24 dekabr 2024 23:56
123

Antimilli ünsürlərdə azacıq mənəviyyat, heysiyyat, sağlam düşüncə olsa…

Yaxud yalanı, böhtanı, dövlətə, dövlətçiliyə qarşı qarayaxma kampaniyası aparmağı gündəlik həyat və “yaradıcılıq” tərzinə çevirənlərə tərs şillə

AXCP sədri Əli Kərimli, “Milli Şura”nın təmsilçisi Gültəkin Hacıbəyli başda olmaqla ölkədəki radikal müxalifət düşərgəsi Qərbdəki ağalarından aldıqları növbəti ev tapşırığını yerinə yetirmək üçün qollarını çırmalayıb internet resurslarında yalan, böhtan, şantaj, manipulyasiya yarışına çıxıblar. Dağıdıcı, inkarçı müxalifət zümrəsinə xaricdəki ağalarından bu dəfə verilən sifariş Prezident İlham Əliyevin dekabrın 17-də Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibə ilə bağlı şantaj xarakterli xəbərlər yaymaq, yalan, böhtan dolu qərəzli fikirlər səsləndirməklə ictimaiyyətdə yanlış rəy formalaşdırmaqdan ibarətdir.

Korporativ maraqları naminə dövlətə, dövlətçiliyə qarşı qarayaxma kampaniyası aparmağı gündəlik həyat və yaradıcılıq tərzinə çevirən AXCP-nin və onun marionetkası olan “Milli Şura” nın təmsilçiləri aldıqları sifarişə uyğun olararaq sosial səbəkə platformalarında müsahibə ilə bağlı yanlış, uydurma fikirlər səsləndirərək ölkəmizin xarici siyasətində əldə edilən uğurlara, Azərbaycan və Türkiyənin birgə qazandığı nailiyyətlərə  kölgə salmaq üçün mənəviyyatsızcasına bütün güclərini səfərbər ediblər. Qərbdəki qrant fondlarının qarşısında əmrə müntəzir dayanan antimilli ünsürlər verilən tapşırıq əsasında Azərbaycanı Rusiyayönümlü siyasət yürütməkdə ittiham edərək nəinki ölkə, hətta Türkiyə ictimaiyyətində yanlış ictimai rəy formalaşdırmaqla iki qardaş ölkə arasında münasibətləri zədələmək üçün ən “kirli” texnologiyalardan istifadə edirlər.

Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmək, bu münasibətlərin korlanmasında həyasızcasına və düşməncəsinə Azərbaycan hakimiyyətini ittiham etmək missiyasını xəyanətkarcasına yerinə yetirən Ə.Kərimli, G.Hacıbəyli, F.Qəhrəmanlı kimilər nə qədər çalışsalar, nə  qədər əllaməlik etsələr də istədiklərinə nail ola bilmirlər. Çünki dövlətimizin başçısının müsahibədə səsləndirdiyi fikirlər Türkiyənin Anadolu Agentliyində, “Cümhuriyyət”, “Star”, “Başka” qəzetlərində, “BengüTürk” telekanalının xəbərlərində, “HaberGlobal” telekanalının saytında, “Türk Ajansı Kipr” xəbər agentliyində, “Kıbrıs Türk” qəzetində geniş işıqlandırılıb.

Qardaş ölkənin tanınmış ekspertləri də müsahibənin əsas məqamlarına diqqət çəkərək ətraflı şərhlər veriblər. Məsələn, Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, təqaüddə olan general-mayor Yücel Karauz “Oxu.Az”a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin müsahibədə ifadə etdiyi fikirlər beynəlxalq ictimaiyyətə mesaj xarakterli idi. O bilidirb ki, Prezidentin jurnalistin Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyacın olub-olmadığı ilə bağlı sualına verdiyi cavab çox əhəmiyyətlidir: “Əslində, İlham Əliyevin beynəlxalq mediaya verdiyi müsahibələrin və toxunduğu mövzuların, bu vasitə ilə çatdırdığı mesajların siyasət akademiyalarında, məktəblərdə dərs proqramlarına daxil edilməsinin vacibliyini görürük. Bu baxımdan, dövlət başçısının həmin müsahibədə regional və qlobal mənada hadisələrə baxış bucağını ifadə etməsi Azərbaycanın milli maraqları, beynəlxalq hüquq və ədalət məsələsində qətiyyətli mövqeyini göstərir”.

Y.Karauz Türkiyə hərbi bazası məsələsi ilə bağlı dövlətimizin başçısının verdiyi cavabın qısa və aydın olduğunu diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyev hazırkı geosiyasi vəziyyətin Birinci və İkinci Dünya müharibələri dövründəki şərtlərdən fərqli olduğunu söyləyib: “Yəni indi bir ölkənin digər ölkəyə dəstəyini göstərmək üçün orada hərbi baza qurmaq dövrü geridə qalıb. Şuşa Bəyannaməsindəki bu məqam tarixi, siyasi, hərbi və hüquqi kontekstdə bazadan minqat daha dəyərli və mənalıdır. Cənab Prezident Azərbaycan Ordusunun inkişafına göstərdiyi töhfəyə görə Türkiyə dövlətinə təşəkkür edib”.

Bu da Ə.Kərimliyə və onun başıpozuq dəstəsinə verilən lazımi cavab. Yəqin ki, bu cavab AXCP sədrinə və onun tör-töküntülərinə əsl tərs şillə effekti verdi. Əslində, bu antimilli qaragüruhçu ünsürlərdə azacıq abır-həya, mənəviyyat, heysiyyat, sağlam düşüncə olsa bundan sonra bu məsələlərlə bağlı ağızlarını açıb bir kəlmə də danışmazdılar…

Zahid Rza, “İki sahil”