29 dekabr 2024 15:07
199

Kürdəmirdə YAP tərəfindən bələdiyyə üzvlüyünə namizədlikləri irəli sürülən şəxslərlə görüş keçirilib

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının qərargahında 62 saylı Kürdəmir seçki dairəsi üzrə namizədlikləri Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş bələdiyyə namizədləri ilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin  və təyyarə qəzasında həlak olanların xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyası Kürdəmir  rayon təşkilatının sədri Ayaz Cəbrayılov  çıxış edərək YAP İdarə Heyətinin 2024-cü il 2 dekabr tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planında əks olunan əsas hərəkət və tədbirlər barədə məlumat vermişdir.

Ayaz Cəbrayılov  ölkəmizin dünya arenasındakı yeri, partiyamızın yarandığı şərait,  dövlətimizin mənafeyinin qorunması istiqamətində görülən işlər, bələdiyyə üzvlərinin, bələdiyyə üzvlüyünə namizədlərin hüquq və vəzifələri, bələdiyyə qanunları barədə daha geniş və ətraflı məlumat verib. Ayaz Cəbrayılov bildirib ki, YAP regionun ən böyük partiyasıdır. O, bu seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş şəxslərə  uğurlar arzu edib və qeyd edib ki, bu bələdiyyə seçkiləri də əvvəlkilər kimi daha mütəşəkkil, daha demokratik ruhda başa çatacaqdır.

Namizədlikləri Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş bələdiyyə namizədləri çıxış edərək göstərilən etimada görə öz təşəkkürlərini bildirmiş və partiyanın qələbəsinə əminliklərini ifadə etmişlər.

Sonda Ayaz Cəbrayılov  namizədlərlə bağlı fikirlərini, eləcə də qarşıda duran vəzifələrlə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini  bildirib.