16 yanvar 2025 19:57
85

İKZF zəmanəti ilə sahibkarlara verilən kreditin həcmi açıqlanıb

Ötən il dekabrın 31-nə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) təqdim etdiyi zəmanət hesabına müvəkkil banklar tərəfindən sahibkarlara 549,5 milyon manat məbləğində kreditlərin verilməsi təmin olunub.

Fonddan “İki sahil”ə bildirilib ki, 2024-cü ildə müvəkkil banklar tərəfindən 118,6 milyon manat həcmində kredit verilib.

Sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması və ödəniş yükünün azaldılması məqsədilə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına fond tərəfindən 2018-2024-cü illərdə sahibkarlıq kreditlərinə hesablanmış faizlərə görə 47,4 milyon manat məbləğində subsidiya verilib.

Zəmanət verilmiş kreditlər üzrə banklar tərəfindən müəyyənləşən orta faiz dərəcəsi 14,4 faiz olduğu halda, subsidiya hesabına borcalanlar tərəfindən 6,2 faiz həcmində faiz ödənilib. Zəmanət verilmiş kreditlər əsasən iqtisadiyyatın turizm və ictimai iaşə, ticarət, tikinti və kənd təsərrüfatı, sənaye sektorlarına, eləcə də sənaye məhsullarının istehsalı və emalı, qida sənayesi məhsullarının, habelə maşın və avadanlığın istehsalına yönəldilib. Verilən kreditlər hesabına maliyyələşən biznes layihələri çərçivəsində 6,5 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulub.