16 yanvar 2025 17:12
90

Şitan Cao: “Azərişıq” ilə “Donfang Electronics Corporation” arasında əməkdaşlıq üçün böyük potensial mövcuddur

“Azərişıq” ilə “Donfang Electronics Corporation” arasında əməkdaşlıq üçün yaxşı baza və böyük potensial mövcuddur.

“İki sahil” xəbər verir ki, bunu Trend-ə "Donfang Electronics Corporation" şirkətinin Baş direktor müavini Şitan Cao deyib.

O bildirib ki, 2024-cü ilin noyabr ayında Çin geniş tərkibli nümayəndə heyəti ilə Bakıda keçirilən COP29 konfransında iştirak edib:

"Bu tədbir çərçivəsində Çinin “Donfang Electronics Corporation” şirkətinin idarə heyətinin sədri Fang Zhengji “Azərişıq” ASC-nin rəhbər heyəti ilə dostcasına görüşərək səmimi müzakirələr aparıb. 2024-cü ilin dekabr ayında “Azərişıq”ASC-nin nümayəndə heyəti Çinə, “Donfang Electronics Corporation”-a cavab səfəri edib. Tərəflərin qarşılıqlı səfərləri gələcək əməkdaşlıq üçün möhkəm təməl qoyub.

Bu günlərdə biz Azərbaycana gəlib “Azərişıq”ın əməkdaşları ilə dərin müzakirələr apararaq müxtəlif obyektlərə baş çəkmişik. Biz görmüşük ki, “Azərişıq” ağıllı şəbəkə (Smart Grid) və yaşıl enerji (Green Energy) sahəsində çox yaxşı ideya və təşəbbüslərə malikdir və bu istiqamətlərdə innovativ yeniliklər həyata keçirir.

“Donfang Electronics Corporation” qlobal səviyyədə tanınmış Çin enerji şirkəti olaraq dünyanın 50-dən çox ölkəsində fəaliyyət göstərir. Şirkət elektrik paylayıcı və ötürücü sistemlər üzrə tam sənaye zəncirinə və həll yollarına malikdir, həmçinin ağıllı elektrik şəbəkələrinin yenidən qurulması və tikintisi, elektrik SCADA sistemlərinin inkişafı və tətbiqi, yaşıl enerjinin inkişafı və tikintisi sahəsində zəngin təcrübəyə sahibdir. Buna görə də “Azərişıq” ilə “Donfang Electronics Corporation” arasında əməkdaşlıq üçün yaxşı baza və böyük potensial mövcuddur".

"Bu gün biz Qarabağa səfər etdik və müharibənin dağıdıcı izlərini, xarabalığa çevrilmiş evləri gördük. Lakin eyni zamanda, müharibədən sonrakı bərpa işlərinin çox sürətlə irəlilədiyinə şahid olduq. Yollar, evlər və enerji infrastrukturu da daxil olmaqla bir çox sahələrdə müasir texnologiyalardan istifadə edilir. Bu, Azərbaycan Prezidenti və xalqının böyük nailiyyətidir. Biz Füzuli yarımstansiyasına baş çəkdik və bu yarımstansiyanın inşasında qabaqcıl rəqəmsal texnologiyaların tətbiq edildiyini gördük. Mütəxəssislərimiz bu texnologiyaları yüksək qiymətləndirdilər.

Hazırda şirkətimiz ilə “Azərişıq” SCADA sistemi, Qarabağ regionunun ağıllı elektrik şəbəkəsinin qurulması və yaşıl enerjinin inkişafı sahəsində əməkdaşlıq edir. Biz Azərbaycanın ağıllı elektrik şəbəkələrinin yenidən qurulmasına və yaşıl enerjinin inkişafına Çin təcrübəsini və gücünü qatacağımıza ümid edirik.

Bu günlər ərzində Azərbaycan xalqının qonaqpərvərliyini və mehribanlığını dərindən hiss etdik. Bir daha “Azərişıq”ın bütün kollektivinə səmimi təşəkkürümüzü bildiririk! Sizi yüksək səviyyəli qonaqpərvərliyiniz və effektiv işləriniz üçün təbrik edirik! Təşəkkür edirik!", - deyə o əlavə edib.