İngiltərənin paytaxtı London şəhəri doğum nisbətlərinin aşağı düşməsi və gənc miqrantların azalması səbəbindən ölkənin ən tez qocalan şəhəri olub.
'Resolution Foundation' tədqiqat mərkəzinin araşdırmasına görə, Londonda orta yaş 2011-ci ildə 33,8 olduğu halda, son 10 ildə bu rəqəm 2 il artaraq 35,8-ə çatıb.
Eyni dövrdə digər böyük şəhərlərdə orta yaş yarım il azalaraq 34,5-ə düşüb. Ölkənin ən yaşlı bölgəsi olan Şimali Norfolkda orta yaş 55,3 olduğu halda, ən gənc bölgə olan Tower Hamletsdə bu nisbət 30,6 olaraq qeyd edilib.
Araşdırmalara görə, paytaxt Londonun qocalma sürətinin digər böyük şəhərlərdən fərqli olmasının iki əsas səbəbi var. Birincisi, Londonda doğum səviyyəsi 2000-ci illərdə 1000 nəfərdə 16-olduğu halda, 2010-cu illərdə bu rəqəm 14-ə düşüb. Bu azalma İngiltərə və Uelsdə daha məhduddur.
İkinci səbəb isə gənc miqrantların Brexitdən sonra Londonda daha az cəmləşməsidir. Təqiqat mərkəzi böyük yaş fərqlərinin xüsusilə kənd və sahil ərazilərində ictimai xidmətlərə ciddi təzyiq göstərəcəyini vurğulayıb.
Bildirilib ki, doğum səviyyəsinin aşağı olması və yaşlı əhalinin artması ilə əlaqədar səhiyyə və sosial infrastruktur xidmətlərinin yenidən təşkil edilməsinə ehtiyac yaranıb.
Vüsal Cahanov, “İki sahil”