Prezident İlham Əliyev: Fiziki güc mənəvi saflığa da yol açır və şadam ki, bizim idmançılarımızın mütləq əksəriyyəti idmanda da, məişətdə də, cəmiyyətdə də nümunədirlər, örnəkdirlər
Başa çatmasına sayılı günlər qalan 2024-cü il Azərbaycan idmanında böyük uğurlarla yadda qaldı. Bu il ölkəmizdə keçirilən genişmiqyaslı tədbirlər, bir çox idman növləri üzrə çempionatlar, Qran-Pri yarışları yüksək səviyyədə təşkil olundu. Təsadüfi deyil ki, bu il də Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmiş, 1700-ə yaxın medal qazanılmışdır. Bölgələrdə keçirilən beynəlxalq turnirlərin yüksək səviyyədə təşkili göstərdi ki, Azərbaycan nüfuzlu yarışları yalnız paytaxt Bakıda deyil, idman infrastrukturu olan regionlarda da qəbul etməyə tam hazırdır. Ölkəmiz son onilliklərdə I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi bir çox mötəbər beynəlxalq idman tədbirlərinə, dünya çempionatlarına ev sahibliyi edib. Bütün bunlar Azərbaycanda idmana kütləvi marağı artırmaqla yanaşı, digər sahələrdə də irəliləyişlərə kömək göstərir. Turizmin və mədəniyyətin inkişafına, iqtisadi əlaqələrin genişlənməsinə fayda verir.
Dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərkən bildirdi ki, hər il olduğu kimi, bu il də Azərbaycan idmanı üçün uğurlu il olub. Ölkə Prezidenti vurğulayıb ki, bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşıya qoyulmuş bütün vəzifələr icra edilib və Azərbaycanın dinamik inkişafı təmin olunub. Qazanılmış uğurları təhlil edərkən Prezident İlham Əliyev dünya, Avropa çempionatlarında idmançılarımızın ölkəmizi ləyaqətlə təmsil etdiklərini diqqətə çatdırıb: “2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanılmışdır. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir. Əlbəttə ki, ilin ən böyük yarışı Yay Olimpiya Oyunları idi və burada da biz tarixi nəticə əldə etmişik. Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir və bu dəfə ən yüksək yerə layiq görülmüşdür, komanda hesabında Azərbaycan 30-cu yerdə qərarlaşmışdır. Bu, ən yüksək nəticədir. Bütövlükdə iki yüzdən çox milli komanda Olimpiya Oyunlarında iştirak edirdi. Onların arasında 30-cu olmaq çox böyük nailiyyətdir.”
Sağlam həyat tərzinin təbliğ edilməsinin vacibliyini vurğulayan Prezident İlham Əliyev idmanın gənclərin vətənpərvərlik tərbiyəsində çox mühüm rol oynadığını diqqətə çatdırdı. Azərbaycan gəncliyindəki bu vətənpərvərlik ruhunun formalaşmasında ölkəmizin son onilliklərdəki idman qələbələrinin müstəsna rolu var. Qeyd olundu ki, hazırda ölkəmizdə idmanın kütləviliyinin təmini və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Bu gün Azərbaycanın bölgələrində qırxdan çox müasir Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Hətta, işğaldan azad edilmiş torpaqlarımızda belə müasir stadionların, idman komplekslərinin və müxtəlif idman qurğularının tikintisi azad edilmiş şəhərlərimizin Baş planında öz əksini tapmışdır. Belə ki, Ağdam şəhərində yeni, bütün beynəlxalq standartlara cavab verən stadion inşa edilir. Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməli qoyulub. Suqovuşan və Köndələnçay su anbarlarında artıq beynəlxalq avarçəkmə yarışları təşkil edilir. Şuşa şəhərində də bir neçə idman yarışı keçirilmişdir. Azərbaycanın büdcəsi hesabına hələ keçən əsrin 50-ci illərində inşa edilmiş Xankəndi şəhərindəki stadion da hazırda əsaslı şəkildə təmir edilir, yenidən qurulur. Xatırladaq ki, hələ bir il bundan əvvəl Xankəndi stadionunda tarixi futbol yarışı - Azərbaycan Kubokunun 1/8 final mərhələsi “Qarabağ” – MOİK komandaları arasında oyun baş tutmuşdu. Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tarixi futbol oyununun açılış mərasimində çıxış etmiş və sonra arenaya daxil olaraq meydanın mərkəzindən ilk zərbə ilə topu oyuna daxil etmişdir.
Gələn il Azərbaycan növbəti böyük idman yarışına - Üçüncü MDB Oyunlarına ev sahibliyi edəcək. Bunun üçün 14 şəhər seçilib və əsas oyunlar Gəncə şəhərində keçiriləcək. Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq. Gəncədə yeni stadion inşa edilir və Oyunlara qədər istismara verilməsi nəzərdə tutulur. Eyni zamanda, bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin böyük Olimpiya İdman Kompleksi açılmışdır. Hətta Bakı şəhərində bu boyda və bu qədər funksional standartlara cavab verən Olimpiya Kompleksi olmamışdır. Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Ölkə başçısı İlham Əliyev bildirdi: “Gəncə şəhərində isə 7000 iştirakçını, onların komandalarını, heyətlərini qəbul etmək üçün əlbəttə ki, şərait yaradılmalıdır və müvafiq göstərişlər verildi. Gələn ildən başlayaraq Gəncə şəhərində çox böyük təmir-bərpa işləri aparılacaq. Həm şəhər infrastrukturu yenilənəcək, şəhər nəqliyyatı tamamilə yenilənəcək, tarixi binaların bərpası və digər infrastruktur layihələrimiz icra ediləcək ki, bizim qədim şəhərimiz olan, Nizami yurdu olan Gəncə bütün MDB məkanına və daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda, tarixi simasını və müasirliyini təqdim etsin. Əlbəttə ki, biz təbii olaraq bu Oyunlara da hazırlaşırıq. Əminəm ki, bu Oyunların ev sahibi kimi Azərbaycan idmançıları, gənc idmançılar yaxşı nəticələr göstərəcəklər”.
Onu da vurğulayaq ki, dövlət başçısının idmana və idmançılara göstərdiyi yüksək qayğının nümunəsi kimi Prezident təqaüdünün təsis edilmiş, Onun göstərişi əsasında isə Milli Olimpiya Komitəsi tərəfindən respublikanın adlı-sanlı idmançıları üçün aylıq təqaüd təsis edilmişdir. Hər ilin yekunlarına görə idmançılara mənzillər və digər mükafatlar verilir, idman mütəxəssislərinə, məşqçilərə böyük həcmdə yardım göstərilir. Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bu məsələyə də diqqət ayırdı: “Biz ilin sonunda, ya da ki, hər ilin əvvəlində ənənəvi olaraq idmançılarımızı təltif edirik - dövlət təltifləri ilə, mənzillərlə. Bu proses artıq 27 ildir ki, davam edir. Çünki mən Milli Olimpiya Komitəsinin Prezidenti vəzifəsinə seçiləndən sonra çox yaxşı görürdüm ki, əgər idmançılara dövlət qayğısı göstərilməsə, idman inkişaf edə bilməz və idmanın inkişafının bir çox amilləri Azərbaycanda vəhdət təşkil edir, ilk növbədə, dövlət dəstəyi. Bütün təltiflər tamamilə əsaslıdır. Həm idmançılar, həm də idman ictimaiyyətinin nümayəndələri, eyni zamanda, məşqçilər və digər idman mütəxəssisləri dövlət tərəfindən layiqincə qiymətləndirilir və bu da ədalətlidir”.
Prezident İlham Əliyevin digər sahələrdə olduğu kimi, idman sahəsinə də diqqət və qayğısı onu göstərir ki, Azərbaycanda idman bundan sonra da uğurla inkişaf edəcək və idmançılarımız böyük uğurlar qazanacaqlar.
Sevinc Azadi, “İki sahil”