25 dekabr 2024 14:21
112

Həmrəylik Günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. 1989-cu ilin noyabrında keçirilən Məclisi xalqın iradəsini bir daha ifadə edərək Cənubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etmişdir.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dünya ölkələrində yüksək səviyyədə qeyd edilməsində ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının da rolu əvəzsizdir. Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Təbii ki, Azərbaycan diasporunun formalaşması, xaricdə yaşayan azərbaycanlıların həmrəylik nümayiş etdirməsində ümummilli lider Heydər Əliyevin əməyi, rolu əvəzsizdir. Mübaliğəsiz demək olar ki, Azərbaycan diasporunun bu günkü mərhələyə gəlib çatmasında ümummilli liderin atmış olduğu tarixi addım mühüm əhəmiyyət kıəsb edir. Belə ki, Heydər Əliyevin imzaladığı sərəncam əsasında 2001-ci ilin, noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi bu sahədə dönüş oldu. Qurultayda ümummilli liderin şəxsən iştirak etməsi Onun azərbaycanlıların birlik və bərabərliyinə, həmrəyliyinə nə dərəcədə ciddi diqqət yetirdiyini ortaya qoyurdu.

Təsadüfi deyil ki, qurultayda çıxışı zamanı Ulu Öndər Heydər Əliyev məhz bu məsələyə diqqət çəkərək qeyd edirdi: "Müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların hər biri yaşadığı ölkədə həyatını özü istədiyi kimi qurub yaşayır. Yaşadığı ölkənin vətəndaşıdır, onun qanun-qaydaları ilə yaşamalıdır və istədiyi yol ilə getməlidir. Ancaq eyni zamanda, indi azərbaycanlıların bir müstəqil dövləti mövcud olduğu halda, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir-biri ilə daha da sıx əlaqə qurması, öz həmrəyliklərini bəyan etməsi və müstəqil Azərbaycan dövləti ilə əlaqələr yaratması tarixin bu mərhələsində çox əhəmiyyətli bir vəzifə kimi meydana çıxır. Bizim vəzifəmiz, Azərbaycan dövlətinin vəzifəsi ondan ibarətdir ki, bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərsin, onların həyatı ilə maraqlansın və dövlətimizlə ayrı-ayrı ölkələrdə olan Azərbaycan icması arasında əlaqələri daha da inkişaf etdirsin. Azərbaycanın xaricində yaşayan azərbaycanlılar isə gərək, indi müstəqil Azərbaycan ilə daha da sıx əlaqələr qursunlar. Bunlar hamısı dünyada olan bütün azərbaycanıların birliyinin, həmrəyliyinin təmin olunması üçün əsas şərtlərdir".

Bu gün tam əminliklə deyə bilərik ki, dünyada yaşayan azərbaycanlılar həmrəydirlər. Çünki bu işin bünövrəsi sağlam təməllər üzərində qurulub. Ən başlıcası Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət günümüzdə də uğurla davam etdirilir. Bunun bariz nümunəsi Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin bilavasitə iştirakı ilə Dünya Azərbaycanlılarının 2, 3 və 4-cü qurultaylarının yüksək səviyyədə keçirilməsidir. Məhz bu kimi qurultaylar, toplantılar dünyada yaşayan azərbaycanlıların daha da həmrəy olmasını şərtləndirir, bunu reallığa çevririr. Bu gün artıq əminliklə deyə bilərik ki, keçən illər ərzində biz buna nail olmuşuq.

Azərbaycan dövləti öz fəaliyyətində həmişə xaricdə yaşayan azərbaycanlıların yaşayışı ilə maraqlanır,təmaslar qurur. Bütün bu tədbirlər milli- mənəvi, intellektual potensialına görə dünyanın böyük xalqları ilə bir sırada dayanan xalqımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşməsinə, tarix səhnəsində mühüm rol oynayan mütəşəkkil qüvvə kimi formalaşmasına güclü təkan verib.Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 19 ildə Azərbaycanın inkişaf yolunda ardıcıl qazandığı uğurlarbütün dünya azərbaycanlılarını qəlbən sevindirir. Azərbaycanın Cənubi Qafqazda əsas söz və nüfuz sahibikimi çıxış etməsi dünyanın müxtəlif ölkələrinə səpələnmiş həmvətənlərimizi daha da qürurlandırır.

Azərbaycan dövlətinin güclənməsi soydaşlarımızın xaricdəki diaspor təşkilatlarının fəaliyyətinə də müsbət təsir edir. Odur ki, dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız Azərbaycanın müstəqil siyasət yeritməsindən, dünya birliyində mövqelərini daha  da möhkəmləndirməsindən, eyni zamanda həyata keçirilən diaspor siyasətindən məmnunluq duyurlar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, güclü iradəsi, yenilməz qətiyyəti, şanlı ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı, xalqımızın öz rəhbəri ətrafında yumruq kimi birləşməsi nəticəsində möhtəşəm qələbəyə nail olundu. 30 illik Vətən, yurd həsrətinə, nisgilinə son qoyan bu tarixi zəfərin Ölçüyə sevincini, fərəhini xalqımız bu gün də yaşamaqdadır. Qürur hissi keçiririk ki, bu böyük qələbənin qazanılmasına həmyerlilərimiz də özlərinin layiqli töhfələrini vermişlər.

Əsas məsələlərdən biri də odur ki, bu müharibədə cəmiyyət Prezident İlham Əliyevin ətrafında sıx səfərbər oldu. Bu, həm milli həmrəyliyimizin, həm də xalqımızın öz rəhbərinə olan yüksək ehtiram və inamının təcəssümü idi. Dövlətimizin başçısının əzmkarlığı, ilk gündən nümayiş etdirdiyi hərbi- siyasi qətiyyət hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi. Siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən və dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı 44 günlük müharibədə milli həmrəylik nümayiş etdirdi.

Mirhaşim Calalov,
YAP Xətai rayon təşkilatının "Yusif Səfərov 21" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü