14 yanvar 2025 13:33
106

STM-in Qərbi azərbaycanlılar arasındakı sorğusu Ermənistan tərəfinin yalanlarını ifşa edib

Sosial Tədqiqatlar Mərkəzi (STM) Qərbi azərbaycanlılar arasında sorğu keçirib.

“İki sahil” xəbər verir ki, STM-dən verilən məlumata görə, sorğunun nəticələri Ermənistan hökumətinin mövqeyinin və xarici işlər nazirinin mətbuata açıqlamalarının saxta olduğunu, səsləndirilən fikirlərin regional həqiqətləri təhrif etdiyini, azərbaycanlıların indiki Ermənistan ərazisindən könüllü şəkildə ayrılması barədə bəyanatın real faktlarda ziddiyyət təşkil etdiyini və onların etnik təmizləmə siyasətinin qurbanı olduğunu ortaya çıxarıb.

Belə ki, Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan 8 yanvar 2025-ci ildə keçirilən mətbuat konfransında “biz heç vaxt sovet dövründə Ermənistanda azərbaycanlıların yaşadığını, Sovet İttifaqının dağılması ilə birlikdə Ermənistanı tərk etdiklərini gizlətməmişik. Azərbaycanlılar Ermənistanı heç bir məcburi köçkünlük olmadan, sivil şəkildə tərk ediblər. 100 ailə mənzillərini satıb, 12 mindən çox ailə Azərbaycanda yaşayan ermənilərlə mənzillərini dəyişib. 160 mindən çox insan Ermənistan hökumətindən təzminat alıb” - deyə, bildirmişdi.

Xarici işlər nazirinin bəyanatından bir neçə gün əvvəl bu bəyanatın tam əksini sübut edən Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşündə Qərbi Azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti ilə bağlı çıxışı ictimailəşmişdi.

STM Ermənistan Xarici işlər nazirinin sözügedən açıqlamalarını nəzərə alaraq, sorğu iştirakçılarına tarixi torpaqları tərk edərkən Ermənistan hökuməti tərəfindən onlara hər hansı kompensasiya ödənilib-ödənilmədiyi barədə sual ünvanlanıb. Onların arasında kompensasiya aldığını bildirən olmayıb. Sorğuda iştirak edənlərin 98,5%-i heç bir kompensasiya almadıqlarını bildirib. 1,5%-i rəy bildirməkdə çətinlik çəkib.

Beləliklə, sorğunun nəticələri 160 mindən çox azərbaycanlının Ermənistan hökumətindən təzminat alması iddialarının saxta olmasına dair faktiki sübut əhəmiyyətində qiymətləndirilə bilər.

Qeyd edək ki, sorğunun geniş nəticələri ictimaiyyətə açıqlanacaq. Sorğular 2025-ci ilin 9-12 yanvar tarixlərində, 1000 nəfər Qərbi Azərbaycanlı arasında keçirilib. Seçmə çərçivəsi onların əvvəllər yaşadıqları tarixi rayon və şəhərlər üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib.

Məlumatların toplanılmasında kompüter dəstəkli telefonla müsahibə üsulundan istifadə olunub. Sorğular könüllü iştirak əsasında aparılıb və anonimlik təmin edilib. Respondentlərə nəticələrin yalnız tədqiqat məqsədləri üçün ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edir.