27 dekabr 2024 01:27
150

Bakı Təşəbbüs Qrupu Makron Fransasını silkələyir

Fransa tarixən yeni ərazilər ələ keçirmək, bu və ya digər bölgədə möhkəmlənməyə çalışıb. Hazırda bu dövlət Afrika ölkələrinin bir hissəsini hələ də nəzarətində saxlayır. Bəzi ölkələr Afrika ölkələrinin hüquqları uğrunda apardıqları mübarizəyə dəstək verir. Azərbaycan isə Fransanın müstəmləkəçilik siyasətinə qarşı ən aktiv, həm də ciddi mübarizə aparan bir ölkə kimi  tanınır.  Azərbaycan  Bakı Təşəbbüs Qrupu (BTQ) vasitəsilə Fransanın zülmündən əziyyət çəkən ölkələrin səsini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində ciddi addımlar atır. Bu da artıq öz səmərəsini verməkdədir. Ölkəmizin mənəvi dəstəyi ilə Yeni Kaledoniya, Fransız Polineziyası, Korsika, Qvadelupa, Martinika, Fransız Qvianası və Reünyon kimi bölgələrin müstəmləkəçiliyin buraxdığı uzunmüddətli miraslarla mübarizəsini davam etdirməsi  bu faktı bir daha sübut edir.

BTQ-nin icraçı direktoru Abbas Abbasov Dekolonizasiya Gününə həsr edilmiş 2024-cü il üzrə hesabatının təqdimatında yaxın illərdə kiçik ada ölkələrinin hansısa birində müstəqillik əldə olunacağını əminliklə vurğulayıb. Yeri gəlmişkən, Fransanın çirkin müstəmləkəçilik siyasətini indiyə qədər heç bir təşkilat BTQ kimi beynəlxalq aləmə təqdim etməyib, müstəmləkə haqsızlıqlarına qarşı mübarizəyə çağırmayıb. Azərbaycan Avrasi­yada yeganə dövlətdir ki, beynəlxalq təşkilat çərçivəsində Fransa müstəmləkə siyasətinə qarşı dövlətlərin mübarizəsini yönləndirir. Hətta bir neçə gün öncə sözügedən təşkilat Korsikanın dekolonizasiyası prosesinə dəstək vermək məqsədilə Roma Papası Fransiskə müraciət də ünvanlayıb. Bu mənada Azərbaycan düşünülmüş diplomatiyası, həm beynəlxalq təşkilatlarda­kı fəaliyyəti, həm də BTQ ilə Parisin müstəmləkəçilik xülyalarını darmadağın edir.

Artıq Azərbaycanın uğurlarını həzm edə bilməyən, dəfələrlə ölkəmizə qarşı müxtəlif qətnamələrlə, o cümlədən sanksiyaların tətbiqi ilə bağlı çağırışlar edən Makron Fransası da Azərbaycanın bu uğurlu siyasətini etiraf edir.  Bu günlərdə Fransa Daxili İşlər Nazirliyinin Ərazi Kəşfiyyatı üzrə Milli İdarəsinin rəisi Bertrand Çamoulaud “Le Monde” qəzetinə Fransanın Afrikadakı mövcudluğundan danışarkən BTQ-nin adını çəkib. Bildirib ki, dənizaşırı ərazilərdə kolonializmə qarşı cərəyan güclənir:  “Onların təsiri bu tip müstəqillik hərəkatlarını dəstəkləyən və onlara tribuna verən Bakı Təşəbbüs Qrupu kimi xarici aktorlar tərəfindən gücləndirilib”. O, həmçinin vurğulayıb ki, informasiya müharibəsi şəraitində Kemi Seba kimi şəxslər fransız diplomatiyasına zərbə vurur. Məlumat üçün qeyd edək ki, Azərbaycanın Qoşulmama Hərəkatında fəal iştirak etdiyini, kolonizasiyaya qarşı ən ciddi mübarizə aparanlar sırasında olduğunu dəfələrlə vurğulayan Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan  Kemi Seba BTQ-nin tədbirlərində mütəmadi iştirak edir. Elə bu səbəbdən də Fransa məxfi xidməti  tərəfindən təqiblərə məruz qalır.

 Yeri gəlmişkən qeyd edək ki, Afrikada müstəmləkəçilik dayaqları getdikcə zəifləyən Fransa Ermənistanın əli ilə Cənubi Qafqazda öz geosiyasi ambisiyalarını reallaşdırmaq niyyətinə düşməklə Azərbaycana qarşı cəbhə açmaq istəyir. Halbuki, Azərbaycan indiyədək  heç bir ölkənin daxili işlərinə qarışmayıb və qarışmaq fikri də yoxdur. Rəsmi Bakı sadəcə kolonializmdən əziyyət çəkən bütün xalqları beynəlxalq hüquq normaları çərçivəsində dəstəkləməklə onlara mənəvi dəstək göstərir. Bu mənada əminliklə demək olar ki, Azərbaycan konkret bir ölkəyə qarşı deyil, insanları öz müqəddəratını təyinetmə hüququndan və azadlığından məhrum edən müstəmləkə sisteminə qarşı mübarizə aparır.

Məlumat üçün qeyd edək ki, BTQ Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda konfransın iştirakçıları tərəfindən yaradılıb. Bu qurum indiyədək  20-dən çox  beynəlxalq tədbir təşkil edib, 7-dən çox hesabat hazırlayaraq aidiyyəti beynəlxalq təşkilatlara göndərib. Şübhəsiz, bütün bunlar BTQ-nin uğurlarıdır. Bu mənada müstəmləkə zülmü altında inləyən xalqların müstəqillik uğrunda ədalətli mübarizəsini dəstəkləyən BTQ-nin fəaliyyəti  təqdirəlayiqdir. Elə bu kimi səbəblərdən Prezident İlham Əliyev  bu qurumun fəaliyyətini  dəfələrlə yüksək dəyərləndirib. Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, tezliklə BTQ müstəm­ləkəçiliyə qarşı mübarizə platforması kimi beynəlxalq aləmə  də nümunə olacaq. 

Qvami Məhəbbətoğlu, “İki sahil”