İtaliyanın kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin AzTV-yə müsahibəsi zamanı Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması və sonrakı hadisələrlə bağlı səsləndirdiyi fikirləri diqqət mərkəzində saxlayır.
“İki sahil” xəbər verir ki, ANSA, “Aska news”, “La Repubblica”, “il Fatto Quotidiano”, “Sky TG24”, “Lettera 43”, “Rai”, “L`unione Sarda” kimi saytlarda dərc edilən yazılarda Prezident İlham Əliyevin müsahibəsində Azərbaycanın mülki təyyarəsinin Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə aldığını və idarəetməni demək olar, itirdiyini vurğuladığı qeyd edilir. Azərbaycan Prezidentinin təyyarənin radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salındığını, eyni zamanda, yerdən açılan atəş nəticəsində quyruq hissənin də böyük dərəcədə zədələndiyini bildirdiyi vurğulanır.
Materiallarda Prezident İlham Əliyevin Rusiyanın bəzi dairələrinin ilk üç gün ərzində təyyarə qəzası ilə bağlı cəfəng versiyalar səsləndirdiyini, Rusiya tərəfinin məsələni ört-basdır etmək istədiyini vurğuladığı bildirilir. Eyni zamanda, Azərbaycanın Rusiya tərəfindən öz günahını etiraf etməyi və günahkarları cəzalandırmağı, cinayət məsuliyyətinə cəlb etməyi və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməyi şərt qoyduğu diqqətə çatdırılır.
Həmçinin yazılarda Rusiya Prezidenti Vladimir Putinin dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı telefon danışığı zamanı baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlıq ifadə etdiyi xatırladılır.
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir
Prezident gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısının genişləndirilməsini təsdiq edib
Ceyhun Bayramov: Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb