2018-2024-cü illərdə Azərbaycanda müavinət və təqaüdlərdə 5 dəfə artım olub.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
"Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” sərəncamla yeni sosial paketə start verilib. Paket ümumilikdə 3 milyon vətəndaşımızı əhatə edəcək. O cümlədən, 1,1 milyon vətəndaşın pensiyalarında artım olacaq. Bundan başqa, minimum əməkhaqqı yüksəldilməsi nəticəsində 700 mindən çox vətəndaşımızın maaşlarında artım baş verəcək. 2018-ci ilin əvvəlindən minimum əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyə qədər artıma nail olunub. Bu dinamika gələn il də davam edəcək.
2025-ci ilki artımlar üçün əlavə olaraq 1,4 milyard manat ayrılacaq. Bu isə o deməkdir ki, 2018-ci ildən sonra dövlət başçısının göstərişi ilə reallaşdırılan sosial anketlərə 8.5 milyard manat əlavə vəsait ayrılır”, - deyə o qeyd edib.