Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Botçorişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli formatda davam etdirilib.
Nazir Ceyhun Bayramov keçən ilin oktyabr Gürcüstanda parlament seçkilərinin uğurla keçirilməsi, yeni hökumətin formalaşdırılması və bu hökumətin tərkibində xarici işlər naziri təyin edilməsi münasibətilə həmkarına təbriklərini çatdırıb.
Görüşlər zamanı Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, təhlükəsizlik, iqtisadi və humanitar ölçüləri və eləcə də regional gündəlikdə duran aktual məsələlər barədə müzakirələr aparılıb.
Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərimizin hazırkı səviyyəsindən razılıq ifadə olunub, ölkələrimizin ali rəhbərliyi səviyyəsində təşəkkül tapmış fəal siyasi dialoqun əlaqələrimizin sağlam təməlini təşkil etdiyi vurğulanıb.
İki ölkənin müxtəlif dövlət qurumları arasında ənənəvi sıx təmaslar və qarşılıqlı səfərlərin, o cümlədən hökumətlərarası və parlamentlərarası praqmatik əməkdaşlığın strateji tərəfdaşlığımıza töhfəsindən bəhs olunub.
Beynəlxalq və regional formatlarda ölkələrimizin bir-birinin legitim maraqlarına hörmət və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığının təqdirəlayiq olduğu bildirilib.
Azərbaycan və Gürcüstan arasında iqtisadi sahədə əməkdaşlığın hazırkı durumuna toxunulub, ölkələrimizin uğurlu regional əməkdaşlığı sayəsində ərsəyə gəlmiş Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və Cənub Qaz Dəhlizi kimi irimiqyaslı layihələrin regionumuzda və daha geniş coğrafiyada iqtisadi inkişaf və sosial rifahın yüksəldilməsində əhəmiyyətli rol oynadığı vurğulanıb.
Son zamanlar Azərbaycan və Gürcüstan arasında yaşıl energetika və kommunikasiya sahələrində konkret layihələr üzrə əməli addımların atıldığı, bu layihələrin təmiz enerji təchizatçısı və böyük data ötürücüsü kimi ölkələrimizin əhəmiyyətini qlobal səviyyədə artırmaqla yanaşı, uzun perspektivdə iqtisadiyyatlarımızın dayanıqlı inkişafına əlavə impuls verəcəyi qeyd olunub.
17 yanvar tarixində Bakı şəhərində Azərbaycan və Gürcüstan arasında İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 10-cu, yubiley iclasının keçirilməsi fonunda ikitərəfli və regional iqtisadi-ticarət əlaqələrimizin inkişafında müsbət rol oynayan Komissiyanın vacibliyi vurğulanıb.
Azərbaycan-Gürcüstan dövlətlərarası münasibətlərində humanitar ölçünün önəmi qeyd olunub, turizm, təhsil, elm, mədəniyyət sahələrində təmaslar, mübadilələr və işbirliyinin genişləndirilməsinin əhəmiyyətindən danışılıb.
Nazir Ceyhun Bayramov həmkarına Azərbaycanın Ermənistan ilə dövlətlərarası münasibətlərin normallaşdırılması və yekun sülh sazişinin imzalanması istiqamətində göstərdiyi səylər barədə məlumat verib. Bu səylərin eyni zamanda, bütün Cənubi Qafqaz regionunda sülh və sabitliyin təşəkkülü, inklüziv regional əməkdaşlıq və inkişaf naminə edildiyi vurğulanıb.
Bununla belə, Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddialarının qalması, Ermənistanın sürətlə silahlanması və revanşizmə meyllənməsinin sülh prosesini zərbə altında qoyduğu diqqətə çatdırılıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra nazirlər görüşün nəticələri ilə bağlı mətbuat konfransında bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla gürcüstanlı həmkarı Maka Boçorişvilinin geniş tərkibdə görüşü olub.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.
Görüş çərçivəsində tərəflər Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, təhlükəsizlik, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, humanitar, habelə regional və qarşılıqlı maraq doğuran beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Ceyhun Bayramov həmkarına münaqişədən sonrakı yenidənqurma, minalardan təmizləmə və sülh səyləri, eləcə də davam edən sülh prosesində mövcud problemlər barədə məlumat verib.