26 dekabr 2024 00:57
165

Fransanın agenti Salome Zurabişvili Gürcüstanı vətəndaş müharibəsinə sürükləyir

Azərbaycanın Gürcüstanla sıx müttəfiqlik münasibətləri var. Cənubi Qafqazda möhkəmlənmək istəyən Qərb, xüsusilə Fransa isə iki ölkə arasındakı əməkdaşlığa qısqanclıqla yanaşır. Odur ki, nəyin bahasına olursa-olsun Azərbaycanla Gürcüstan arasında dostluğu pozmağa çalışır. Bu mənada demək olar ki, Gürcüstanda törədilən fitnəkarlıqlar həm də Qərbin bu missiyasına xidmət edir. Prezident İlham Əliyev Rusiya telekanalına son müsahibəsində bildirdiyi kimi, Gürcüstanda sabitliyin pozulması və ya sabitliyin pozulması təhlükəsi Gürcüstan üçün olduğu kimi, Azərbaycan üçün də zərərlidir: “Bu səbəbdən biz öz tərəfimizdən çalışırıq və bütün addımları atırıq ki, Gürcüstanda vəziyyət siyasi məcrada sabit olsun, Gürcüstan uğurla inkişaf etsin”.

Yeri gəlmişkən, Gürcüstanın Baş naziri İrakli Kobaxidze dekabrın 24-də  Prezident İlham Əliyevə zəng edərək dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib. Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin bundan sonra da müxtəlif sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub, əməkdaşlığımızın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri Sahibə Qafarovanın dekabrın 24-də ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin Gənclər, elm və təhsil məsələləri komitəsinin sədri Givi Mikanadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə də bu kimi məsələlərdən söz açılıb.

 “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının atdığı addımlarla razılaşmayan, "qrant agenturası" ilə ortaq olan və səlahiyyət müddəti bitdikdən sonra kreslosundan uzaqlaşmayacağını bildirən Fransanın agenti, Gürcüstanın sabiq Prezidenti Salome Zurabişvili bu məsələdə daha aqressiv görünür. Yəni, o, ölkəsinin Qərbin diktəsi ilə oturub-durması məqsədilə Makronla açıq-aydın bazarlıq edir. Hətta o, hakim  partiyanın dekabrın 29-dək təkrar seçkilərin keçirilməsinə razılıq verməyəcəyi təqdirdə, təkrar parlament seçkilərinin təşkili məqsədilə şura formalaşdırmaq niyyətində olduğunu bildirib. Hakim partiyanın fəxri sədri  Bidzina İvanişvili ilə yeni seçkilərin təyin olunması məsələsi ilə bağlı görüşməyə hazır olduğunu bildirən Salome Zurabişvili bununla yanaşı, yeni seçilmiş Prezident Mixeil Kavelaşvilinin dekabrın 29-na təyin edilmiş inauqurasiyasına baxmayaraq, ölkənin prezidenti olaraq qalmaq fikrində olduğunu da sözlərinə əlavə edib. Hətta o, bildirib ki, hakim “Gürcü Arzusu” Partiyası və müxalifət yeni parlament seçkilərinin təyin edilməsi ilə bağlı kompromis əldə etməsələr, o zaman Gürcüstan “rejimin devrilməsi” ilə üzləşəcək: “Şərtlərimiz qəbul edilməzsə, Gürcüstanda çevriliş edəcəyik”. Bununla da Zurabişvili guya Gürcüstanda mübarizənin yeni mərhələsinin başlandığını və bütün istiqamətlərdə hücuma keçəcəklərini vurğulayıb. Bu da o deməkdir ki, Gürcüstanda yeni dalğalar gözlənilir və tezliklə mübarizə daha radikal mərhələyə keçə bilər. Çünki Zurabişvili bütün imkanlarından istifadə edərək ölkəni vətəndaş müharibəsinə sürükləməkdə israrlı görünür.

Yeri gəlmişkən, Polşa Prezidenti Andjey Duda, Çexiya lideri Petr Pavel də Zurabişvilini dəstəkləyənlər sırasındadır. Bu günlərdə Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer isə bildirib ki, təmsil etdiyi ölkənin Avropa İttifaqına inteqrasiya yolundan uzaqlaşması və etirazların yatırılmasına cavab olaraq Gürcüstanla 237 milyon avro dəyərində layihələri dayandırıb.

Bütün bunlar bir daha göstərir ki, bir neçə gün öncə Fransada olarkən Makrondan yeni ciddi göstərişlər alan Salome Zurabişvili Gürcüstanın dağıdılmasına zəmin yaradacaq hansısa şəxsi, daha doğrusu, Qərbin diktəsi ilə oturub-duranı  hakimiyyəti gətirmək istəyir. Göründüyü kimi, o, xarici aktorların tapşırıqlarını öz ölkəsinin maraqlarından daha üstün tutur. Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib ki, S.Zurabişvilinin ölkədə yeni parlament seçkilərinin keçirilməsi tələbi heç bir legitimliyə malik deyil və əsassızdır. “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının deputatı Tengiz Şarmanaşvili təkrar və ya yeni seçkilərin keçirilməsi üçün heç bir əsas olmadığını söyləyib.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının bəyanatında isə deyilir ki, seçkilərin saxtalaşdırıldığına dair Prezidentin bəyanatları heç bir sübuta əsaslanmır və faktiki halları qəsdən siyasi məqsədlə təhrif edir: “Seçki nəticələrinə əsaslı təsir göstərə biləcək hər hansı pozuntu barədə təsdiqlənmiş faktlar mövcud deyil. Lakin Prezident və bəzi şəxslər seçki administrasiyasını gözdən salmağa çalışaraq ölkədəki gərginliyi daha da artırmağa cəhd göstərirlər”. Sənəddə, həmçinin deyilir ki, seçkilər qanun çərçivəsində yüksək peşəkarlıqla keçirilib və bu, beynəlxalq müşahidəçilər, o cümlədən ATƏT-in hesabatlarında təsdiqlənib. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili isə Gürcüstan demokratiyasına qarşı xarici hücumları dayandırmağın və gürcü xalqının seçkilər vasitəsilə ifadə olunmuş iradəsini tanımağın vaxtı çatdığını bildirib.  Baş nazir İrakli Kobaxidze də ölkədə baş verən hadisələrin arxasında Qərbin dayandığını yaxşı bildikərini deyib. Onun sözlərinə görə, səlahiyyət müddəti dekabrın 29-da başa çatan Zurabişvili vəzifəsini tərk etməkdən imtina edərsə, yeni parlament seçkilərinin təyin olunması ideyasında israrlı olarsa, açıq şəkildə dövlət çevrilişinə çağırışlar edərsə onu həbs gözləyir.

Bütün bunlar isə ondan xəbər verir ki, Salome Zurabişvilinin istəyi baş tutmayacaq. Çünki uzun illər yerlərdəki emissarları vasitəsilə müxalifəti maliyyələşdirib hakimiyyətə qarşı çevirməyə çalışılsa da, bu cəhdlər nəticəsiz olub. Şübhəsiz, bu dəfə də belə olacaq. Yəni, gürcü xalqının iradəsi ilə Gürcüstan ABŞ və Qərbin geopolitik maraqlarının təmin edilməsi üçün növbəti "regional qurban"a çevrilməyəcək. Bundan isə qazanan həm demokratik yolla inkişaf edən, Avrointeqrasiya istiqamətində lazımi səviyyədə addımlar atan Gürcüstan, həm də müstəqil siyasət yürüdən Azərbaycan, bütövlükdə Cənubi Qafqaz olacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”