 dəfədən çox artaraq 72 milyard dolları keçib. Bu dövr ərzində ölkəmizdə sərmayələrin ümumi həcmi 310 milyard ABŞ dollarından çoxdur və onlardan 200  milyard dolları qeyri-enerji sektoruna yatırılıb.

Prezident İlham Əliyevin zəngin, çoxşaxəli və unikal dövlətçilik təcrübəsi və bənzərsiz fəaliyyəti təsdiqləyir ki, Azərbaycanda dövlət quruculuğu çox etibarlı və möhkəm əllərdədir. Azərbaycan regionun lider dövləti statusunda həm də qlobal iqtisadi güc faktorudur.