11 yanvar 2025 00:39
77

Düşünülmüş siyasət, dinamik inkişaf, yüksələn sosial rifah

Sosialyönümlü bazar iqtisadiyyatı yolu ilə inamla irəliləyən Azərbaycanın uzunmüddətli davamlı və sürətli inkişafını şərtləndirən cəmiyyət, biznes və dövlət üçlüyünün formulu ixrac imkanlarımızı şaxələndirir

Son illərdə düşünülmüş siyasət nəticəsində iqtisadi inkişafı dinamik sürətlə artan, beynəlxalq əlaqələri və nüfuzu yüksələn Azərbaycan eyni tərəqqi yolu ilə irəliləyir. İqtisadi inkişaf sahəsində qazanılan gəlirlərin, formalaşan maliyyə imkanlarının artması ilə təkmilləşən makroiqtisadi sabitlik ölkə iqtisadiyyatının şaxələndirilməsinə, yeni istehsal sahələrinin yaranmasına geniş imkanlar yaratmışdır. İşğaldan azad edilmiş ərazilərdə qısa müddətdə aparılan tikinti, abadlıq işləri, yol, nəqliyyat, enerji infrastrukturlarının yenilənməsi, icrası nəzərdə tutulan mühüm əhəmiyyətli layihələrin həyata keçirilməsi üçün güclü potensial yaranmışdır. Başqa sözlə deyilsə, bölgədə təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişafı Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın regionda artan mövqeyini daha da gücləndirir. 2030-cu ilə qədər ölkəmizin sosial-iqtisadi inkişafının əsas prioitetlərinin reallaşması üçün nəzərdə tutulan vəzifələrin həlli ilə Azərbaycan sosialyönümlü bazar iqtisadiyyatı yolu ilə inamla irəliləyir. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi üçün yaradılan şərait ixrac imkanlarımızı da genişləndirir. Qarşıdakı illər üçün nəzərdə tutulan dayanıqlı rəqabətqabiliyyətli iqtisadiyyata, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətə, hazırlıqlı insan kapitalına və müasir innovasiyalar məkanına çevrilən respublikamızın islahatlar ölkəsi kimi nümunə göstərilməsi konseptual inkişafın məntiqi nəticəsidir. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramının nəzərdə tutulan mərhələlər üzrə həlli , təmiz ətraf mühit və «yaşıl artım” ölkəsi» olmaq üçün ölkəmizdə yaranan güclü iqtisadi potensialın daha da artırılması üçün artıq möhkəm təməl formalaşmışdır. Özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafı üçün həyata keçirilən Ailə Biznesinə Asan Dəstək (ABAD), DOST, «ASAN xidmət» kimi layihələrə artan maraq makroiqtisadi sabitliyin əsas meyarı olmaqla sosialyönümlü islahatllar kimi də vətəndaşlar tərəfindən dəstəklənir. Beynəlxalq səviyyədə öyrənilir və tətbiq olunur.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində yola saldığımız ildə qazanılan uğurlardan bəhs etməklə prioitetləri də diqqətə çatdıran Prezident İlham Əliyevin 2024-cü ili uğurlu dövr adlandırması da təsadüfi deyil.
Bu gün planetimizin müxtəlif bölgələrində narahatlıq doğuran hadisələr, siyasi, iqtisadi böhranlar, müharibələr, qarşıdurmalar, münaqişələr təbii ki, dünya iqtisadiyyatına da təsir edir. Qlobal problemlər dövlətlərarası münasibətlərdə də hiss olunur. Qlobal şəraitdə Cənubi Qafqazda yaratdığı yeni reallıqları, iqtisadi uğurları ilə beynəlxalq müstəvidə mövqeyini möhkəmləndirən Azərbaycan başqaları üçün nümunədir.

Belə mürəkkəb şəraitdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, stabilliyin qorunması üçün həyata keçirilən islahatlar uğurla nəticələnmişdir. Ermənistanın işğalından azad edilən ərazilərdə Böyük Qayıdış Proqramına uyğun aparılan bərpa-quruculuq işləri inamla, sürətlə davam etdirilir, yeni istehsal sahələri yaradılır. «Qarabağa və Şərqi Zəngəzura isə gələn il biz 4 milyard manat ayırırıq. Bunun tam əksi ola bilərdi. Sadəcə olaraq, Ermənistan və onun arxasında duran və onlara pis məsləhətlər verən ölkələr buna imkan vermir» sözləri ilə bütün çətinliklərə baxmayaraq ölkə miqyasında iqtisadi inkişafın dayanıqlığını yüksək qiymətləndirən Prezident İlham Əliyevin vurğuladığı kimi, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması daha ciddi fəallıq tələb edir.

«Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir - həm yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində. Gələn il təbii ki, oraya qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq. Onu da bildirməliyəm ki, 2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb və bundan sonra da Böyük Qayıdış proqramının icra edilməsi bizim üçün prioritet məsələ olacaqdır» sözləri ilə vəzifələrin həlli üçün ölkə iqtisadiyyatının inkişafına diqqətin daha da artırılacağını bildirən Prezident İlham Əliyev ötən ildə qazanılan uğurlu göstəriciləri stastistik rəqəmlərlə diqqətə çatdırdı: «Bu il ümumi daxili məhsul 4 faizdən çox, qeyri-neft sektorunda ümumi daxili məhsul 6 faizdən çox, qeyri-neft sənaye sahəsində isə artım 7 faizdən çox olub. Biz öz valyuta ehtiyatlarımızı artırmışıq və hazırda 72 milyard dollardan çox valyuta ehtiyatlarımız var. Eyni zamanda, xarici borcumuzu da azaltmışıq və bu gün Azərbaycanın xarici borcu cəmi 5,2 milyard dollardır. Yəni, başqa sözlə desək, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. İndi əgər bu rəqəmlərə yaxın olan rəqəm hər hansı bir inkişaf etmiş ölkədə varsa, onu mənə göstərsinlər. Bütün bu işləri görməklə yanaşı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, hərbi gücümüzün artırılması, sosial layihələrin icra edilməsi ilə yanaşı, biz bax, bu önəmli makroiqtisadi rəqəmləri əldə etmişik. Həm borcumuzu azaltmışıq, həm ehtiyatlarımızı artırmışıq və bu, imkan verir ki, biz geniş sosial proqramlar icra edək. Deyə bilərəm ki, 2019-cu ildən bu yana dörd sosial paket layihəsi, proqramı icra edilmişdir. Gələn il beşinci paket icra ediləcək. Bu layihələrə ayrılan və ayrılacaq vəsait 7,5 milyard manat olacaq.» Ötən il dünyada baş verən gərginliklər fonunda ölkəmizdə ümumi daxili məhsulun 4 faizdən çox artması, qeyri-neft sənaye sektorunda artımın 7 faizi üstələməsi Azərbaycanın artan iqtisadi qüdrətinin göstəricisidir.

Bəllidir ki, hər bir ölkə vətəndaşlarının rifahının əsas göstəricisi iqtisadiyyatın inkişafı ilə birbaşa bağlıdır. Ölkəmizdə bu sahədə əldə olunan uğurlar da sevindiricidir. Dövlətimizin iqtisadi inkişafı gücləndikcə vətəndaşlarımızın sosial müdafiəsinin etibarlı təminatı istiqamətində də mühüm addımlar atılır. İqtisadi inkişaf, gəlirlərin artması bütün sosial sahələrə də müsbət töhfəsini verir. Bütün bunlar Prezident İlham Əliyevin uzaqgörən siyasəti və cəsarətli addımları sayəsində mümkün olub. Son bir neçə il ərzində dörd sosial paket həyata keçirildi və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərcləndi. Bundan sonra da sosial və iqtisadi inkişaf paralel olaraq gedəcək. «İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik» söyləyən Prezident İlham Əliyev həmişə olduğu kimi, qarşıdakı illərdə də vədinə sadiq qalacaq

Ötən illərdə həyata keçirilən «sosial paket» islahatları 2025-ci ildə daha zəngin, məqsədyönlü və çoxşaxəli olacaq. 2025-ci ildən başlayaraq minimum əməkhaqqı 345 manatdan 400 manata, minimum pensiya isə 280 manatdan 320 manata qaldırılacaq. Artım təxminən 14-15 faizdir. Yəni, yenə də bütün bu böyük investisiya, sərmayə qoyuluşu layihələrinin icrasına baxmayaraq, sosial sahə, insanların güzəranı, sosial müdafiəsi daim diqqət mərkəzində olacaqdır. Prezident İlham Əliyevin «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında»” Sərəncamına əsasən, Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edildi. Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları 15 faiz artırıldı. Əlbəttə ki, ölkəmizin iqtisadi imkanları artdıqca ilk növbədə əhalinin rifahının daha da yaxşılaşdırılmasını nəzərdə tutan tədbirlər davamlı olacaq. 2025-ci il üçün 41 milyard manat olan dövlət büdcəsi də Azərbaycan tarixində rekord göstəricidir. Məntiqi nəticə budur ki, ölkəmizdə aparılan iqtisadi islahatlar, idarəetmədə şəffaflığın təmin edilməsi gəlirlərimizin artmasına müsbət təsir göstərir. Büdcəmizin rekord səviyyədə olması uzun illər aparılan iqtisadi islahatların, inhisarçılığa, korrupsiyaya qarşı mübarizənin, investisiya mühitinin yaxşılaşdırılmasının, idarəetmədə yeni modellərin müsbət nəticələridir. Qarabağ və Şərqi Zəngəzurda bu qədər tikinti-quruculuq işlərinin getdiyi bir zamanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində belə bir addımların atılması dövlətimizin artan maliyyə imkanlarının göstəricisidir.

Yuxarıda qeyd olunduğu kimi, 2030-cu ilə qədər ölkəmizin sosial-iqtisadi inkişafının əsas prioritetləri arasında beynəlxalq səviyyədə dəstəklənən Yaşıl energi gündəliyi xüsusilə fərqlənir. Ötən ilin sonlarında Azərbaycanda COP29 iqlim konfransının keçirilməsi müstəqillik tariximizdə ən böyük tədbir olmaqla planetimiz üçün ciddi təhlükə yaradan iqlim dəyişikliyi ilə bağlı problemlərin aradan qaldırılması üçün beynəlxalq auiditoriya kimi diqqəti cəlb etdi. Dünyada baş verən hadisələr təsdiqləyir ki, böyük- kiçikliyindən asılı olmayaraq bütün dövlətlər müxtəli səviyyədə iqlim dəyişikliyinin mənfi təsirinə məruz qalır. İqtisadi müstəqilliklə siyasi müstəqillik dövlətin varlığı üçün eyni dərəcədə vacibdir. İqlim dəyişiklikləri iqtisadiyyatın bütün sahələrinə təsir etməklə insanların həyatı və yaşam tərzi üçün ciddi təhlükələr yaradır. Bu təhlükələri yaradan maneələrin aradan qaldırılması üçün lazımi maliyyə mənbələrinin Azərbaycanda keçirilən COP29-da müəyyənləşdirilməsində ölkəmizin artan iqtisadi inkişafının təsiri inkaredilmzdir. «Bəli, bizim üçün COP29 böyük bir çağırış və böyük imkan idi. Bizim vəzifəmiz bu çağırışı uğura çevirməkdən ibarət idi. Əlbəttə, biz tam dərk edirdik ki, Azərbaycan istixana qazlarının emissiyası baxımından o qədər də böyük paya sahib deyil və bu işdə dünyanın bir araya gəlməsində mühüm rol oynaya bilməz. Lakin hesab etdik ki, beynəlxalq təşkilatlarda fəaliyyət təcrübəsi və şaxələndirilmiş xarici siyasət bizə körpülər qurmaqda yardımçı olacaq» sözləri ilə bu tədbirin ölkəmiz üçün əhəmiyyətini qürur hissi ilə açıqlayan Prezident İlham Əliyev bir daha Azərbaycanın sivilizasiyalar arasındakı rolunu və mövqeyini yüksək dəyərləndirdi. Qoşulmama Hərəkatına sədrliyi müddətində həyata keçirdiyi, beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən Azərbaycanın əldə etdiyi uğurlar COP29-da bir daha təsdiqləndi. Təşkilatçılıq baxımından bütün dünya ictimaiyyəti tərəfindən uğur hekayəsi adlandırılan COP29 təkcə Azərbaycan deyil, dünya iqtisadiyyatı üçün önəmli notlarla yaddaşlarda qaldı. «Nəticələrə gəldikdə, çoxları bunu Bakı Nailiyyəti adlandırır və mən bununla razıyam. Çünki təqribən 10 il ərzində tərəflər karbon bazarı ilə bağlı razılığa gələ bilmirdi və COP-un ilk günlərində artıq uğur əldə edildi – karbon bazarına dair Paris Sazişinin 6-cı maddəsi üzrə razılıq əldə edildi. Bu, əhəmiyyətli uğur idi və hər kəs bundan məmnun qaldı. Yəni, on il ərzində razılaşdırıla bilinməyən məsələ Bakıda öz həllini tapdı» sözləri ilə konfransın mahiyyətini açıqlayan Prezident İlham Əliyevin vurğuladığı kimi, dünya iqtisadiyyatının tənəzzüldən xilas yolunun ölkəmizdə müəyyənləşdirilməsi Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı. COP29-dan əvvəl razılaşdırılmış rəqəm 100 milyard dollar idisə Bakıda bu rəqəm 300 milyard dollar həcmində müəyyənləşdirildi. Azərbaycanın qlobal yaşıl keçid və yaşıl gündəliyə uyğun təşəbbüsləri dəstəkləndi. Bir neçə il bundan əvvəl qəbul olunan, lakin hələ də razılıq əldə etməyin mümkün olmadığı Paris Sazişinin 6.4-cü maddəsi üzrə razılaşmaya Bakıda nail olunması Azərbaycanın daha bir diplomatik uğuru oldu. Bu nailiyyətlər Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyinin, dünya iqtisadiyyatına töhfəsinin, ölkəmizin beynəlxalq ictimaiyyətə təqdimatı idi.

Xuraman İsmayılqızı, «İki sahil»