26 dekabr 2024 17:23
152

Milli birliyin və bərabərliyin simvolu

Milli birlik, bərabərlik, vahid məqsəd və mərama qulluq etmək, milli maraqları şəxsi maraqlardan daim üstün tutmaq, bir amal uğrunda mücadilə aparmaq, əslində, hər bir xalqın, hər bir millətin və ümumən bütün insanlığın əbədi və əzəli arzularından biridir. Lakin arzular heç də həmişə gerçəkləşmir. Bu cəhətdən Azərbaycan xalqı çox xoşbəxtdir. Belə ki, xalqımız taleyin və tarixin bütün keşməkeşlərini, bütün ziddiyyətlərini, bütün  maneələrini ləyaqətlə adlaya bilmişdir. Təbii ki, bu çətin və şərəfli yollarda büdrəmələr çox olmuşdur. Ancaq Azərbaycan xalqının müdrikliyi və görkəmli şəxsiyyətlərimizin uzaqgörənliyi sayəsində biz saysız-hesabsız böyük tarixi nailiyyətlərə müvəffəq ola bilmişik. Şərqdə ilk demokratik respublika sayılan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, müstəqil Azərbaycan Respublikasının yaradılması, 44 günlük şanlı və şərəfli Vətən müharbəsi nəticəsində qazanılan qələbəmiz, ərazi bütövlüyümüzün və milli suverenliyimizin bərpası, gözəl Qarabağa böyük qayıdış və digər əlamətdar hadisələrin kəmiyyət və keyfiyyəti bir daha onu göstərir ki, qədim və müasir Azərbaycan xalqı qəhrəman, cəsarətli, qətiyyətli və rəşadətli xalqdır.

Yaxın və uzaq tariximizə boylansaq, görərik ki, başımız çox bəlalar çəkib. Azadlıq, həmrəylik, sülh kimi mühüm sərvətlərə çox möhtac qalmışıq. Yaddlar və yadellilər bizi zaman-zaman yaralamış və utanmazcasına özlərindən asılı vəziyyətə salmışlar. Lakin haqq-ədalət hər zaman xalqımızın tərəfində olmuş və beləliklə də bu haqla, bu ədalətlə bütün arzu və istəklərimiz çin olmuşdur.

Milli Həmrəylik Gününün tarixini vərəqləsək, buna zaman yetməz. Çünki bu bayramın özəyində, fəlsəfi, ictimai-siyasi qatlarında dərin mətləblər yatır. Bu yerdə yada Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin bu əlamətdar tarixi hadisə ilə əlaqədar söylədiyi müdrik fikirlər yada düşür. O, deyirdi: “Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilib. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində minlyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”. Bəli, Ulu öndər Heydər Əliyevin bu dərin fikirləri Milli Həmrəylik Gününün məna və əhəmiyyətini mükəmməl şəkildə izah edir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin milli birlik, bərabərlik, həmrəylik siyasəti bu gün də ölkəmizdə uğurla davam etdirilir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin peşəkar fəaliyyəti, sistemli və səmərəli xidmətləri nəticəsində müstəqil və suveren Azərbaycanda milli birliyimiz, bərabərliyimiz, həmrəyliyimiz özünün ən yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. Elə bunun nəticəsidir ki, müqəddəs torpaqlarımızda, qədim Qarabağda həyat yenidən canlanır. Bir qədər də obrazlı desək, ata yurdumuzda, ana vətənimizdə, “havalanır Xanın səsi, Qarabağın şikəstəsi”.

Şükran Mustafayev,
Bakı şəhəri, 254 nömrəli tam orta məktəbin direktor müavini