Yalnız bir paket çay insan orqanizmi üçün təhlükəli olan milyardlarla mikroplastik hissəcikləri buraxa bilər. “Daily Mail” Barselona Muxtar Universitetinin alimlərinə istinadən yazıb.
Onların fikrincə, bu hissəciklərin əksəriyyəti bağırsaqlar tərəfindən sorulur, lakin onların bir hissəsi genetik materialın olduğu insan hüceyrələrinin nüvələrinə daxil ola bilir.
"Erkən araşdırmalar göstərib ki, qida qablaşdırması mikroplastiklərin əsas mənbəyidir", -deyə məqalə müəllifləri yazıb.
Alimlər mikroplastiklərin insan sağlamlığına mümkün təsirindən ciddi narahatdırlar. İnsanlar mikroplastikləri nəfəs alma, yemək və içmə yolu ilə qəbul edirlər. Lakin onun bütün aspektləri öyrənilməyib
Nəşr polipropilen çay paketlərinin ən təhlükəli olması və hər millilitrdə orta hesabla 1,2 milyard mikroplastik hissəcik buraxması ilə bağlı məlumatlara istinad edir. Neylon torbalar hər millilitrdə 8,18 milyon hissəcik buraxır.
Xatırladaq ki, əvvəllər Quançjou Tibb Universitetinin və Jinan Universitetinin tədqiqatçıları sübut etmişdilər ki, qaynar su mikroplastiklərin 84%-ni təmizləyir. Çin alimlərinin vurğuladığı qaynama prosesi mikroplastiklərin 90%-ə qədərini sərt sudan, 25%-ə qədərini isə yumşaq sudan təmizləyir.
Qeyd edək ki, mikroplastiklər daxili orqanlara zərər verir və bağırsaq xərçənginə səbəb olan zəhərli maddələr buraxır.
Nubar Süleymanova, “İki sahil”